Naxçıvan Ali Məclisinin yeni veb-saytı istifadəyə verilib

CƏMİYYƏT 19.03.2024 2254
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin fəaliyyətində aşkarlığın təmin olunması, həyata keçirilən tədbirlərin obyektiv işıqlandırılması, ictimaiyyət, media ilə əlaqələrin genişləndirilməsi məqsədilə 8 bölmə və 65 alt bölmədən ibarət yeni veb-saytı yaradılıb.

Saat24.az" xəbər verir ki, yenilənmiş sayt həm dizayn, həm də məzmun cəhətdən əvvəlki versiya ilə müqayisədə daha da təkmilləşdirilib və yeni informasiyalarla zənginləşdirilib. İstifadəçi rahatlığını təmin etmək üçün daha müasir proqram təminatlarından istifadə olunub.

Sayta daxil olarkən açılan pəncərədə Prezident Kitabxanasının rəsmi internet saytında yerləşdirilən “Naxçıvan Muxtar Respublikası - 100” adlı elektron məlumat bazasına və muxtariyyətin 100 illiyi ilə bağlı Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən hazırlanan sayta keçid etmək mümkündür.

İzləyicilər https://alimajlis.gov.az/ internet ünvanına daxil olmaqla, Ali Məclisin fəaliyyəti haqqında ətraflı məlumat əldə edə biləcəklər. Ümumi dizayn, məzmun, istifadəçi rahatlığı, texniki imkanlar nəzərə alınmaqla sayt yenidən qurulub. Əsas menyusunda “Ana səhifə”, “Haqqımızda”, “Qanunvericilik”, “Cari fəaliyyət”, “Azərbaycan”, “Naxçıvan MR”, “Xəbərlər”, “Media” bölmələrinin yer aldığı yeni saytın yaradılmasında məqsəd bütün istifadəçilər, o cümlədən Ali Məclisə müraciət edən bütün şəxslər üçün saytın daha əlçatan olmasının təmin edilməsi, vətəndaş müraciət və sorğularına daha operativ şəkildə cavab verilməsi, Ali Məclisin fəaliyyəti barədə məlumatlandırma və maarifləndirmə işini təşkil etmək, ictimaiyyətin Ali Məclisin fəaliyyəti ilə əlaqədar məlumatları sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə qanunla müəyyən edilmiş qaydada əldə etməsini təmin etməkdir. Saytda Ali Məclis və onun strukturu haqqında məlumat, foto və videomateriallar yerləşdirilib, həmçinin Ali Məclisin qanunvericilik fəaliyyəti, deputatları, Aparatının əməkdaşları, keçirilən tədbirlər, plenar, komitə və komissiya iclasları haqqında məlumatlar yerləşdirilib.

Qeyd etmək lazımdır ki, saytda “Naxçıvan MR” bölməsində yerləşən “Ulu Öndər Heydər Əliyevin Naxçıvan dövrü (1990-1993)” alt bölməsində Ümummilli Liderin Naxçıvanda fəaliyyəti ilə bağlı məlumat, eləcə də Ali Məclisdə işlədiyi dövrə, sessiyalardakı çıxışlarına dair fotolar, Ali Məclisin tarixi, Naxçıvan Muxtar Respublikasının Konstitusiyası, muxtariyyətlə bağlı materiallar, Moskva və Qars müqavilələri, həmin müqavilələr əsasında hazırlanmış xəritələr yerləşdirilib.

Vətəndaşları hüquqi aktlar barədə məlumatlandırmaq və həmin aktları əlçatan etmək məqsədilə Naxçıvan Muxtar Respublikası hüquqi aktları Ədliyyə Nazirliyinin hüquqi aktların vahid elektron bazası olan “e-qanun.az” saytının Naxçıvan Muxtar Respublikası bazasına inteqrasiyası təmin edilib.

Saytın yenilənmiş versiyasının əsas üstün cəhətlərindən biri də mobil telefonlar üçün interfeysinin hazırlanmasıdır. Yenilənmiş saytdan həm kompüter, həm mobil telefon, həm də planşet vasitəsilə istifadə etmək mümkündür.

Saytın əsas xüsusiyyətlərindən biri də “Vətəndaşlar üçün” başlığı altında “Əlaqə”, “Sorğu”, “Qəbul günləri”, “Müntəzəm verilən suallar”, “Müraciət” və “Qəbula yazılmaq” bölmələrinin yaradılmasıdır. “Əlaqə” bölməsində Ali Məclisin ünvanı, elektron poçtu, əlaqə telefonları yerləşdirilib. Vətəndaşlar aidiyyəti üzrə müraciətlərini asanlıqla elektron poçta ([email protected]) göndərə biləcəklər. Hər bir internet istifadəçisinə Ali Məclisin sədrinə, onun müavinlərinə, Ali Məclisin deputatlarına, həmçinin Aparatın vəzifəli şəxslərinə birbaşa müraciət etməsi üçün imkanlar yaradılıb.

Saytda, eyni zamanda, Ali Məclisin sosial media hesablarına - “Facebook” (Ali Məclis), “Instagram” (alimajlisofficia), “X” (@_AliMajlis_), “Youtube” (@AliMajlis), “Linkedin” (Ali Məclis) və “Telegram”a (Ali Məclis) keçid imkanları mövcuddur. Artıq yenilənmiş saytdakı materialları sosial şəbəkə hesablarında operativ şəkildə paylaşmaq mümkündür.

Saytın “AzStateNet” şəbəkəsində yaradılması kibertəhlükəsizlik baxımından zəmanət verir. Ali Məclisin rəsmi internet saytı Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən müasir proqramlaşdırma dillərindən istifadə edilərək hazırlanıb. Yenilənmiş internet səhifəsinin SSL (təhlükəsizlik) sertifikatı ilə təmin olunması, optimizasiyası (SEO-Search Engine Optimization), axtarış sistemlərinə uyğunlaşdırılması, “Google” axtarış sistemində qeydiyyatdan keçirilməsi və axtarış sistemlərində ön sıralarda görünməsi üçün zəruri texniki tədbirlər həyata keçirilib. Əvvəlki arxiv qorunub saxlanılıb, saytın yuxarı sağ küncündə əvvəlki versiyaya keçid qoyulub. Həmçinin saytın domen ünvanı da müvafiq qaydada yenilənməklə “GOV.AZ” domeninə bağlı e-poçt adresi ilə təmin edilib.


 
XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top