Özəlləşdirmə çekləri və ekspertlərdən hökumətə müraciət – Qanunun tələbi var

Sadə xəbər
İQTİSADİYYAT 26.11.2024 3263

 

Noyabrın 6-da Dövlət Özəlləşdirmə Çeklərinə (DÖÇ) 40 000 manat ekvalentində özəlləşdirmə əmlak payı verilməsi barədə Bakı İnzibatı Məhkəməsində 686 vətəndaşın iddia ərizəsinə baxılması üzrə tanışlıq iclası keçirildi. Tərəflərin ilkin fikirlərini dinləyən hakim daha geniş formada dinləmə həyata keçirilməsi üçün növbəti prosesi dekabrın 6-na təyin etdi.

Hazırda zərərçəkmiş vətəndaşların siyahıları hazırlanır, insanlar kompensasiya almaq üçün adlarını siyahılara yazdırırlar. Vəkil siyahıları sistemləşdirərək, növbəti iclasda yenidən hakimə təqdim edəcək.

Qeyd edək ki, bir milyon nəfərədək vətəndaşın problemini özündə ehtiva edən özəlləşdirmə çekləri (vauçer) ilə bağlı problem aktuallığını qoruyur. İllər boyu deputatlar, ziyalılar, hüquqşünaslar, sıravi vətəndaşlar tərəfindən dönə-dönə dilə gətirilən, aidiyyəti qurumlara çağırışlar edilən, hökumətin təcili tədbirlər görməsinə yönəlik fikirlər səsləndirilən ÇEK və HAQQ məsələsi həllini tapmır ki, tapmır.

Özəlləşdirmə çeklərinin həm HÜQUQ, həm də MƏNƏVİYYAT məsələsi olması barədə saysız-hesabsız məqalələr yazılıb, mövqelər sərgilənib, izahatlar verilib, fikirlər bəyan edilib, fakt-sübutlar ortaya qoyulub. Mütləq şəkildə isbat edilib ki, özəlləşdirmə çekləri MÜLKİYYƏTDİR, mülkiyyət haqqı onun sahibinə məxsusdur, onun sahibi olan vətəndaşın haqqını Konstitusiya və qanunlar qoruyur – nəticədə bu HAQQ alına, tapdana, pozula bilməz!

Dövlət özəlləşdirmə çekləri, bu çeklərin qanunsuz şəkildə tədavüldən çıxarılması, əhalinin halal haqqının əlindən alınması və yüzminlərlə vətəndaşın dövlətdən ƏDALƏT tələb etməsi haqda, yuxarıda da qeyd olunduğu kimi, illərlə danışılır, yazılır, ifadə olunur. Ən müxtəlif sahələri təmsil edən aydın insanlar, düşüncə sahibləri, mütəxəssislər, dövlətini və xalqını sevən ziyalılar, millət vəkilləri səviyyəsində illər uzunu problem hökumətin diqqətinə çatdırılıb, ədalət çağırışı edilib, milli birlik və bərabərlik naminə bu problemin çözümünün vacibliyi vurğulanıb.

AYNA zaman-zaman problemi dilə gətirən, hökuməti təcili tədbirlər görməyə səsləyən tanınmış iqtisadçıların və əmlak ekspertlərinin fikirlərindən qısa xülasələri təkrar ictimaiyyətin və hökumətin diqqətinə çatdırır.

İqtisadçı ekspert Rəşad Həsənov:

“Azərbaycanda özəlləşdirmə prosesi böyük qüsurlarla müşayiət olunub. O dövrdə belə bir addımın atılması gözlənilən idi. Çünki dövlətimiz bir prosesdən digər prosesə keçid edirdi. Zəruri idi ki, SSRİ-dən qalmış dövlət əmlakının bölüşdürülməsi prosesi vətəndaşların iştirakı ilə baş tutsun. Nəzəri cəhətdən buna getdilər. Lakin faktiki olaraq proses müəyyən qüvvələrin marağına uyğun şəkidə həll edildi. Hansı ki, bu çeklər vasitəsilə vətəndaşlar dövlət əmlakının payçılarına çevrilməli idilər. Göründüyü kimi, bu hal baş vermədi. Nəticədə əksər vətəndaşlar öz çeklərini “qara bazar”da satdılar. Bir neçə dəfə tədavül müddəti uzadılsa da, mahiyyət dəyişmədi.

