Üç liderin Tehran SAMMİTİ: Putin yardım istəyəcək, Ərdoğan israr edəcək, Rəisi qısqanacaq - TƏHLİL

DÜNYA 13.07.2022 1280

İyulun 19-da Tehranda İran, Türkiyə və Rusiya prezidentlərinin – İbrahim Rəisi, Rəcəb Tayyib Ərdoğan və Vladimir Putinin - üçtərəfli sammiti baş tutacaq.

Regionun konfiqurasiyasını özünəməxsus tərzdə şəkilləndirməyə çalışan, imperiya ənənəsi olan bu üç ölkənin prezidentinin gündəliyində Suriya məsələsi və Rusiya-Ukrayna müharibəsinin gedişatları əsas müzakirə predmeti olacaq.

Danışıqlardakı bu iki istiqamətin strateji dərinliyini qısa formada bu cür qiymətləndirə bilərik:

1. Rusiya-Ukrayna müharibəsinin gedişatları Suriyada nüfuz dairələrinin yenidən bölüşdürülməsi və ya dəqiqləşdirilməsini liderlərin gündəminə gətirir. Məqsəd gələcək üçün strateji rıçaqları gücləndirmək və Rusiya ilə İranın Suriyadakı rəqibi Türkiyə ilə koordinasiya yaratmaqdır.

2. Rəisi-Ərdoğan-Putin üçlüyü Rusiya-Ukrayna müharibəsinin yaratdığı acınacaqlı iqtisadi-humanitar mənzərənin öz ölkələrinə təsirlərini minimallaşdırmaq üçün formullar axtaracaq.

Moskva və Tehranın Suriyada qarışıqlığın aradan qaldırılması üçün ortaya qoyduqları təhlükəsizlik modeli Ankaranın maraqları ilə ziddiyyət təşkil edir.

Ankara ilə Kremlin Suriyadakı bəzi maraqları, az da olsa, vahid nöqtədə birləşdiyindən deyə bilərik ki, bu ölkə daha çox Türkiyə və İranın bir-birinə əks mövqeyi arasında sıxışır.  

Vladimir Putin isə bu nöqtədə bir növ seyrçi qismində dayanıb özünü problemli məsələlərin həllində əhəmiyyətli status qazanan lider kimi göstərməyə çalışır. Çünki cənab Putinin indiki hədəfində Suriyada kəskin qarşıdurma yaratmaq meylindən çox, ziddiyyətlərin aradan qaldırılması və üç ölkə arasında maraq yaratmaq siyasəti dayanır.

Putinin bu cür obrazı onu Qərbin tədbirlərinə qarşı yeni mexanizm formalaşdırmağa və Türkiyə ilə İrandan həlledici yardım almağa çıxış imkanı qazanmağa doğru sürükləyir.

Qərb demişkən, Putinin təkanlarını bu həftə Yaxın Şərq regionuna səfər edəcək ABŞ Prezidenti Cozef Baydenin səylərinə qarşı qarşılıq kimi dəyərləndirmək olar.

Qərbin Ukraynanı sürətlə genişmiqyaslı şəkildə silahlandırması Rusiya qoşunları üçün problemlər yaradır. Rusiya da alternativ mənbə axtarışlarına baş vuraraq özünün hərbi arsenalına xarici “qonaqlar”ı daxil etməyi hədəfləyir.

Tehran sammiti Putinə Rusiyaya qarşı Qərb tərəfindən həyata keçirilən total həmlələrin boğulması üçün hərbi-iqtisadi dəstəyi gücləndirmək fürsəti təqdim edir.

Bu mənada düşünmək olar ki, Putin Rəisi ilə görüşündə İrandan dronlar almaq üçün danışıqlar aparacaq (artıq Rusiyanın dron istədiyinə dair məlumatlar var). Ərdoğan ilə müzakirələrdə isə Putin ondan, ən azından, Türkiyənin Ukraynaya silah tədarükünü limitləməsini xahiş edəcək.

Gələk Türkiyə faktoruna: Tehran zirvəsi Ərdoğana da Rusiya-Ukrayna müharibəsinin sülh yolu ilə nizamlanmasındakı vasitəçilik rolunu gücləndirməyə kömək edəcək. Türkiyə ilə Rusiya Qara dənizdə sərhədlərə malik olduqlarından həmin region üzrə təhlükəsizliyin təmini məsələsi də Ərdoğanın Putinə deyəcəyi tezislər içərisində yer alacaq. Türkiyə lideri taxıl ixracı ilə bağlı yaranan böhrandan çıxış yolu axtarmaq üçün Putinə inandırıcı düsturlar verəcək və Moskvanı iqtisadi-humanitar böhran yaratmaqdan çəkindirməyə çalışacaq.

