“Fransa bu cür qətnamələrə davam etsə, məğlub olacaq” - RƏY + FOTO

DÜNYA 17.11.2022 1475

Noyabrın 15-də Fransa Senatı “Azərbaycana qarşı sanksiyaların tətbiqi və onun Ermənistan ərazisindən dərhal geri çəkilməsi, 9 noyabr 2020-ci il tarixli atəşkəs razılaşmasına riayət etməsi tələbi və iki ölkə arasında dayanıqlı sülhün bərqərar olmasına yönəlmiş bütün təşəbbüslərin təşviq edilməsi” adlı qətnamə qəbul edib.

Məlumdur ki, Fransa tarix boyu işğal siyasəti yürüdüb və günahsız insanlara qarşı qətliamlar törədib. Hazırda da Fransa təcavüzkar Ermənistana dəstək verməklə, əslində, beynəlxalq hüquqa böyük hörmətsizliyini nümayiş etdirir. Buna görə də Fransa hökuməti tərəfindən bitərəflik təminatı verilməyənədək onun Azərbaycan ilə Ermənistan arasında normallaşma prosesi ilə bağlı təşəbbüs və fəaliyyətlərdə iştirakına imkan verilməməsi ilə bağlı ölkə ictimaiyyəti arasında müzakirələr gedir.

Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən politoloq Araz Aslanlının sözlərinə görə, Fransa Cənubi Qafqazda sülh prosesinə mane olmağa çalışır:

“Fransa Senatının qəbul etdiyi bu qərar nə beynəlxalq hüququn əsas prinsiplərinə, nə də Fransanın Avropa İttifaqı çərçivəsində Avropa dəyərləri ilə bağlı sadiq olduğu dəyərlərə uyğundur. Fransa Cənubi Qafqazda ATƏT-in Minsk qrupunun həmsədri kimi üzərinə götürdüyü öhdəliklərə müvafiq davranmayıb. Regionda normallaşma prosesində də iştirak etməyib.

Ümumbəşəri olan prinsiplərə, dəyərlərə ziddir. Bunu sırf erməni lobbisinin maraqları ilə, Fransadakı müəyyən şəxslərin Cənubi Qafqazdakı sülh prosesinə maneə törətmək təşəbbüsləri ilə də izah etmək olar. Yəqin ki, səbəbləri çoxdur.

Fransa prezidentinin mütəmadi elan etdiyi sülhə töhfə vermək niyyəti ilə Senatın gördüyü iş üst-üstə düşmür. Heç bir müsbət tərəfi yoxdur. Sülh mühitini pozmağa və Ermənistanı revanşizmə meyil etdirməyə çalışırlar. Sülh prosesini ləngitməyə çalışırlar, amma alınmayacaq”.

Siyasi şərhçi İlyas Hüseynov qeyd edib ki, bu qətnamədən sonra Fransa Ermənistan və Azərbaycan arasında münasibətlərin nizamlanmasında iştirak edə bilməz:

“Fransanın ölkəmizə qarşı qəbul etdiyi qətnamə ilk deyil. 2020-ci ilin noyabr ayında Fransanın bu cür iddiaları var idi. Qondarma qurumu tanımağa çalışan qətnamə hazırlanmışdı. O, tövsiyə sənədi olduğu üçün, eləcə də Fransa Minsk qrupunun həmsədri olduğuna görə bu qətnamə daha da irəli gedə bilmədi.

Hazırkı qətnamə də deklarativ xarakterlidir, tövsiyə mahiyyəti daşıyır. Fransada çox güclü erməni lobbisi var. Xüsusilə diqqətçəkən məqam odur ki, bir dövlətin Qarabağda humanitar məqsədlə Fransa bürosunun yaratması ilə bağlı təşəbbüsüdür. Bu, qəbuloluna biləcək bir yanaşma deyil. Özünü demokratiyanın beşiyi hesab edən ölkə nə üçün Azərbaycanın öz ərazilərindən geri çəkilməli olduğunu deyir? Bu, məntiqə sığmır”.

İ.Hüseynov əlavə edib ki, Fransa bu cür qətnamələrə davam etsə, məğlub olacaq:

“Fransa Prezidenti Emmanuel Makron bildirmişdi ki, Cənubi Qafqazda yeni geosiyasi reallıqda Rusiya və Türkiyə aktiv rol oynayır. Fransa erməni mövqeyindən çıxış edərək Cənubi Qafqazda Türkiyəyə qarşı mübarizə aparır. Ümumiyyətlə, Türkiyənin son dövrlər başını qatmağa çalışırlar. Düşünürəm ki, Türkiyə bütün bu sınaqlardan önümüzdəki seçkiləri nəzərə almaqla çıxacaq.

Paris ənənəvi olaraq türk və müsəlmanlara qarşı qərəzli mövqeyini ortaya qoyur. Fransa Əlcazairdə soyqırımı törədib, insanları qətlə yetirmişdi. Bəşəriyyət əleyhinə cinayət törədib. Fransa UNESCO-ya təsir etməkdədir.

Milli Məclisdə məlum olayla bağlı qətnamə qəbul olundu. Əgər Fransa davranışlarının ziddiyyətli xarakterini davam etdirsə, Azərbaycan daha radikal addım atacaq”.

 

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top