Bakı Mühəndislik Universiteti (BMU) Böyük Britaniyanın “Times Higher Education Impact Rankings 2023” reytinq cədvəlində növbəti dəfə dünyanın ən yaxşı universitetləri sırasında yer alıb.
"Saat24.az" xəbər verir ki, “Times Higher Education Impact Rankings”- Birləşmiş Millətlər Təşkilatının (BMT) Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olunması və DİM üzrə öhdəliklərin uğurlu icrasında universitetlərin rolunun qiymətləndirilməsi ilə bağlı dünyada yeganə qlobal effektivlik cədvəli hesab edilir. Cədvəl tərtib edilərkən ali təhsil müəssisələrinin fəaliyyətləri DİM-in 17 istiqamətinin hamısı üzrə qiymətləndirilir.
BMU-nun artıq üçüncü dəfədir daxil olduğu adıçəkilən reytinq cədvəli 112 ölkə və regiondan 1591 universiteti əhatə edir. Reytinqin müəyyənləşdirilməsində tədqiqat, idarəetmə, təbliğat və tədris kimi dörd geniş sahə üzrə hərtərəfli və balanslaşdırılmış müqayisəni təmin etmək üçün diqqətlə kalibrlənmiş göstəricilərdən istifadə olunub. Bununla yanaşı, reytinq seçimləri üçün reputasiya sorğusu, işçilərin tələbə nisbəti, doktorantura və bakalavr dərəcələrinin nisbəti, doktorluq dərəcələrinin akademik heyətə nisbəti, institusional gəlir kimi parametrlər əsas götürülüb.
Reytinq cədvəlində BMU ilə yanaşı, Azərbaycanın 6 universiteti də (Bakı Dövlət Universiteti, Azərbaycan İnşaat və Memarlıq Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycanı Xəzər Universiteti, Qərbi Kaspi Universiteti, Naxçıvan Dövlət Universiteti də yer alıb.