“İran ermənilərin Türkiyə səfirliyinin önündə ittihamlar səsləndirmələrinə şərait yaradır” - MÜSAHİBƏ + FOTO

DÜNYA 12.11.2022 1676

“Cənubi Azərbaycan torpaqlarında nə sərvət varsa, hamısını söküb aparırlar. Məsələn, mis mədənini özləri istismar edir, sökub qatarlara yığırlar, dəmiryolu ilə Kirmana aparırlar. İranın istismar etdiyi qızıl mədənləri Azərbaycan torpaqlarındadır. Dövlətin əsas gəliri isə həmin mədənlərdəndir. Mərkəzi hökumət oradan əldə etdiyi gəlirlərdən bir qəpik belə, Azərbaycanın abadlığı üçün xərcləmir. Bəs niyə ermənilərə bu qədər imkan tanınır, amma azərbaycanlıların azadlığı məhdudlaşdırılır? Çünki ermənilərin sayı az olduğuna görə İran onlardan özünə təhlükə hiss eləmir. Düşünür ki, od da olsalar, bir yeri yandıra bilməzlər”.

Bu sözləri Oxu.Az-a müsahibəsində Fransada yaşayan Cənubi azərbaycanlı siyasi şərhçi, jurnalist Maşallah Rəzmi deyib. O qeyd edib ki, İranın digər bir məqsədi milli azlıqlara qarşı təzyiq göstərmədiyini nümayiş etdirməkdir.

Müsahibəni təqdim edirik:

- Maşallah bəy, son vaxtlar İran-Azərbaycan münasibətləri gərginləşib. Səbəb isə Tehranın addımbaşı Azərbaycan əleyhinə bəyanatlar verməsi və təhdidvari davranışlar nümayiş etdirməsidir. İranın hazırkı mövqeyi nədən qaynaqlanır?

- Azərbaycanın torpaqları işğaldan azad ediləndən bəri İran çox narahatdır, çünki bu məsələdə birinci uduzan Ermənistandırsa, ikinci uduzan da İrandır. Belə ki, 30 il ərzində İran işğal olunmuş ərazilərimizdən istədiyi kimi bəhrələnirdi, orada özünə qaçaqmalçılıq, narkotik ticarəti ilə bağlı imkanlar yaratmışdı. Ancaq Azərbaycan ərazi bütövlüyünü bərpa etdikdən sonra İranın bu işlərdən əli kəsilib.

Lakin səsini indi çıxarmasının başqa bir səbəbi də var. Məlumdur ki, İranda iki aydır böyük etirazlar gedir. İnsan haqları qruplarının yazdığına görə, indiyədək 300-ə qədər insan müxtəlif yerlərdə ölüb. Bu ölənlərin içərisində 30 nəfərdən çoxu Cənubi azərbaycanlıdır. Belə daxili vəziyyət İranın xarici siyasətinə də təsir edir. Əsəbidir deyə siyasətini aqressiv yürüdür. Təkcə Azərbaycan yox, Səudiyyə Ərəbistanına qarşı da belə siyasət göstərib, ancaq ABŞ ona təzyiq göstərdiyi üçün geri çəkilib. Həmçinin İraqa 10 gün raket atıb, çünki kürdlər olan əraziləri özü üçün təhlükəli hesab edirdi. İndi də Azərbaycan torpaqlarının azad edilməsindən ziyana uğradığını düşünür. Həm ona görə, həm də daxildəki vəziyyəti tənzimləmək üçün bizə qarşı səsini ucaltmağa başlayıb. Özünü xarici siyasətdə aqressiv göstərərək daxildəki etirazçıların fikrini yayındırmaq istəyir. Amma istəyinə nail ola bilmir, camaat işini görür və etirazlar günbəgün artır.

- Bildiyiniz kimi, İran Azərbaycanla sərhəddə, Araz çayı sahilində hərbi təlimlər keçirdi. Sizcə, bu təlimlər nəyə hesablanmışdı? İran niyə güc nümayişinə ehtiyac duydu?