İndiki halda təkcə çekləri əllərində qalan vətəndaşların yox, bütövlükdə ölkə vətəndaşlarının prosesdə iştirakı təmin edilməlidir. Hökumət buna gedəcəkmi, büdcədə buna ayrılacaq vəsait varmı? Bütün hallarda məsələyə yenidən baxıla bilər. Bu zaman isə bütün vətəndaşların hüquqları məsələsi gündəmə gəlməlidir. Prosesin hüquqi baxımdan düzgün aparılıb-aparılmamadığı, dövlətimizin ana qanununa uyğunluğu araşdırılmalıdır. Yalnız bu yolla məsələyə aydınlıq gələ bilər”.

İqtisadçı ekspert Pərviz Heydərov:

“Çeklərin tədavül müddətinin yenidən artırılması mümkün və vacibdir. Əvvəla ona görə ki, hökumət bu məsləninin başa çatdığını bildirsə də, bu gün əllərdə yüzminlərlə özəlləşdirmə payı qalıb. Yəni, ölkə əhalisinin bir qismi bu hüququndan istifadə etməyib. Hansı ki, bununla bağlı fərmanda qeyd olunurdu ki, özəlləşdirmə payları vətəndaşların dövlət özəlləşdirmə prosesində iştirakını təmin etmək məqsədilə onlara paylanır.

Prosesin icrası zamanı ciddi hüquq pozuntuları baş verib və faktiki olaraq payçılar öz hüquqlarından bəhrələnə bilməyiblər. Həm çeklərlə bağlı hüquqi biliklər lazımi səviyyədə aparılmayıb, həm də müvafiq qurumlar maarifləndirmə işinin aparılmasında həvəsli olmayıb. Nəticədə pay sahibləri deyil, bir qrup işbaz bundan faydala bilib.

Təklif edirəm ki, hökumət özəlləşdirmə çekləri əllərində qalan vətəndaşlardan həmin çekləri kreditlə geri alsın. Bununla bağlı müvafiq proqram işlənib hazırlanmalıdır. Düzdür, rəsmi dairələr iddia edir ki, proses artıq başa çatıb. Lakin söylədiyim kimi, vətəndaşlar bu hüququndan lazımi səviyyədə bəhrələnə bilməyiblər.

Nəzərə almaq lazımdır ki, özəlləşdirmə payları qiymətli kağızdır. Prosesin bu cür sonlanması ölkədə müəyyən tələblər çərçivəsində qiymətli kağızlar bazarının olmaması ilə bağlıdır. Mütləq şəkildə qiymətli kağızlar bazarı inkişaf etdirilməlidir. Qanunda boşluqlar olub və bu baxımdan çekləri əllərində qalan vətəndaşların hüququ var idi ki, onları satmaqdan imtina etsinlər. Qanunvericiliklə bu məsələnin birdəfəlik həlli istiqamətində addımlar atılmalıdır”.

Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı:

“Özəlləşdirmə çeklərinin taleyinə aydınlıq gətirilməlidir. İndiyədək bu məsələ bitməliydi, amma məmur oliqarxiyasının və bəzi işbazların “xidməti” nəticəsində bu mütərəqqi proses yarımçıq saxlanıldı. Hansı ki, ötən əsrin 90-cı illərində Ulu Öndər Heydər Əliyevin bununla bağlı fərmanı əhali arasında böyük coşqu ilə qarşılanmışdı. Çünki fərmanda vətəndaşların maraqlarının əleyhinə yönələn hər heç bir məqam yox idi. Zaman məhdudiyyəti yox idi, əmlak ekvivalenti inflyasiyadan qorunmaqla müəyyən edilmişdi, dövlət özəlləşdirməsi zamanı vətəndaşların payı 65 faiz civarında müəyyən edilmişdi. Bunlar müsbət məqamlar idi. Ancaq göründüyü kimi, bunlara riayət olunmadı və yalnız bir qrup işbaz bundan faydalana bildi.

İndi keçmişə yox, gələcəyə baxmağın zamanıdır. Bu gün Azərbaycanda kompleks islahatlar həyata keçirilir. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan bu instusional islahatların mahiyyətində dövlət-vətəndaşlar münasibətlərini keyfiyyətcə eyni mərhələyə daşımaq dayanır. Heç şübhəsiz, belə bir şəraitdə özəlləşdirmə çeklərinin taleyinə də aydınlıq gətirilməlidir. Bununla bağlı müvafiq proqram işlənib hazırlanmalıdır. Elə proqram ki, həm yüzminlərlə payçının hüquqlarını təmin etsin, həm də işlək olsun. Düşünürəm ki, nə zamansa bu məsələyə yekun vurulacaq. Bu baxımdan prosesi yubatmağa və süründürməçiliyə ehtiyac yoxdur”.

