“Makronun anti-Azərbaycan planı iflasa uğrayıb” - “Le Fiqaro”

SİYASƏT 28.03.2024 2970
Fransanın məşhur "Le Fiqaro” nəşri Azərbaycana qarşı növbəti qərəzli məqaləsi ilə gündəmə gəlib.

"Saat24.az" "Report”a istinadən xəbər verir ki, məqalədə Fransa Prezidenti Emmanuel Makronun yürütdüyü siyasətin uğursuzluğu, fəsadları tənqid atəşinə tutulsa da, pərdəarxası məqamda Fransa hökumətinin Azərbaycana qarşı çirkin siyasəti ortaya qoyulur.

Yelisey sarayının tezisləri ilə işləyən "Le Fiqaro” qəzeti yazır ki, Makron ermənilərin taleyinə səmimi olaraq biganə yanaşmayan yeganə liderdir, amma Fransanın təşəbbüsləri nəticə vermir. Məsələn, ötən illər Qarabağa dair Fransanın təşkil etmək istədiyi konfrans ABŞ-ın etirazı səbəbindən baş tutmamışdı;

Məqalədən məlum olur ki, 2022-ci ilin oktyabrında Makron "erməni məsələsini” Roma Papası ilə də müzakirə etmək istəyib və Roma Papasını ziyarət edərkən, özü ilə ermənipərəst yazıçı Sylvain Tessonu da aparmışdı ki, sonuncu Ermənistanla bağlı məsələni qaldırsın. Amma Vatikandan da istədiyi dəstəyi ala bilməyib; (https://www.lefigaro.fr/international/la-disparition-du-haut-karabakh-chronique-d-une-promesse-francaise-impossible-20240324)

Bu məlumatları sızdırmaqla Yelisey sarayı Azərbaycana qarşı planlarının iflasa uğramasına görə məsuliyyəti ABŞ-nin, Vatikanın və digərlərinin üzərinə atmaq istəyir, çünki Makron Prezident İlham Əliyevə məğlub olduğunu etiraf etmək istəmir. Makron məhz İ.Əliyevə məğlub olub.

Fransanın "Le Figaro” nəşrində "Dağlıq Qarabağın yox olması, reallaşdırıla bilinməyən fransız vədinin xronikası” adlı məqalə dərc olunub. Həmin məqaləni olduğu kimi təqdim edirik:

"Erməni anklavının Azərbaycan tərəfindən ildırımsürətli istilasından 6 ay sonra "Le Figaro” Fransanın Ermənistanla əlaqələrinə görə xüsusi olaraq gözləndiyi dosyenin siyasi kulislərinə yenidən qayıdır.

Fransaya Azərbaycanın blokadası nəticəsində 8 ay ərzində təcrid qalmış Dağlıq Qarabağ ermənilərinin yardımına gəlməsi üçün təzyiq etmək məqsədilə Silven Tessonun xəyalına gətirdiyi bütün fikirlərdən bəlkə də bu, ən fantastik olub. Jan Dujardini prezident rolunu oynamağa məcbur etmək və azərbaycanlılar tərəfindən blokada edilmiş anklava aparan yol – Laçın dəhlizinə qədər yürüş təşkil etməkdir. Aktyor yazıçı tərəfindən hazırlanmış mətni oxumalı idi, o sözləri ki, dövlət başçısı özü əraziyə gəlsəydi onları ifadə edə bilərdi. Çünki Tesson əmindir: Emmanuel Makronun səfəri məsələləri dəyişə bilərdi. Məgər Emmanuel Makron "France 2”-nin canlı yayımında yazıçının 2022-ci ilin payızında "Le Figaro Magazine”- də dövlət başçısına qarşı olan dərc edilmiş açıq məktubuna cavab vermədimi: "Biz erməniləri heç bir zaman tərk etməyəcəyik”?

