"Nurəngiz Gün 85 - Ədibin həyat və yaradıcılığına həsr olunmuş nəşrlərin təqdimatı" adlı tədbir keçirilib -Foto

Sadə xəbər
CƏMİYYƏT 20.12.2023 2170
Azərbaycan Yazıçılar Birliyində  müasir Azərbaycan ədəbiyyatının parlaq ismi, görkəmli şair, mərhum anam Nurəngiz Günün 85 illiyi münasibətilə "Nurəngiz Gün 85 - Ədibin həyat və yaradıcılığına həsr olunmuş nəşrlərin təqdimatı" adlı tədbir keçirildi.

Tədbirdə texnika və filologiya elmləri doktoru, şair-publisist Elçin İskəndərzadənin Nurəngiz Günə həsr etdiyi "Günəşin elçisi" esse-monoqrafiyası, şair-tərcüməçi Səlim Babullaoğlunun rəhbəri olduğu Tərcümə Mərkəzinin və Türkiyənin məşhur ədəbiyyat-sənət toplusu olan "Temrin" jurnalının birgə təşəbbüsləri ilə şairəyə həsr etdikləri xüsusi nömrəsi, Həsən bəy Zərdabi İrs Mərkəzinin təsis etdiyi "Nurəngiz Gün Beynəlxalq Ödül" yarışmasının qaliblərinin, eyni zamanda Nurəngiz Günün xarici ölkələrdə yayınlanan şeirlərindən ibarət Antologiyanın və şair Maşallah Məftunun Nurəngiz Gün haqqında qələmə aldığı "Güllərin soyqırımı" kitabları, o cümlədən  dövri mətbuatın, ədəbi jurnalların yubiley münasibətilə yayınları geniş oxucu kütləsinə təqdim edildi. 
Xalq yazıçısı, Yazıçılar Birliyinin sədri Anar, akademik Teymur Kərimli, millətvəkili Arzu Nağıyev, professor Vaqif Yusifli, Bədii Tərcümə Mərkəzinin rəhbəri, Yazıçılar Birliyinin katibi Səlim Babullaoğlu, Aerokosmik Tədqiqatlar Agentliyinin rəhbəri, texnika və filologiya elmləri doktoru  Elçin İsgəndərzadə, ədəbi tənqidçi, "Azərbaycan" jurnalının baş redaktor müavini Əsəd Cahangir,  "Qobustan" jurnalının baş redaktoru, yazıçı Pərvin,  filologiya üzrə elmlər doktoru Bahar Bərdəli, "Zərdabi Nəşr" nəşrlər  evinin direktoru Elman Qasımov, tarix üzrə fəlsəfə doktoru, milyonçu Ağamusa Nağıyevin nəvəsi Dilarə Nağıyeva, şairələr Aləmzar Sadıqqızı, Narıngül Nadir  və  başqaları tədbirdə çıxış etdilər. Çıxışçılar təqdim edilən nəşrlərin ədibin həyatı və yaradıcılığı haqqında müfəssəl məlumat-mənbə xarakteri daşıdığını, bu nəşrlərin Nurəngiz Gün haqqında tədqiqat aparacaq gənc tədqiqatçılar, alimlər üçün samballı bir qaynaq olduğunu ifadə etdilər, şairənin ədəbiyyatımıza bəxş etdiyi əsərlərin mənəvi dəyərindən, bu əsərlərin aşıladığı vətən, torpaq, yurd, insan, təbiət, ana sevgisindən bəhs etdilər, bəşəriyyətə xitab edən dünyəvi poemalarından söhbət açdılar, Nurəngiz Günün yaradıcılığının  daha geniş və əhatəli şəkildə, elmi əsaslarla tədqiq edilməsinin vacibliyini vurğuladılar.

Tədbirin bütün  təşkilatçılarına, iştirakçılara və çıxışçılara ailəmiz adından 
Nurəngiz Günün xatirəsinə  göstərdikləri ehtiram və sevgilərə görə minnətdarlığımı bildirirəm.

 
XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top