İqtisad elmləri doktoru Əhməd Qəşəmoğlu:

“Özəlləşdirmə çekləri ilə bağlı ədalətsizlik baş verib. Bu istiqamətdə ciddi tədbirlər görülməsi vacibdir. Bu çeklərin dövriyyəyə buraxılmasından 25 ildən artıq zaman keçir. Kifayət qədər böyük zamandır. Çox təəssüf ki, bu proses bəzi fırıldaqçı və işbazların maraqlarına uyğun şəkildə aparıldı. Nəticədə pay sahibləri böyük ziyana uğradılar. Hansı ki, bu çeklərlə bağlı fərman veriləndə insanlar ümid edirdilər ki, bu, onların həyatında müsbətə doğru dəyişikliklər yaradacaq. Təəssüf ki, bəzi işbazlar bu dəfə də estafeti ələ aldılar və milyonlarla insanın arzusunu suya düşürdülər.

Bu gün də çekləri əllərində qalan, tarixi ədalətin bərpa olunacağı günü səbirsizliklə gözləyən yüzminlərlə vətəndaşımız var. Onları Allahın ümidinə buraxmaq olmaz. Heç olmasa, indi bu insanların gələcəyinə sahib çıxsınlar. Ya yeni qanun qəbul etsinlər, ya tədavül müddətini artırsınlar, ya da kompensasiya ödəsinlər”.

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, əmlak eksperti Vüqar Oruc:

“Ötən əsrin 90-cı illərinin sonlarında mərhum Prezident Heydər Əliyevin bununla bağlı fərmanı cəmiyyətdə ruh yüksəkliyi ilə qarşılandı. Hamı bu çeklərin sayəsində əmlaka sahib olacağını, dividendlər əldə edəcəyini düşünürdü. O zamanlar biz gənc idik, amma bizim də xəyallarımız var idi.

Lakin sonradan məlum oldu ki, bu çeklər, əsasən məmur oliqarxiyasının və işbazların mənafeyinə xidmət edib. Gələcəyə və bu vauçerlərə ümidlə baxan vətəndaşlar isə bu prosedən kənarda qaldılar. Qanuna görə, özəlləşdirilən dövlət əmlakının 65 faizinin payçıları vətəndaşlar olmalı idi. Lakin bu, baş vermədi.

Çeklər üçün konkret müddət nəzərdə tutulmamışdı. Lakin günün birində elan etdilər ki, tədavül müddəti başa çatıb. Heç olmasa, bu gün çekləri əllərində qalan insanların probleminə aydınlıq gətirsinlər. Bu məsələyə məntiqli yekun vurulmalıdır. Hesab edirəm ki, vətəndaşların bununla bağlı hökumət başçısına və rəsmilərinə ünvanladıqları müraciətə müsbət cavab veriləcək”.

İqtisadçı ekspert Natiq Cəfərli:

“Bununla bağlı yeni qanun layihəsi qəbul oluna bilər. Bundan sonra özəlləşdirmə çekləri yenidən tədavülə qayıda bilər. Köhnə qaydalarla onların yenidən dövriyyəyə qaytarılması çətinlik yarada bilər. Üzərindən uzun müddət keçib, bu müddətdə dəfələrlə inflyasiyalar baş verib, bu dəyişikliklər fonunda həm manat, həm də həmin müəssisələr dəyərini itirib. Bu baxımdan yeni qanunun qəbulu lazımdır ki, bu məsələyə ədalətli formada yekun vurulsun.

Bu gün hökumətin əlində əsasən böyük şirkətlər qalıb. Onların özəlləşdirməyə çıxarılması zamanı çeklərdən istifadə oluna bilər. Bütün hallarda yüzminlərlə vətəndaş tarixi ədalətin bərpa olunacağı günü gözləyirsə, onların çağırışlarına cavab vermək lazımdır. Azərbaycan hökuməti problemin həlli istiqamətində hərəkətə keçməlidir”.

“Altay” Sosial-İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri, iqtisadçı ekspert Elçin Bayramlı:

“Özəlləşdirmə çekləri ilə bağlı kütləvi şəkildə vətəndaşların hüquqları pozulub və onlara məxsus əmlak məmur-oliqarxiyasının əlinə keçib. Özəlləşdirmə çekləri ilə bağlı müzakirələr yenidən aktuallaşıb. Ona görə aktuallaşıb ki, vətəndaşlara çatmalı olan pay bəzi işbazlar tərəfindən qəsb olunub. Buna etiraz edən, hüquqlarının pozulması ilə barışmayan vətəndaşlar çeklərini satışa çıxarmaqdan imtina ediblər.