Bu ifadələr, iki il bundan qabaq Latviyanın paytaxtı Riqada dövlət başçısının "Azərbaycanı istila layihəsinə təşviq edən” Türkiyənin "hərbi ismarıclarını” qınayan ifadələrini xatırlatdı. Bakının Dağlıq Qarabağ regionunun 70%-ni götürdüyü 44 günlük müharibənin başlanmasından bir neçə gün qabaq dövlət başçısı döyüşkən tərzdə, bəyan etdi: "Biz bunu heç bir zaman qəbul etməyəcəyik. Fransa öz rolunda olacaq”. Artsaxın Fransadakı nümayəndəsi Hovhannes Guevorkyan yada salır: "Bu o qədər güclü idi! O qədər unikal idi!”

Qabaqcadan müəyyən edilmiş tale

Azərbaycanlıların iştahasını sakitləşdirmək üçün daha çox şey lazım idi. 2023-cü il 19 və 20 sentyabrda Azərbaycan Dağlıq Qarabağın yaşayış məntəqələrinə qarşı ordusunu hücuma keçirtdi. 24 saat ərzində 200-dən çox erməninin öldürülməsi və 400-ünün yaralanması yerli hakimiyyəti silahı yerə qoymağa məcbur etdi. Artsaxlılar özlərini, o cümlədən laqeydliklə parıldayan erməni baş naziri Nikol Paşınyan tərəfindən tərk edilmiş hiss edirlər. 120 000 mülki şəxs qədim dövrdən yaşadığı və 5-ci əsrdə xristianlaşdırılmış bu dağlıq ərazini, öz torpağını tərk etdi. Qondarma Dağlıq Qarabağ respublikası öz rəsmi süqutunu elan etdi. Həmin dövrdən, qınayıcı bəyanatlar xaric, Bakı heç bir sanksiyaya məruz qalmadı. Lakin Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistan cənubunun onun növbəti hədəfi olması ilə bağlı xəbərdarlıq etməsindən sonra Paris Yerevanla hərbi əməkdaşlıq qurdu. Dekabrda, ordunun daşınması üçün 24 ədəd zirehli nəqliyyat vasitəsi və həmkarlarına yüksək dağlarda döyüş hazırlığı keçmək üçün 15 dağ atıcıları Qafqaza göndərildi. Fevralın ortasında Yerevana presedenti olmayan səfər çərçivəsində ordu naziri Sebastian Lekornu yeni hərbi avadanlığın göndərilməsini vəd etdi. Fransanın mövqeyi sürgün olmuş artsaxlıları birmənalı olmayan vəziyyətə salır: "Erməni diplomatik mənbəyə görə, Emmanuel Makron bəlkə də yeganə dövlət başçısıdır ki, həqiqətən də onların taleyindən narahatdır. Onun iştirakı səmimi olub. Mən deyə bilmərəm hansı o, uğurlu ola bilmədi”.

Yeliseydə bağlı qapılar arxasında

2023-cü ilin yanvar ayı, günorta radələrində, Dağlıq Qarabağ hələ blokada altındadır, bir qrup erməniyönümlü fəallar və jurnalistlər Yelisey sarayında toplaşıblar. Burada Paskal Brukner, Olivier Veber və futbolçu Yuri Djorkaeff də var. Prezident onlara diqqətlə qulaq asır, sonra söz alır. "Guilde européenne du Raid” QHT-sinin vitse-prezidenti Hugues Devavrin danışır ki, "o, bizə aşırı dərəcədə həssas olan bir sıra məsələ barəsində məlumat verdi”. "O, diplomatik müşaviri İzabelle Dumont ilə hazırladığımız qeydi mükəmməlcəsinə oxumuşdu”.

İlk növbədə prezidentin səfərini tövsiyə edirdi. Hugues Devavrin izah edir - "Mitteranın Sarayevoda etdiyini etmək, əraziyə getmək və bunun daha mümkün olmadığını bəyan etmək”. Qeyd həmçinin, qida və dərmanlardan məhrum edilmiş artsaxlıların yardımına gəlmək üçün humanitar konfransın təşkilini təklif edirdi. Və nəhayət, o, Fransanın mülki-hərbi əməliyyatının başlanmasını tövsiyə edirdi.

