Rusiya-Ukrayna savaşı: Şərq cəbhəsində irəliləyiş, cənub oxuna təzyiq, Moskvanın “sürpriz”ləri – ŞƏRH + FOTO

DÜNYA 10.09.2022 1350

Rusiya ilə Ukraynanın toqquşduğu döyüş meydanında vəziyyət Kiyevin xeyrinə, Moskvanın zərərinə cüzi dəyişib.

Rusiya Ukrayna ordusunun cənub oxundan hücumunu gözləsə də, sürprizlə qarşılaşdı və Xarkov istiqamətində geri oturduldu, hərçənd ki, Nikolayev-Xerson cəbhəsində də Rusiyanın müdafiə eşelonlarının yarılmasına cəhdlər edilir.

Bəli, Ukrayna genişmiqyaslı əks-hücum əməliyyatına başlayıb və Volodimir Zelenski qoşunların 1000 kvadratkilometrdən çox ərazini işğaldan azad etdiyini bildirib.

Döyüş mövqeləri əl dəyişdirir, Rusiya Xarkov vilayəti üzrə düz-əməlli müqavimət göstərə bilməsə də, Xersona doğru rəqibinin ilkin irəliləyişlərinin qarşısını almağa qismən müvəffəq olub.

Ukraynanın Rusiyanı nəticə əsaslı məğlubiyyətə uğratması Qərbin ona verəcəyi silahların davamlı gəlməsindən həddindən artıq asılıdır, lakin ölkənin cənub-şərqindəki işğal edilmiş ərazilərin geri qaytarılması xeyli canlı qüvvə də tələb edir.

Çünki Ukraynanın hazırda öz suveren nəzarətinə qaytardığı ərazilər böyük itki hesabına başa gəlib, Rusiya da xeyli itkilərə məruz qalıb, amma müstəqil mənbələr informasiya təbliğatı meyarları ilə deyil, dəqiqliklə tərəflərin səsləndirdiyi rəqəmləri təsdiqləyə bilmir.

Ukraynaya indi cənub oxunda daha çox yer qazanmaq lazımdır, çünki ölkənin limanları rus qoşunlarının əlindədir, Kiyevin Azov dənizinə çıxışı bağlanıb, bu mənada Kiyev həmin istiqamətlər üzrə hücumlarını davam etdirə bilər. 

Hələlik Ukrayna ordusu əlahiddə bir hərbi üstünlüyə yiyələnməyib, bu hal Rusiyanın da yeni hərbi əməliyyatlar barədə düşünməsinə vaxt qazandırır.

Müharibənin təhlili və cari nəticələri göstərir ki, Rusiya ordusu qəfil və ya sürpriz hücumlara tab gətirmək əzmindən uzaqdır, ona görə də Ukrayna İzyum və Kupyansk istiqamətində irəliləyiş əldə edir.

Böyük Britaniya kəşfiyyatı ehtimal edir ki, İzyum ətrafında Rusiya qüvvələrinin getdikcə təcrid olunur.

Ukrayna bölmələri indi Kupyansk şəhərini də geri almağa çalışır - artıq qaytarıldığı bildirilir.  Bu, Rusiyaya ciddi zərbə olacaq. Çünki o, Donbas cəbhə xəttinin tədarük yollarında qərar tutur.

Görünür ki, Ukraynanın əsas məqsədi bölgədə Rusiya ordusunu qidalandıran əsas təchizat və nəqliyyat yollarını kəsməkdir. Ukrayna qoşunları İzyumu götürməyi bacarsa (artıq Xarkovla İzyum arasındakı Balakleya qəsəbəsinin geri alındığı iddia olunur) bu, Rusiyanın sonrakı məğlubiyyətlərinə yol açacaq – söhbət şərq cəbhəsindən gedir.

Bununla belə, Ukraynanın şərqində Rusiyanın məğlub olması onun cənub cinahındakı mövqelərinə də təzyiqləri artıra bilər, ancaq hələ ki, Kremlə zərbə olacaq əsaslı məğlubiyyətdən danışmaq tezdir.

Rusiya Ukraynanı hərbi texnika və canlı qüvvə cəhətdən tükəndirməyi hədəfləyir, onun müdafiəyə çəkilməsinin bir səbəbi də budur, lakin qəfil hücumlar qarşısında planlar suya düşür.

Rusiyanın bundan sonrakı planlarını öyrənmək çətindir, lakin bir versiya budur ki, rus qoşunları da başqa yerdən hücuma hazırlıq görür – böyük ehtimal ki, Moskva raket atəşlərinin intensivləşdirilməsi qərarı verəcək.

Gedişatların hansı mütləq nəticə doğuracağı döyüş sahəsindəki vəziyyətin hansı formada inkişaf edəcəyindən asılıdır: Əl dəyişdirən mövqelər, hücumlar, əks-hücum əməliyyatları, raket atəşləri, canlı qüvvələr nisbətindəki fərqlər və sair bu səhnədə həlledici rola malikdir.

Rusiyanın Ukraynaya dair çoxməqsədli ambisiyaları isə vəziyyəti daha da mürəkkəbləşdirəcək və bu, müharibənin uzanması kimi təhlükəli nəticə doğura bilər.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top