10 ildən artıqdır ki, onların əlində olan çeklər – hansı ki, vacib qiymətli dövlət kağızıdır – əhəmiyyətsiz kağız parçasına çevrilib. Onların bununla bağlı müraciətlərinə isə heç bir reaksiya verilmir. Nəhayət, Azərbaycan hökuməti özəlləşdirmə çekləri ilə bağlı məsələyə nöqtə qoymalıdır. Ədalət hansısa formada bərpa olunmalıdır. Ya tədavül müddətini artırmalı, ya da dəymiş ziyanı ödəməlidirlər. Müvafiq qurumlar bununla bağlı hərəkətə keçməlidir. Çeki əlində qalan vətəndaşların statistikası aparılmalı, müvafiq proqram hazırlanmalı və icraya yönəldilməlidir. Yalnız bu yolla ədalətin bərpasına nail olmaq olar”.

“MBA Group” konsaltinq şirkətinin direktoru, iqtisadçı ekspert Nüsrət İbrahimov:

“Özəlləşdirmə prosesi ciddi qüsurlarla müşayiət olunub. Qanunda nəzərdə tutulurdu ki, özəlləşdirməyə çıxarılacaq dövlət əmlakının əsas payçıları vətəndaşlar olacaq. Çünki Azərbaycan bir sistemdən digər sistemə keçid edirdi. Sovetlər dövründə kollektiv təsərrüfatçılıq mövcud idi. Kapitalist sistemi isə liberal bazar iqtisadiyyatını özündə ehtiva edir. Sovet Azərbaycanı tərəfindən ərsəyə gətirilən dövlət əmlakının varisləri vətəndaşlar olmalı idi.

O zaman bununla bağlı mütərəqqi fərman verildi. Bu qərar çox ciddi rezonans doğurdu. Lakin göründüyü kimi, proses yarımçıq saxlanıldı. Hansı ki, qanunda “tədavül müddəti” deyilən anlayış mövcud deyil və sonradan belə bir qərarın verilməsi payçıların hüquqlarının pozulması deməkdir.

Tədavül müddətini artırmaq və ya kompensasiya ödəmək formasında dəymiş zərəri aradan qaldırmaq mümkündür. Müvafiq qurumlar bununla bağlı statistik araşdırmalar aparmalı, dəymiş ziyanın miqyasını müəyyən etməlidir. Nəzərə almaq lazımdır ki, yüzminlərlə vətəndaş hələ də çekləri əlində gözləyir. Onlara dövlətin ayırdığı imkandan bəhrələnmək hüququ yaradılmalıdır. Əvvəlcə müəyyən olunmalıdır ki, əllərdə nə qədər çek var. Buna müvafiq olaraq kompensasiya mexanizmləri hazırlanmalıdır. Hər hansı komissiya və ya qurum yaradıb, bu məsələyə birdəfəlik son qoymaq lazımdır”.

“Fame Pro” konsaltinq şirkətinin direktoru, əmlak eksperti Fərid Rüstəmov:

“Tarixi ədalət gözləyən yüzminlərlə vətəndaşın konstitusion hüquqları bərpa edilməlidir. Ümummilli lider Heydər Əliyevin əhaliyə özəlləşdirmə çeklərinin verilməsi ilə bağlı qərarı mütərəqqi addım idi. Sovetdən qalma dövlət əmlakının Azərbaycan vətəndaşları arasında bərabərhüquqlu şəkildə bölünməsi, özəlləşdirməyə çıxarılacaq dövlət əmlakının 65 faizinin əvəzsiz olaraq ölkə vətəndaşları arasında paylanılması, habelə inflyasiyadan qorunmaqla hər bir vauçer üçün konkret məbləğin müəyyən edilməsi mühüm qərar idi.

Qeyd olunurdu ki, özəlləşdirmə çekləri “Qiymətli kağızlar haqqında” qanunla tənzimlənir və bu qanunda qiymətli kağızlar üçün zaman məhdudiyyətinin olmaması aydın şəkildə təsbit edilib. Yalnız vətəndaşın ona məxsus olan qiymətli kağızı satması və könüllü şəkildə hədiyyə etməsi kimi məqamlar öz əksini tapıb. Bu baxımdan  tədavül müddətinin dayandırılması ilə bağlı qərar anlaşılan deyil. Digər yandan özəlləşdirmə prosesi vətəndaşların deyil, məmur oliqarxiyasının və bəzi işbazların maraqlarına xidmət edib.

