Həyat yoldaşının ölümündə təqsirli bilinən hakimin azyaşlı uşaqları acınacaqlı vəziyyətdədir

CƏMİYYƏT 26.04.2022 1265

Həyat yoldaşının ölümündə təqsirli bilinən hakimin azyaşlı uşaqları acınacaqlı vəziyyətdədir.

Məlum olduğu kimi, 30 may 2021-ci il tarixdə, saat 23 radələrində yaşadıqları Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, “Ləhiş bağları” adlanan yaşayış massivindəki bağ evində odlu silahdan açılmış atəş nəticəsində həyat yoldaşının vəfat etməsi ilə bağlı Sabunçu rayon Məhkəməsinin hakimi vəzifəsində işləmiş Əhmədov Fəqan Rövşən oğlu həbs edilmiş və istintaqa cəlb olunmuşdur. Sonradan cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılmış və Fəqan Əhmədov 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Baş vermiş hadisənin təfərrüatları ilə bağlı aparılan araşdırma zamanı Fəqan Əhmədovun həyat yolu və ailəsi ilə bağlı əldə olunmuş maraqlı faktları oxucularımıza təqdim edirik. Belə ki, Fəqan Əhmədov 1998-ci ildə ali hüquq təhsilini başa vurduqdan sonra Bakı şəhəri Səbail rayon Məhkəməsində məhkəmə iclas katibi olaraq əmək fəaliyyətinə başlamışdır. 2000-ci ilin sentyabr ayından Ağır Cinayətlərə Dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsində, 2011-ci ildən isə Bakı şəhəri Xətai rayon Məhkəməsində müxtəlif vəzifələrdə işləmişdir. 2011-ci ildə hakim vəzifəsinə təyin olunmuş və məlum hadisənin baş verməsinədək Bakı şəhəri Sabunçu rayon Məhkəməsində hakim vəzifəsində işləmişdir. Maraqlı fakt ondan ibarətdir ki, Fəqan Əhmədovun həyat yoldaşı Pərvanə Əhmədova da Ağır Cinayətlər Dair işlər üzrə Məhkəmənin əməkdaşı olmuş və onlar həmin məhkəmədə işlədikləri dövrdə tanış olaraq, ailə həyatı qurmaq qərarına gəlmişlər. Lakin güman etməzdilər ki, illər sonra işlədikləri məhkəmədə birinin vəfat etməsi ilə bağlı digərinə 10 il cəza təyin edilməsi ilə əlaqədar cinayət işinə baxılacaq və hökm oxunacaqdır. Hadisədən sonra cütlüyün birgə nikahından 3 azyaşlı uşaqları qalmışdır: 18.07.2007-ci il təvəllüdlü Əhmədov Rövşən Fəqan oğlu, 03.11.2011-ci il təvəllüdlü Əhmədov Rəvan Fəqan oğlu, 13.05.2016-cı il təvəllüdlü Əhmədov Səma Fəqan qızı. Ailə üzvlərinin və yaxınlarının sözlərindən məlum olur ki, Fəqan Əhmədov ilə həyat yoldaşı arasında ciddi narazılıqları və mübahisələri olmamışdır. Fəqan Əhmədov həyat yoldaşını qəsdən öldürməkdə təqsirli bilinsə də, həmin qəsdin hansı səbəbdən yaranması məlum deyildir. Bu səbəbdən, hazırda həmin hökmdən həm Fəqan Əhmədovun özü, həm də iş üzrə zərər çəkmiş kimi tanınmış Pərvanə Əhmədovanın atası tərəfindən apellyasiya şikayəti verilmiş və hər iki şikayətdə Fəqan Əhmədovun azyaşlı uşaqlarının gələcək taleyi nəzərə alınaraq, həbsdən azad edilməsi xahiş olunur. Belə ki, hər iki tərəf ailədə baş vermiş hadisə ilə bağlı Fəqan Əhmədova 10 il müddətinə cəza təyin olunması ilə razılaşmır və bildirirlər ki, hadisə nəticəsində üç azyaşlı uşağın anaları vəfat etmiş, ataları isə həbs olunmuşdur ki, bundan da əziyyət çəkən yalnız və yalnız həmin uşaqlardır. Hazırda uşaqlar valideyn himayəsindən məhrum olunduqları üçün təhsildən geri qalırlar, sağlamlıq durumları acınacaqlı vəziyyətdədir. Ailənin böyük oğlu hadisənin nəticəsindən keçirmiş olduğu psixi gərginliklə bağlı özünə qəsd etmək istəmişdir. Bu səbəbdən mütəmadi olaraq həkim psixiatrın nəzarətindədir. Ortancıl uşaq hadisədən sonra özünə qapanmış və heç kimlə ünsiyyət yaratmır. 5 yaşlı kiçik qızçığaz isə hadisənin mahiyyətini dərk etmədiyindən, anasının göylərə uçduğuna və tezliklə qayıdacağına inanır. Hazırda həmin uşaqlara yeganə dəstək və dayaq olacaq şəxs varsa da, o da atalarıdır. Hadisənin ilk günlərindən mərhumun ailəsi şikayətçi olmadığını bildirdikdə, sosial şəbəkələrdə bəzi istifadəçilər tərəfindən qınaq obyektinə çevrildilər, lakin hadisələrin gedişatı onu göstərdi ki, onların şikayətçi olmamasının arxasında hansısa bir məqsəd yox, məhz hadisənin ehtiyatsızlıqdan baş verməsi və azyaşlı körpələrin gələcək həyatıdır. Qeyd olunan hallara əsaslanan hət iki tərəf apelyasiya şikayətinə baxan Bakı Apelyasiya Məhkəməsindən ədalətli qərar verilməsinə böyük ümid bəsləyirlər.

Qafqazaz.com

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top