Ali təhsil müəssisəsinin elmi şurası maliyyəni xərcləmə istiqamətini özü tənzimləməlidir.
"Saat24.az" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev deyib.
"Amma, sözsüz ki, biz də bu prosesə mümkün nəzarəti edirik və edəcəyik. Azərbaycanın elminin inkişafının qısa yollarından biri Türkiyənin ali təhsil müəssisələrində fəaliyyət göstərən azərbaycanlı alimlərdir. Onlar Azərbaycana gəlir, müəyyən müzakirələr edilir. Dil və məsafə yaxınlığı göstərir ki, türk ali təhsil müəssisələri ilə əməkdaşlıq vacibdir. Qısa zamanda nəticə əldə etmək istəyiriksə, buna davamlı şəkildə səy göstərməliyik”.
Emin Əmrullayev vurğulayıb ki, gənclərə vəd verməkdənsə, səlahiyyət və maliyyə verməliyik: “Hazırda bu zalda gənc alimlər arxada əyləşib, hesab edirəm ki, bu elm sahəsində gənclərə münasibəti göstərir. Onları özümüzdən uzaq tutmaq Azərbaycan elmində gənclərə verilən rolun göstəricisidir. Gənclərə vəd verməkdənsə, səlahiyyət və maliyyə verməliyik. Xaricdə təhsil alan gənclər artıq ölkəyə qayıdır. Bu mənada, onları metaforik mənada ön sıralara çəkməliyik, bundan qorxmamalıyıq. Təkcə vəd verməklə nəsə olmur. Gənc alimə ev verməkdənsə, ona elə maaş verək ki, həm özünə ev ala bilsin, həm də motivasiyası olsun".
Nazir gənc alimlərin qərar verəcək postlarda olmasının vacibliyini vurğulayıb:
"Düşünək, nə qədər gənc alim qərar verənlərin sırasındadır? Gəlin sayaq. Görəcəyik ki, bu rəqəm çox azdır".