Bu gün Azərbaycanda köklü islahatlar həyata keçirilir. Bu islahatlar vətəndaşların rifah halının yüksəldilməsinə, dövlət-vətəndaş münasibətlərinin yaxşılaşdırılmasına xidmət edir. Məhz bu islahatların nəticəsində neqativ fəaliyyəti ilə məşhurluq qazanan yüksək rütbəli məmurların əksəriyyəti yola salınıb. Özəlləşdirmə maxinasiyaları da əsasən bu qəbildən olan məmurların dövründə baş verib. Hörmətli deputatlarımızın və ziyalılarımızın təşəbbüsünə qoşularaq, müvafiq qurumları özəlləşdirmə çekləri əlində qalan vətəndaşlarımızın qanunu haqlarını bərpa etməyə dəvət edirəm”.

“REC-İNVEST” şirkətinin direktoru, əmlak eksperti Elnur Əsədov:

“Özəlləşdirmə payları ilə bağlı mövzuya məntiqi yekun vurulmalıdır. Yüzminlərlə vətəndaş özəlləşdirmə çekləri əlində tarixi ədalətin bərpa olunacağı günü gözləyir. Misal üçün, o zaman bu vauçeri alan şəxsin 40 yaşı var idisə, artıq onun 65 yaşı var. Bu adamlar dövlətin sovetlər dövründən miras olan əvəzsiz payını istifadə etməyiblər. Ortaya haqlı sual çıxır: bəs onlar dünyasını dəyişsələr, nə baş verəcək? Düzdür, vauçerlər adsız kağızdır, tədavül müddəti bərpa olunsa, varisləri istifadə edəcək. Artıq bu məsələyə yekun vurmağın zamanıdır. Deputatlar, ziyalılar bununla bağlı təşəbbüs qaldırırlar. Özəlləşdirmə payları əlində qalan vətəndaşlar sosial şəbəkələrdə fəalllıq nümaiyş etdirir, müvafiq qurumlara müraciət edirlər.

Özəlləşdirməyə çıxarılacaq dövlət əmlakının 65 faizinin vətəndaşlara məxsus olması qanunvericilikdə öz əksini tapıb. Qarşıda növbəti özəlləşdirmə prosesi olacaq. Hesab edirəm ki, ya hər bir vauçer üçün qanuna müvafiq olaraq kompensasiya ödənilməli, yaxud da növbəti özəlləşdirmə prosesində onların 65 faiz payla iştirakı təmin edilməlidir”.

“Fm Consulting” şirkətinin direktoru, iqtisadçı ekspert Nahid Həsənov:

“Müstəqil Azərbaycan dövlətinin memarı, ulu öndər Heydər Əliyev 1996-cı ildə tarixi fərman imzaladı. Bu fərmanla ölkə vətəndaşlarına əvəzsiz özəlləşdirmə çekləri paylanıldı. Lakin sonradan prosesin icrası zamanı qüsurlara yol verildi… Ümidvaram ki, nəhayət, ədalətli bir qərar qəbul ediləcək.

Özəlləşdirmə çekləri qiymətli dövlət kağızıdır və onlar üçün tədavül müddəti nəzərdə tutulmamalıdır. Bu mənada məsələyə aydınlıq gətirilməsi, dəymiş zərərin ya qəbul edilmiş normativlərə uyğun olaraq ödənilməsi, ya da növbəti özəlləşdirmələr zamanı payları əlində qalan vətəndaşların iştirakına şərait yaradılması labüddür. Müvafiq qurumlar bununla bağlı hərəkətə keçməli və tarixi qərarı elan etməlidir”.

Əmlak eksperti Ramil Qasımzadə:

“Azərbaycan hökuməti özəlləşdirmə çekləri ilə bağlı qanunun tələblərinə əməl etməlidir. Bu qanun qəbul olunanda qeyd olunurdu ki, ölkə vətəndaşları əldə etdikləri özəlləşdirmə çekləri vasitəsilə müxtəlif müəssisələrin, zavod və fabriklərin özəlləşdirilməsində iştirak edə bilərlər. Bu, kifayət qədər vacib və ciddi məqam idi. Bir sistemdən digər sistemə keçid edən ölkənin vətəndaşlarının yeni sistemə inteqrasiyası, məşğulluğun artırılması baxımından da bu önəmli bir Qanun və Fərman idi.