Mövzunu bir az fərqli aspektlər üzrə Rusiya-İran, Türkiyə-İran münasibətləri kontekstində də inkişaf etdirmək ehtiyacı yaranır.

Rusiya ilə İran Qərblə qarşıdurmada ümumi maraqları bölüşürlər, hərçənd ki, Moskva İranın nüvə siyasətinə dair baxışında Qərblə eyni mövqeyə malikdir.

Nüvə məsələsini kənara qoyaraq bildirək ki, iki ölkənin sanksiyalar altında əzilməsi onları bir-birinə yaxınlaşdıraraq münasibətləri strateji tərəfdaşlıq həddinə çatırıb.

Bununla belə, Ukraynada davam edən müharibə səbəbilə iqtisadi itkilərə məruz qalan Rusiya enerji bazarlarındakı neft satışını artırmaqla İranı kənara itələyir. Vəziyyətin bu minvalla getməsi, yəni neft satışı uğrunda rəqabətin nəzarətdən çıxması Rusiya-İran münasibətlərini gərginləşdirə bilər. Putinlə Rəisi gərginlik yaranmaması üçün ortaq məxrəcə gəlməyi hədəfləyirlər.

Ankara-Tehran münasibətlərindəki neqativ tendensiyalara gəlincə, iki dövlətin maraqları Cənubi Qafqazda rəqabətə söykəndiyi halda, İraq və Suriyada kəskin maraq toqquşması ilə müşayiət edilir.

Türkiyə ilə İranın “döyüşü” təkcə bu regionlarla məhdudlaşmır, transsərhəd sular və bənd tikintisi ilə bağlı mübahisələr də ikitərəfli əlaqələri gərginləşdirir.

Türkiyə Suriyanın şimalında PKK terror təşkilatına qarşı əməliyyatlara hazırlaşır, amma Rusiya və İran iyun ayındakı Astana platformasının iclasında buna dəstək verməyiblər.

Türkiyə isə 30 kilometr dərinliyində təhlükəsizlik zonası yaratmaqda israrlıdır və getdikcə bu inadkarlığını praktiki səviyyədə nümayiş etdirəcəyini bəyan edir.

Ankaranın bu istiqamət üzrə Tehranla razılıq əldə edəcəyi çətin görünür. Hərçənd ki, bir zamanlar PKK Türkiyə ilə İranın ortaq düşməni idi. Ankaranın Suriyada dayaqlarını bərkitməsi İrana ağır zərbədir, Rusiya isə sadəcə “mənim nəzarət zonama girmə və eskalasiya səviyyəsinə qaldırma” prinsipi ilə Türkiyə ilə anlaşmaya gedə bilir.

Rusiyanın Suriya coğrafiyasında Türkiyəyə güzəştə getməyə səbəbləri var. Belə ki, Rusiya Ukraynadakı müharibə səbəbilə üzləşdiyi hərbi itkiləri Suriyadakı qüvvələri ilə balanslaşdırmağa cəhd edə bilər.

Bu isə Moskvanın Suriyada boşluq buraxması deməkdir ki, həmin boşluğu da Ankara və Tehran doldura bilərlər.

Rusiya və İran Suriya hökumətini dəstəkləsələr də, Moskva Tehrana əhəmiyyətli fürsətlər buraxmaz və hətta indiki şəraitdə Kremlin Ankara ilə maraqları bir-birinə olduqca yaxınlaşır.

Yəni Ukraynadakı müharibə Suriyada Rusiya-Türkiyə tarazlığını ikincinin xeyrinə dəyişdirir.

Rusiyanın da Türkiyədən gözləntisi var, bu ondan ibarətdir ki, Ankara Ukrayna məsələsində Moskvanın maraqlarına zidd addımlar atmasın.

Suriyada Rusiya-Türkiyə arasında buzların əriməsi Ankaranın təsir imkanlarını gücləndirə bilər və İran bunu həzm edə bilən siyasətdən uzaqdır.  

Tehran sammiti bütün bu problemli məsələlərin, ən azından, qısamüddətli əməkdaşlığa çevrilməsi üçün münbit platformadır, hərçənd ki, nəticə əsaslı böyük dönüş olacağı da gözlənilmir.

Üç ölkəni ən çox birləşdirən əsas coğrafiya Cənubi Qafqaz regionudur, Zəngəzur dəhlizinin yaradılacağı kontekstdə Ankara-Moskva-Tehran birgə maraqlar ərsəyə gətirir.

Bu mənada söyləyə bilərik ki, liderlərin Tehran görüşündə Zəngəzur dəhlizinin reallaşma imkanları və onun beynəlxalq nəqliyyat dəhlizlərinə inteqrasiyası da müzakirə masasına qoyulacaq.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top