- İran hakimiyyətində ciddi bir əndişə var. İranın ali dini rəhbəri Əli Xamenei fikirləşir ki, İsrail İrana hücum etmək istəyir. Bir siyasəti əsas götürüblər, həmin siyasətə görə, dünyada İrana qarşı İsraildən başqa heç bir qüvvə yoxdur. Azərbaycanla İsrail hökumətinin yaxınlaşması, tərəflər arasında iqtisadi, siyasi və hərbi münasibətlərin inkişafı İranı qorxudur. Bunu açıq şəkildə göstərir. Digər tərəfdən də istəyirlər ki, İsrailə İranın güclü olduğunu göstərsinlər. İran mətbuatına baxdıqda hiss olunur ki, təlimləri keçirməkdə məqsəd özlərini qüdrətli göstərmək və İsrailə: “Biz buradayıq, sən gərək buradan uzaqlaşasan və təhlükə yaratmayasan” mesajı verməkdir. Amma belə addımların nəticəsi həmişə İranın əleyhinə olur. Çünki İsraili daha da qəzəbləndirə bilər.

- İran Ermənistana qaz ixracını iki dəfə artırmaq barədə müqavilə imzaladı. Bu ölkə Ermənistanla dostluq edərək nəyə nail olmağa çalışır?

- İran ötən 30 il ərzində də Ermənistanla Azərbaycan əleyhinə dostluq edib. Tehran iddia edir ki, dünyada müsəlmanlarla dostluq-qardaşlıq edir, amma bunun əksini müşahidə edirik. Azərbaycan cəmiyyətinin çoxu şiə məzhəbli müsəlmanlardır, amma İran onlarla düşmənçilik edir, ermənilər isə xristiandırlar, ancaq onlara daim yardım göstərir, siyasi və iqtisadi baxımdan himayə edir.

İranın özünün qazı var, amma beynəlxalq münasibətdə çox zəiflədiyinə görə yaxşı texnologiyalardan istifadə edib böyük həcmdə qaz istehsal edə bilmir. Buna görə də qışda Türkmənistandan qaz alır. Amma digər tərəfdən Ermənistana qaz satır. Çünki qarşılığında elektrik almağa çalışır. İranda böyük şəhərlərdə eletrik məsələsi problemdir, zavodlar elektrik çatışmazlığı səbəbilə işləyə bilmir, evlərin elektriki tez-tez kəsilir. Ona görə də Ermənistandan elektrik almaq istəyir. Amma İranın bu niyyəti dərdə dərman deyil. Çünki Ermənistanın o qədər imkanı yoxdur ki, İranı tam elektriklə təmin etsin. Bu, sadəcə bir manevrdir, iqtisadi baxımdan elə də əhəmiyyətli əməkdaşlıq deyil.

İndi də İran hakimiyyəti belə bir siyasət götürüb ki, qonşularla iqtisadi əlaqələri artırsın. Ancaq Ermənistan istisna olmaqla qonşuların hamısı ilə problemi var. İran digər bir tərəfdən də münasibətinin yaxşı olduğunu göstərmək üçün bu müqaviləni Ermənistanla bağlayıb.

- 30 illik işğal dövründə də İranın Ermənistanla sıx dostluq münasibəti qurduğunu dediniz. İranı Azərbaycandan uzaqlaşdıran və Ermənistana yaxınlaşdıran faktorlar nələrdir? Bunun arxasında təkcə ərazimizdən öz məqsədləri üçün rahat istifadə etmək istəyimi dayanır?

- İran illərdir ABŞ və Avropanın ağır təzyiqlərinə məruz qalır. Ona görə də 30 ildə İran həmişə çalışıb ki, Ermənistandan bu təzyiqləri azaltmaq üçün istifadə eləsin. İrana qadağan olunan şeyləri Ermənistan digər dünya dövlətlərindən alıb gizli şəkildə ona satıb. Keçmişdə bunu təsdiq edən sənədlər vardı. Bu alış-veriş həm də Ermənistanın iqtisadiyyatına müsbət təsir göstərib. Ermənilər bu işi həm qanuni, həm də qaçaqmalçılıq yolu ilə həyata keçiriblər.