Həm parlamentdə, həm də ölkə ziyalıları tərəfindən özəlləşdirmə çeklərinin tədavül müddətinin artırılması, yaxud da dəyən zərərin kompensasiya şəklində ödənilməsi ilə bağlı rəsmi dairələrə çağırışlar edilir. Vauçerləri əlində qalan vətəndaşlar da müvafiq qurumlara müraciətlər edirlər. Hesab edirəm ki, hər şey hökumətin qərarından asılıdır. Elə qərar vermək lazımdır ki, yüzminlərlə vətəndaşın hüquqları bərpa edilsin”.

İqtisadiyyat üzrə elmlər doktoru, professor Elşad Məmmədov:

“1990-cı illərdə özəlləşdirmə sahəsində problemlər yaşandı. Bu, təkcə Azərbaycana aid məsələ deyil, bütövlükdə bölgədə, qonşu ölkələrdə də problemlər yarandı. Azərbaycanda da özəlləşdirmə ilə bağlı qərar verildi və çeklər dövriyyəyə buraxıldı. Amma o çeklərdən özəlləşdirmədə effektiv şəkildə istifadə edilməsinin şahidi olmadıq.

İllər keçdi, çeklərdən istifadə prosesi yarı-yarımçıq edildi. 2011-ci ildə çeklərin tədavül müddəti bitdi və bu qiymətli kağızlar yararsız kağız parçasına çevrildi. İndi onun yenidən dövriyyəyə buraxılması, özəlləşdirmə prosesində istifadəsi mürəkkəbləşib. Lakin hesab edirəm ki, bu problemi həll etməyin müxanizmi var.

Əllərdə qalan vauçerlərin qiymətli kağızlar olduğunu unutmamaq lazımdır. Həm də dövlət tərəfindən tanınan qiymətli kağızlardır. Emissiya prosesində çeklərdən istifadə edilməlidir. Emissiya mütərəqqi sistemlərdə belə baş verir: hansısa qiymətli kağızların alınmasına dövlət pul ayırır və bunun hesabına iqtisadiyyata pul kanalları cəlb edir.

Düşünürəm ki, məhz bu qiymətli kağızlardan belə formada istifadə edə bilərik. Müvafiq proqram hazırlanmalı, qiymətli kağızlar investisiya axınlarına cəlb edilməlidir. Proqram hazırlanmalıdır ki, iqtisadiyyata, real sektora investisiyalar gəlsin və o qiymətli kağızlar emissiyanın istiqaməti olsun. Çünki emissiya məqsədli olmalıdır, pulu iqtisadiyyata elə-belə atmaq olmaz.

Hesab edirəm ki, əllərdə qalan çeklərin tədavülə qayıtması vacib amillərdəndir. Lazım olarsa, mən bu sistemin formalaşdırılması, hazırlanması və tətbiqində iştirak etməyə, dəstək verməyə hazıram. Məsələn, işğaldan azad olunmuş ərazilərdəki əmlakın özəlləşdirilməsində vauçerlərdən istifadə oluna bilər. Əgər biz çeklərin effektiv dövriyyəsini təmin edə bilsək, sözsüz ki, azad ərazilərdəki əmlakın özəlləşdirilməsində effektiv istifadə mümkündür. Hesablamalara görə, azad edilmiş ərazilərdə on milyardlarla manatlıq investisiya portfelinə ehtiyacımız var. Sözsüz ki, xarici investisiyalar bizə lazım olacaq. Amma daxili investisiya resurslarını da unutmamaq lazımdır. Burada özəlləşdirmə çeklərinə, qiymətli kağızlara ehtiyacımız olacaq”.

İqtisadçı ekspert Razi Abbasbəyli:

“2011-ci ildən sonra çeklərin qiymətli kağız statusu ləğv edildiyinə görə onların istifadə ediləcək ünvanları yoxdur. Paradoks odur ki, çeklər tədavüldən çıxarılsa da, onların etibarsızlığı ilə bağlı ortada qanunvericilik aktı yoxdur. 2011-ci ildən vauçerlərin istifadə müddəti uzadılmadı ki, bu, mübahisəlidir.

