Ölkədə bariatrik-metabolik cərrahiyyə sahəsində son 10 ildə görülən işlərin hesabat konfransı keçirilib - FOTO

CƏMİYYƏT 15.11.2022 1108

Zəfər Günü münasibətilə Azərbaycan Bariatrik-Metabolik Cərrahlar Assosiasiyasının (ABMCA) 10 illik yubiley hesabat toplantısı keçirilib.

Saat24.Az xəbər verir ki, toplantıda 10 il müddətində tibb sahəsinə verilən önəmli töhfələr, ölkəmizdə bu sahənin öndə gedən əsas tibb işçilərinin birlikdə elmi müzakirələri və görülən işlərin effektivliyindən bəhs olunub.

Bariatrik-Metabolik Cərrahlar dərnəyinin qurucusu və sədri, tibb üzrə fəlsəfə doktoru Taryel Ömərov toplantıda çıxışı zamanı gənc dərnəyin yarandıqdan bir il sonra ölkə daxilində, iki il sonra isə artıq beynəlxalq sferada tanınmasının səhiyyə sahəsində ciddi, uğurlu addım olduğunu qeyd edib.

“Belə ki, 2014-cü ilin may ayında Beynəlxalq Piylənmə Cərrahiyyəsi və Metabolik Xəstəliklər Assosiasiyasına – IFSO (International Federation for the Surgery of Obesity and Metabolic Disorders) rəsmi olaraq üzv seçildik. Bu bizim üçün çox qürurverici an idi. Çünki artıq IFSO-nun Avropa Bölümünün tamhüquqlu dərnəklərindən biri olmuşduq. Bu o deməkdir ki, artıq dərnəyimizin üzvləri birbaşa beynəlxalq sertifikatlı üzvlərdir. Bununla yanaşı, bu seçim bizə imkan verirdi ki, bir sıra beynəlxalq jurnallara - “Obesity Surgery”, “Surgical Endoscopy”, “World Journal of Surgery”, “BMC Endocrine Disorders”, “Metabolic disorders”, “Obesity disorders”, “BMC Nutrition Journal of Diabetes and Metabolic Disorders”, “Eating and Weight Disorders” və digər mühüm əhəmiyyətli jurnallara birbaşa giriş və elmi məqalələrdən birbaşa yararlanmaq imkanı yaradır. Qafqaz və Xəzəryanı postsovet məkanına aid ölkələrdən ilk olaraq bu dərnəyə bizim səhiyyənin komandası seçilib”, - deyə T.Ömərov qeyd edib.

Hesabat zamanı dərnəyin təmsilçisi kimi ilk elmi çıxış 2015-ci ildə Avstriyanın paytaxtı Vyanada keçirilən dünya konqresində edilib və bundan sonrakı dövrdə aktiv olaraq bir çox beynəlxalq tədbirlərdə dərnək üzvləri tərəfindən elmi məruzələr səsləndirilib.

Görülən işlərin bariz nümunəsi kimi 2017-ci ildə Londonda keçirilən IFSO dünya konqresində dərnəyin ölkədə gördüyü elmi işlərdən dolayı IFSO idarə heyəti və konqresin sədri tərəfindən təşəkkür sertifikatı ilə təltif edilib. Eyni zamanda görülən işlərlə bağlı 2015-ci ildə edilən ilk elmi çıxış 2017-ci ildə mükafata layiq görülüb.

Həmin elmi çıxış və məqalələr 2017-ci ildə Azərbaycan Tibb Universitetində bu sahənin cərrahi bölümlər üzrə tədris proqramına daxil edilib və 2018-ci ildə ilk tədris vəsaiti kimi dərc edilib.

Bu gün ölkədə 11 klinikada bariatrik və metabolik əməliyyatların aparılması da Bariatrik-Metabolik Cərrahlar Assosiasiyasının (ABMCA) 10 il ərzində gördüyü işlərin müsbət nəticələr verdiyini deməyə əsas verir.

Orta hesabla doqquz il ərzində 5 600-ə yaxın müxtəlif əməliyyat aparılıb. Beynəlxalq məruzəçilərin iştirakı ilə yeddi milli konqres təşkil edilib, 30-dan çox elmi məqalə, üç dərs vəsaiti yazılıb.

Bütün bunlarla yanaşı, gənc cərrahlar və rezidentlər üçün dörd ildir ki, canlı cərrahiyyə kursu təşkil olunur. Dərnək üzvləri son səkkiz ildə 123 beynəlxalq konfransda iştirak və təqdimatla iştirak ediblər.

Tədbirin sonunda dərnək üzvlərinə IFSO beynəlxalq sertifikatları təqdim edilib.

 






XƏBƏR LENTİ
20.04.2024 2016

DİGƏR XƏBƏRLƏR

Loading
Top