Məhəmməd Əmin Rəsulzadənin anım günüdür

GÜNDƏM 06.03.2024 3292

Bu gün Azərbaycanın dövlət və ictimai xadimi, siyasətçi və publisist, Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) banilərindən və Azərbaycan siyasi mühacirətinin liderlərindən olmuş Məhəmməd Əmin Rəsulzadənin anım günüdür. Onun vəfatından 69 il ötür.

"Saat24.az" xəbər verir ki, o, 31 yanvar 1884-cü ildə Bakının Novxanı kəndində anadan olub.

Rəsulzadə hələ gənc yaşlarından Azərbaycan milli istiqlal hərəkatına başçılıq edib. Sosial demokratlarla birgə “Hümmət” təşkilatının yaranmasında rolu olub. Çarizmin təqiblərinə məruz qalaraq 1909-cu ildə İrana mühacirət edən Rəsulzadə bir müddət burada “İrane-nou” qəzetinin baş redaktoru kimi çalışıb, məşrutə inqilabı yatırıldıqdan sonra Türkiyəyə mühacirət edib.

1917-ci il oktyabrın 26-dan 31-ə qədər 500 nümayəndənin iştirakı ilə Bakıda təntənəli surətdə keçirilən Müsavat Partiyasının birinci qurultayına Məhəmməd Əmin Rəsulzadə Mərkəzi Komitənin sədri seçilib. Bu qurultaydan sonra Bakıda və Azərbaycanın bütün qəzalarında “Azərbaycana muxtariyyət” şüarı altında milli hərəkat başlayıb.

1917-ci ilin payızında M.Ə.Rəsulzadə Rusiya parlamentinə Azərbaycan və Türküstandan millət vəkili seçilib. 1918-ci il mayın 26-da Zaqafqaziya seymi daxili fraksiyaların çəkişmələri nəticəsində ləğv olunub. Həmin ayın 27-də seymin müsəlman fraksiyasına daxil olan müxtəlif partiyaların üzvlərindən ibarət olan Azərbaycan milli şurası yaranıb. Səs çoxluğu ilə M.Ə.Rəsulzadə milli şuranın sədri seçilib.

Bolşeviklərin işğalından sonra vətəni tərk etməyə məcbur olan Məhəmməd Əmin Rəsulzadə ömrünü mühacirətdə başa vurdu.

1920-ci il aprelin 28-də Azərbaycan Rusiya tərəfindən işğal olunduqdan sonra Məhəmməd Əmin Rəsulzadə Moskvaya, oradan isə Finlandiyaya gedib.

Sonradan Rəsulzadə Türkiyəyə gəlib və ömrünün sonuna qədər Ankarada yaşayıb. 1955-ci il martın 6-da orada vəfat edib.

29 dekabr 1993-cü ildə Azərbaycan Prezidenti Heydər Əliyev “Azərbaycanın görkəmli ictimai-siyasi xadimi Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 110 illik yubileyinin keçirilməsi haqqında” sərəncam imzalayıb. 22 noyabr 2013-cü ildə isə Azərbaycan Prezidenti İlham Əliyev Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında sərəncam verib. Sərəncama əsasən, respublikada və respublikadan kənarda silsilə yubiley tədbirləri keçirilib.

30 dekabr 2023-cü ildə isə Azərbaycan Prezidenti İlham Əliyev Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb.

Məhəmməd Əmin Rəsulzadənin Ankara şəhərinin Cəbəci Əsri məzarlığında yerləşən məzarının abadlaşdırılması istiqamətində kompleks işlər mart ayının 5-də yekunlaşıb. 

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top