2011-ci ilədək çeklər dövlətin qiymətli kağızı hesab olunurdu. Çeklər bu gün də dövlətin qiymətli kağızı hesab olunur. Məsələ burasındadır ki, çeklər ləğv edilməyib. Bu, vətəndaşın özəlləşdirmədə iştirakını təmin etmək üçün qiymətli kağızdır. Amma bu gün faktiki olaraq bu çeklər özəlləşdirmədə iştirak etmir və bu, tamamilə yanlış yanaşmadır.

Qiymətli kağızlarla bağlı qanun qüvvədə olsa da, çeklərdən istifadə mümkün deyil. Hesab edirəm ki, Prezident müvafiq sərəncam verməli, özəlləşdirmə çeklərinin istifadəsinə təkrar şərait yaradılmalıdır. Dövlət əmlakının özəlləşməsində dövlətin verdiyi qiymətli kağızlardan istifadəyə şərait yaratmaq mümkündür.

Sadə bir mexanizm var ki, bununla vətəndaşların konstitusion hüquqlarından istifadə etmələri mümkün olsun. Bu məsələnin həlli bir, yaxud iki rəsmi qərar və normativ hüquqi aktla mümkündür. Bu gün Azərbaycanda xeyli sayda vətəndaşda çeklər qalıb ki, onlar bundan yararlana bilməyiblər. Məsələni həll etməklə həm narazılıq aradan qalxar, həm də haqqı pozulanların hüquqlarının qorunması təmin edilər”.

İqtisadçı alim Qubad İbadoğlu:

“Özəlləşdirmə çeklərimizi bu günə qədər saxlayırıq. Beynəlxalq təcrübədə özəlləşdirmə çeklərindən kütləvi özəlləşdirmə prosesi zamanı istifadə olunur. Heç şübhəsiz, vauçerlər qiymətli kağızdır və “Qiymətli kağızlar haqqında” qanunla tənzimlənir. Baxmayaraq ki, tədavül müddəti başa çatıb, vauçerlər yenə də qiymətli kağızdır.

Nəzərə alanda ki, bu gün də Azərbaycanda özəlləşdirməyə çıxarılacaq dövlət müəssisələrinin sayı az deyil, vauçerlərdən bu prosesdə istifadə oluna bilər. Lakin bunun üçün siyasi iradə olmalıdır. Bu olacaqsa, sosial ədalət tələb edən vətəndaşların problemi də öz həllini tapacaq”.

QEYD

Ötən əsrin sonlarında, konkret desək, 1996-cı ildə Ulu Öndər Heydər Əliyevin fərmanı ilə vətəndaşlara mülkiyyət sahibi olmaq üçün paylanmış qiymətli kağızlar 2011-ci ildən bu yana tədavüldə deyil. Əllərində qiymətli kağız olan vauçerləri qalmış yüzminlərlə vətəndaş tədavül müddətinin bitməsinin qanunsuz olduğunu, hüquqlarının bərpa olunmasını istəyir.

Zaman-zaman özəlləşdirmə çekləri ilə bağlı müxtəlif sahələrin ekspertləri, hüquqşünaslar, deputatlar, ziyalılar hökumətə pozulan hüquqlarının bərpası ilə bağlı müraciətlər edirlər. Müraciət edən şəxslər konkret arqumentlərlə çıxış edir ki, SSRİ dövrü və ya ondan əvvəlki illərdə ölkə daxilində yaranmış sərvətlərin 65 faizinin özəlləşdirmə çekləri vasitəsilə aparılması çeklərin üzərində yazılan “Bu özəlləşdirmə çekləri Azərbaycan Respublikasının dövlət mülkiyyəti ilə təmin edilir” sözləri ilə düz mütənasibdir.

Çeklərin hər birinin dəyəri eynidir və 1 pay 4 çekdən ibarətdir. Bu hissəyə düşən əmlak ekvivalenti payı qanunda inflyasiyadan qorunan əmlak ekvivalenti payı kimi göstərilib. Eyni zamanda, çeklərin etibarlılıq müddəti kimi bir anlayış və göstəriş yoxdur. Əllərində çekləri qalmış vətəndaşlar özəlləşdirmə prosesində iştirak edə bilmədikləri səbəbindən o çekləri hələ də saxlamaqdadırlar.

Vurğulanır ki, tədavüldən çıxarılan özəlləşdirmə çekləri qiymətli kağızlar hesab olunsa da, bu çeklərlə bağlı verilən qərarlar qanunvericiliklə düzgün aparılmayıb. Belə olan təqdirdə əlində özəlləşdirmə payları qalan şəxslərlə bağlı konkret addımlar atılması tələb olunur.