Sylvain Tesson yada salır ki, "Biz onun məsələyə yiyələnməsi səviyyəsindən heyran idik. O, Azərbaycanlıların iştahasını anlamışdı və bizdən daha çox bədbin idi – bu da normaldır, çünki o, bizdən daha yaxşı məlumatlıdır. O, artıq bilirdi ki, qurudan hücum olacaq”. Qısaca olaraq, intellektuallar mövzunun icraedici qurumda layiq olduğu yerdə olduğu əminliyi ilə çıxdılar. "Makron qarşıdan gələn geosiyasi qarışıqlıq fonunda məsələnin reallıqda Ermənistandan üstün olduğunu anlayırdı”.

Ora tək getməmək

Dövlət başçısı cavabında deyirdi "rəhbərlərlə müzakirə etmək üçün son şansı verin”. Danışıq yolu ilə çıxış tapmağa cəhd etmək üçün Emmanuel Makron bürosundan, Azərbaycan və Ermənistan rəhbərləri ilə boşuna çoxsaylı telefon danışıqları etdi. Diplomatik mənbə qeyd edir ki, "Bəlkə də o, Prezident İlham Əliyevlə ən çox danışan xarici liderdir”.

Humanitar Konfrans layihəsinə start verildi. Lakin heç bir izah olmadan, o, keçirilməsi nəzərdə tutulan tarixdən bir neçə gün əvvəl ləğv edildi. Diplomatik mənbə qeyd edir ki, "Bütün səylərimizə rəğmən, həmin dövrdə iştirakı gözlənilən tərəflər arasında minimal konsensus yox idi”. Müxtəlif mənbələrə görə, layihə Vaşinqtonun etirazı səbəbindən ləğv olundu. Ondan 6 ay sonra Parisdən heç bir yeni təşəbbüs irəli sürülmür.

Estafeti diaspora götürür. Fransadakı erməni təşkilatlarını koordinasiya edən CCAF-ın həmsədri Frenk Papaziyan da, öz növbəsində, Emmanuel Makrona humanitar yük aparması üçün təzyiq edir. Erməniəsilli fransız danışır ki, "O mənə deyir: bu çox yaxşı ideyadır, mən razıyam” və inanmaq istəyir ki, bu "səmimi” istək idi. Lakin bundan sonra heç bir şey baş tutmur. Frenk Papazyan əmin edir ki, bu yenə də "tərəfdaşların çatışmazlığındandır”.

Fransa niyə belə təkdir? Avropa tərəfindən - 27 ölkə Ukraynaya baxır. Bundan əlavə, Avropa İttifaqı və Bakı 2022-ci ilin iyulunda "enerji əməkdaşlığında yeni fəsil” açmaq üçün qaz sazişi imzalayıblar. Beləliklə, vahid mövqeyin olmamasından Azərbaycana sanksiya təklif edən heç bir qətnamə qəbul edilmədi. Erməni məsələsinə yaxından cəlb olunmuş "Renew”un avrodeputatı Natali Loiseau əmin edir ki, "Biz qətiyyətlə döyüşdük, lakin karbohidrogenlərə ümid bəsləyən bir neçə ölkə bu yolla getməyə hazır deyildi”. Bu xüsusda, o, İtaliya və Macarıstanı qeyd edir. Fransanın keçmiş naziri Almaniyaya gəlincə təəssüf hissi ilə qeyd edir ki, "o, Şarl Mişel kimi, təcavüzkarla təcavüzə məruz qalan arasında vasitəçiliyin mümkün olduğuna əmindir. Lakin bu birincinin tərəfini tutmaqdır”.