İran sanksiyalar qarşısında məmləkətin ehtiyaclarını bu yolla təmin etməyə çalışırdı. Ona görə də Ermənistan İrana, İran da Ermənistana yaxınlaşdı. Ermənistan istəyir ki, gələcəkdə lazım olsa, İran ona yardım eləsin. Amma bilirik ki, nə İran Ermənistana hərbi yardım edə biləcək, nə də İranda yaşayan azərbaycanlılar buna icazə verəcəklər. 

- Bu gün İranda azərbaycanlılara və ermənilərə münasibət arasında nə kimi fərqlər var? Soydaşlarımıza qarşı təzyiqlər hansı səviyyədədir?

- Hökumət İranda yaşayan ermənilərə tam imkan yaradıb. Onların öz dillərində məktəbləri var. Ermənilər yaşayan şəhərlərdə böyük klublar, idman stadionları var. Qızlarla oğlanlar eyni stadionda idman edə bilirlər. Özləri üçün jurnalları, partiyaları, məzhəb azadlıqları var. Normalda İran qanunlarına əsasən, gərək digər millətlərin nümayəndələri üçün hər 100 min nəfərə bir nəfər parlamentdə nümayəndə olsun. Ermənilərin İranda sayı 200 mindən azdır, amma parlamentdə iki nümayəndələri var. Yəni ermənilərə geniş imkanlar verilib. Onlara hər il aprel ayında Türkiyə səfirliyinin qarşısında aksiya keçirməyə imkan tanınır, Türkiyəyə qarşı ittihamlar səsləndirmələrinə icazə verilir. Amma Cənubi azərbaycanlılara öz dillərində oxuyub-yazmaq imkanı verilmir. Partiya yaratmaqlarına icazə yoxdur. Hətta 10 il əvvəl bir neçə nəfər yığışıb hökumətə məktub yazaraq azərbaycanlılar üçün siyasi partiya yaratmaq istədi. Amma onlara partiya yaratmağa icazə verilmədi, üstəlik hamısını zindana atdılar, 10 il məhkum etdilər. Odur ki, azərbaycanlıların istəklərini heç vaxt nəzərə almırlar, iqtisadi təzyiqlər var. 

Çünki azərbaycanlılar 40 milyondur və İranda 100 il öncə - farslar hökuməti ələ keçirmədən əvvəl - azərbaycanlılardan ibarət Qacar hökuməti vardı. Ona görə də molla hakimiyyətində qorxu var, bu qorxu şah dövründə də olub. Millətlər arasında ayrı-seçkilik Tehranda fars hökuməti yarandığı gündən var. İndi isə daha da şiddətlənib. Çünki azərbaycanlılar ötən 30 ildə özlərini inkişaf etdiriblər, oyanıblar, daha istəmirlər ki, fars hökuməti onları idarə etsin və Azərbaycanı zəiflətsin. Ona görə də mərkəzi hökumət azərbaycanlıların ayağa qalxmasından qorxur. Bu qorxu da təzyiqi artırıb.

İrandakı daxili etirazlarda azərbaycanlıların da ciddi iştirakı var. “Azadlıq! Ədalət! Milli hökumət!” şüarı hakimiyyəti çox qorxudur. Molla rejimi qadınlara təzyiqi genişləndirib, onların azadlığını əlindən alıb. Ona görə indi Azərbaycanda şüar verilir ki, “Azərbaycan qızları, azadlıq ulduzları!” Bu da mərkəzi hökumətə qorxu yaradır. Türkofobiya nümayiş etdirənlər təkcə İrandakı islami hökumət və mollalar deyil, paniranistlər də bizə qarşıdırlar. Onlar da azərbaycanlılardan qorxur və Azərbaycana təhlükə yaradırlar.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top