Əlavə qeyd

Hamı bilməlidir ki, Ulu Öndər Heydər Əliyev tərəfindən verilən miras özəlləşdirmə payı mülkiyyət hüququ və bu hüququ təsdiq edən dövlət qiymətli kağızı olan özəlləşdirmə çekləri qanunla verilib!

Heydər Əliyevin özəlləşdirmə qanununun icrası üçün verdiyi və imzaladığı 450 nömrəli Fərman isə qanunla müəyyən edilmiş qaydada hər bir vətəndaşa düşən miras özəlləşdirmə paylarını təsdiq edən özəlləşdirmə çeklərinin dövlət öhdəliyi olaraq vətəndaşlara paylanılması və birincili olaraq yerləşdilməsini icra etmək üçün verilib. Bu gün də qüvvədə olan bu Fərmanla təsdiq olunmuş özəlləşdirmə çekləri haqqında Əsasnamənin 5-ci bəndi ilə bütün özəlləşdirmə dövründə özəlləşdirmə çeklərindən ödəmə vasitəsi kimi qəbulundan imtina etmək qəti qadağan olunub.

Fərman nə hüquq verir, nə də qanunun verdiyi hüququ ala bilər! Kompensasiya ödəmədən, məmurların hiyləsi ilə Fərman əsasında özəlləşdirmə çeklərini dövriyyədən cıxarmaqla aparılan özəlləşdirmə qanunsuzluq, xalqa qarşı ədalətsizlik və dövlətə qarşı təxribatdır!

Konstitusiya Məhkəməsinin ekspertləri olan hüquqşünas alimlərin 2022-2023-cü illərdə apardıqları elmi-praktik araşdırmaların nəticəsi kimi, 10-dan çox alimin rəyi əsasında yazılmış, Prezidentin nəzarətində olan Ali Attestasiya Komissiyasının “Qanun” jurnalında dərc olunmuş 4 məqalədə təsdiqlənmiş hüquqi faktlardan sonra, artıq hüquqşünaslar və ziyalılar mətbuatdakı çıxışlarında 13 ildir çeklərsiz aparılan özəlləşdirmənin xalqa qarşı cinayət və dövlətə qarşı təxribat olduğunu açıq-aşkar səsləndirirlər. Bu isə öz növbəsində tarixi ədalətin bərpa ediləcəyinə böyük ümidlər yaradır.

Alimlərin araşdırmasından məlum olur ki, qanunla inflyasiyadan qorunuan hər özəlləşdirmə payına düşən əmlak payı dəyəri bu gün üçün ən azı 20 000 ABŞ dolları dəyərindədir və Ulu Öndərin xalqa vədinə əsasən, tarixi ədalət naminə bu gün qanunvericiliklə Azərbaycan İnvestisiya Holdinqindəki bütün müəssisələrin və gələcəkdə özəlləşdiriləcək bütün orta və iri müəssisələrin əmlak dəyərinin ən azı 65%-i özəlləşdirmə çekləri ilə əvəzləndirilməlidir.

Qanunla bütün investorlar kollektivə məxsus 15%-dan qalan səhmlər və 50%-in üstünə gələrək ancaq özəlləşdirmə çekləri ilə ödəməlidir. Dövlət qanunla belə müəssisələrin ancaq ona məxsus olan 35%-nin pulla satışını həyata keçirə bilər. Ulu Öndərin imzaladığı qanunlar və Konstitusiya yeni ictimai sistemə keçid üçün sosisal tarixi ədalət naminə ölkənin ən kasıb vaxtında dövlətin iqtisadi və sosial siyasətinin əsası kimi qəbul olundu. Ümummilli Lider qanunla bütün özəlləşdiriləcək orta və böyük müəssisələrin 50+15%-nin özəlləşdirmə çekləri ilə aparılacağını dünyaya elan etdi. Hətta icarəyə verilmiş müəssisələrin gələcəkdə özəlləşdirilməsi və investisiya müsabiqələrinin özəlləşdirilməsi ancaq qanunun qoyduğu bu qayda ilə aparılmalı idi. Dövlət öhtəliyi kimi qanunla qoyulmuş bu qaydaları heç bir Fərman və hətta sonradan qəbul olunacaq hec bir qanun Konstitusiyaya zidd olaraq dəyişə bilməz!

Mövzuya dair daha ətraflı məlumatla bu KEÇİDə daxil olmaqla tanış ola bilərsiniz.

Müəllif: Aydın Gəray

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top