Deputatlar Fransanı topa tutdular: “Həmin qətnamə kağız parçasından başqa bir şey deyil”

CƏMİYYƏT 16.11.2022 1284

“Fransa Senatı Azərbaycana qarşı qərəz və ədalətsizlik nümayiş etdirir”. 

Saat24.Az-ın məlumatına əsasən, bunu Milli Məclisin iclasında deputat Kamran Bayramov deyib. 

Millət vəkili qeyd edib ki, Senatda qəbul edilən qətnamə Fransadakı türkofob və erməni lobbi dairələrinin beyinlərinin məhsuludur. 

“Dünyada müxtəlif vəhşiliklər törətmiş, soyqırımı həyata keçirmiş Fransa indi Azərbaycana dərs keçməyə çalışır. Bu dərsləri Ermənistana keçmək lazımdır. Fransa Senatının qətnaməsinin heç bir hüquqi qüvvəsi yoxdur, o, kağız parçasından başqa bir şey deyil”, - deyə Kamran Bayramov əlavə edib.

O bildirib ki, Fransa ikiüzlülük, riyakarlıq nümunəsidir. 

“Fransa Senatının qəbul etdiyi qətnaməyə siyasi qiymət verilməli və Azərbaycanın Fransa ilə münasibətlərinə yenidən baxılmalıdır”, - deyə Kamran Bayramov qeyd edib. 

Deputat Tural Gəncəliyev isə bildirib ki, Fransa Senatının qətnaməsi hüquqi cəhətdən absurddur. 

“Çünki Azərbaycan öz ərazisində yerləşən qoşunlarını geriyə çəkməyəcək. Yaxşı olar ki, Fransa Sarbonna Universitetindən Hüquq fakültəsinin tələbəsini dəvət etsin. O tələbə izah etsin ki, həmin qətnamə hüquqi cəhətdən mənasız sənəddir”, - deyə Tural Gəncəliyev bildirib. 

Deputat qeyd edib ki, Fransa xarici siyasətini müəyyən edən insanlar Azərbaycanla münasibətləri düzgün nəzərdən keçirməlidir. 

Xatırladaq ki, noyabrın 15-də Fransa Senatında qəbul edilmiş “Azərbaycana qarşı sanksiyaların tətbiqi və onun Ermənistan ərazisindən dərhal geri çəkilməsi, 9 noyabr 2020-ci il tarixli atəşkəs razılaşmasına riayət etməsi tələbi və iki ölkə arasında dayanıqlı sülhün bərqərar olmasına yönəlmiş bütün təşəbbüslərin təşviq edilməsi” adlı qətnamə qəbul olunub. 

Azərbaycan Xarici İşlər Nazirliyi bəyan edib ki, həmin qətnamə tamamilə həqiqətdən uzaqdır, yalan və iftira dolu müddəaları əks etdirir, açıq təxribat xarakteri daşıyır.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top