Sadə xəbər
Bu gün Milli Məclisin Ailə, qadın, uşaq məsələləri komitəsində "Məişət zorakılığının qarşısının alınması" haqqında qanun layihəsinə əlavə və dəyişikliklərin edilməsi ilə bağlı müzakirə keçirilib. Qanun layihəsinin müzakirələri zamanı çıxış edən millət vəkili, Milli Məclisin Ailə, qadın, uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva, 2010-cu ildə birinci Vitse-prezident, xanım Mehriban Əliyevanın təşəbbüsü ilə millət vəkili ikən hazırlanan və qəbul edilən qanunun bu sahədə baza rolunu oynadığını və bir çox sahə qanunları ilə tənzimləndiyini bildirib. Ötən illər ərzində qanuna bir-neçə dəfə əlavə və dəyişikliklərin edilməsinin günün real tələblərindən doğduğunu söyləyən Jalə Əliyeva, hazırda müzakirə edilən dəyişiklikləri humanist və proqressiv dəyişikliklər olaraq dəyərləndirib. Eyni zamanda təəssüf ki, demək olar hər gün baş verən müxtəlif xarakterli məişət zorakılığı hallarının, xüsusilə ağır nəticələrlə - cinayətlə, ölümlə sonuclanan hadisələrin qarşısını maksimum dərəcədə almaq, bu kimi halların miqyasını azaltmaq üçün sahə qanunlarının yenidən nəzərdən keçirilməsini, lazım gələrsə sərtləşdirilməsini təklif edib, , problemlə bağlı maarifləndirmə işlərinin genişləndirilməsinin vacibliyini vurğulayıb.