Hətta Vatikan kənardadır. 2022-ci ilin oktyabrında Roma Papasını ziyarət edərkən, Emmanuel Makron özü ilə Tessonu apardı ki, sonuncu Ermənistanla bağlı söz desin. Yazıçı katoliklərin rəhbəri və onun xarici işlər naziri Qallaqgherin biganəliyindən heyrətə gəldi. O söyləyir ki, "ermənilərin taleyini qeyd edəndə, hər ikisi tam biganəlik, hətta aqressivlik nümayiş etdirdilər”. Yazıçı acı bir şəkildə istehza edir: "Roma Papası yeni qlobal və bir - biri ilə əlaqəli bir dünyanın ortaya çıxması ilə çox məşğuldur, ona görə də ilk xristianlara qayğı göstərə bilmir. Erməni - bir xalqın müəyyən bir torpağa bağlılığı və müəyyən bir mənəviyyata mənsub olması deməkdir. Bu əbədi dəyişiklik ayaqqabısında bir daşdır. Ermənistan buna görə narahat edir. Vatikanda olduğum zaman başa düşdüyüm bu oldu”.

Ərazi vahidlərinin dəstəyi

Bu ümumi laqeydlik içərisində fransız dəstəyi fərqli şəkildə özünü göstərir. Senat bir çox qətnaməyə səs verir. Seçkilərdə seçilmiş şəxslər, xüsusilə də Auvergne-Rhône-Alpes regionunun prezidenti Laurent Vauquiez və avrodeputat François-Xavier Bellami səfərlər edirlər. Fransız ərazi vahidləri səfərbər olunur. Sol siyasi düşərgədə Anne Hidalgo Artsax istiqamətində humanitar yük göndərir. Xavyer Bertrandan başlayaraq ekoloqçu Janna Barsegyandan keçərək Bruno Retailleauya qədər sağçı və solçulardan ibarət balaca qrupla əhatə olunmuş Parisin meri 2023-cü ilin avqustun sonunda rus sülh əsgərlərinin saxladığı sərhədə qədər səfər edib. Lakin Île-de-France, Hauts-de-France, Occitanie və Pays de la Loire regionları, eləcə də Paris, Marsel və Strasburq şəhərlərinin loqosunu daşıyan və uşaq qidası və elektrik generatorlarla yüklənmiş yük maşınları digərləri kimi blok edilmiş vəziyyətdə qalırlar.

Parisin Minsk qrupunun həmsədri rolunun tələb etdiyi neytrallığı dərk edən Xarici İşlər Nazirliyi (ATƏT tərəfindən 1992-ci ildə Qafqazda münaqişənin həlli üçün yaradılmış Fransa, ABŞ və Rusiyadan ibarət vasitəçi qrup) sakit qalır. Ketrin Kolonna İrəvana yalnız Azərbaycanın 19 və 20 sentyabr 2023-cü il tarixli hərbi əməliyyatından sonra səfər edir. Ermənilərin kütləvi köçü fonunda fransız diplomatiyasının rəhbəri vəziyyətin "etnik təmizləməyə bənzəməsinin” mümkünlüyünü hesab edir və hərbi avadanlığın çatdırılmasını elan edir.

Bir neçə gün sonra İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın ziyarət etməkdən imtina edəcəyi Qranadadakı Avropa Sammitində Emmanuel Makron Bakıya qarşı "sanksiya vaxtının olmadığını” bəyan edəcək. O, Azərbaycanlı həmkarına "təzyiqi saxlamaq” və Ermənistanı "ən yaxşı şəkildə qorumaq” üçün zəng edəcəyinə dair öhdəlik götürəcək. Prezident Əliyevi heyrətləndirmək üçün kifayət etmədi. Azərbaycan Prezident Administrasiyası kommünikesində Fransanı Ermənistanı "silahlandırmaqla” Qafqazda "yeni müharibə hazırladığında” ittiham edəcək. Fevralda, 97% səslə yenidən seçilmiş İlham Əliyev öz inauqurasiya çıxışında bəyan edib ki, Ermənistanla mübahisəsində heç bir beynəlxalq vasitəçilik istəmir. Və Fransanın ünvanına "Öz işinizlə məşğul olun”, - deyə vurğulayıb.
 
XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top