Zelenskinin Vaşinqton səfəri: Ağ Ev Ukraynanı “ağ gün”ə çıxaracaqmı? - TƏHLİL

DÜNYA 22.12.2022 1877

Rusiyanın Ukraynanı bir neçə günə işğal etmək arzusu ilə bu ölkədə başlatdığı müharibə birinci ilinə yaxınlaşır, amma nə Moskva, nə Kiyev, nə də NATO öz məqsədlərinə mütləq yaxınlaşmanı təmin edə biliblər.

Rusiyanın Ukraynadakı döyüşlərdəki uğursuzluqlar zəncirini hələlik onun strateji məğlubiyyəti kimi qələmə vermək də tezdir, taktiki məğlubiyyətlər isə Moskvanı uçuruma itələyən prosesləri yönləndirmək baxımından Kiyevə və NATO-ya bol fürsətlər verir.

Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsində dünya siyasi sisteminin taleyini müəyyən edəcək müharibənin başlanmasından sonra ilk xarici səfərini ABŞ-yə etməklə Kreml üzərində balta qaldırmağın yollarını axtarmaqda israrlı olduğunu göstərir.

İnadkarlığın müəllifləri və fikir ataları isə daha çoxdur, bunun başında ABŞ-Böyük Britaniya ikilisinin nəhəng maraqlarına söykənən ideyalar dayanır.

Bəli, Zelenskinin əsas dayağı və ən çox güvəndiyi bu iki ölkədir, o mənada ki, ABŞ-Britaniya tandeminin müasir silahları Rusiyanın hərbi arsenalına cavab vermək qabiliyyətindədir. Ancaq hər şey Ukraynanın xeyrinə yüksələn xətt üzrə getmir, bu səbəbdən ki, NATO Rusiya ilə mümkün hərbi konfrontasiyaya girmək meylindən yayındığı üçün Kiyevi uzaqmənzilli raketlərlə təmin etməməyə üstünlük verir.

Zelenskinin Vaşinqton səfəri Rusiya ilə birbaşa müharibəyə qoşulmaqdan ehtiyatlanan ABŞ-nin nəbzini bir daha yoxlamaq məqsədi daşıyır. Zelenski bir məsələdə amalına çatdı, artıq ABŞ Ukraynaya “Patriot” hava hücumundan müdafiə sistemləri verəcək, hərçənd ki, bu silahların effektivliyi və Rusiyanın artan raket hücumları qarşısında nə qədər güclü olacağı suallar doğurur. “Patriot” zenit-raket komplekslərinin nəhəng faydalı iş əmsalı husilərin Yəməndən Səudiyyə Ərəbistanına raketlər tolazlanması zamanı şübhə altına düşüb, lakin bu da normaldır. Çünki heç bir hava hücumundan müdafiə sistemi mütləq tələbata cavab vermək iqtidarında deyil.

Hər halda, “Patriot”ların Ukraynaya tədarükü Moskvaya aydın mesajdır ki, ABŞ Ukraynanın müdafiəsi üçün investisiyaların həcmini genişləndirməkdə maraqlıdır.  

Ancaq “Patriot”lar belə, Zelenskinin qələbə üçün lazım olan tələblərini qarşılamır, çünki Ukrayna lideri Ağ Evdən uzaqmənzilli raketlər, qırıcı təyyarələr, daha təkmil silahlar almaqda aciz qalıb. Açığı, Ukrayna liderini bu məsələdə tələsdirən başqa bir narahatedici xüsusat da mövcuddur.

2023-cü ilin yanvarından ABŞ Konqresinin Nümayəndələr Palatasında respublikaçıların çoxluq təşkil etdiyi yeni tərkib fəaliyyətə başlayacaq, Zelenski ehtiyatlanır ki, bundan sonra Vaşinqton Ukraynaya silah ixracını məhdudlaşdırsın və ya dayandırsın.

ABŞ-nin cari prioritetləri həm Ukraynanı dəstəkləmək, həm də NATO-nun genişmiqyaslı müharibəyə cəlb olunmamasını təmin etməkdir, bu incə balansı Ağ Ev saxlaya bilir, lakin respublikaçıların qanunverici orqandakı dominantlığı həmin tarazlığı da poza bilər - ən azından, Kiyev üçün qorxulu sayıla biləcək bu cür versiyalar az deyil.

İndi Zelenski Ağ Evin Ukraynaya yardım kisəsinə nəzarət edən Konqres üçün inandırıcı tezislər təqdim etməlidir. Ona görədir ki, o, Konqresdəki çıxışında ABŞ-nin bütün yardımlarının xeyriyyə olmadığını və ondan məsuliyyətli şəkildə istifadə edilməsinin vacibliyini birbaşa deyib.

Rusiya lideri Vladimir Putinin Belarusa səfərindən sonra Zelenskinin ABŞ-yə gedərək amerikalı həmkarı Co Baydenlə xoş atmosferdəki görüşləri Kremlə adekvat cavabdır.

Putinin belaruslu həmkarı Aleksandr Lukaşenko ilə gərgin əhvali-ruhiyyədəki danışıqları Rusiyanın tək qaldığının göstəricisi olduğu fikrini arqumentləşdirir.

Zelenskinin Baydenlə tet-a-tet müzakirələr aparması və müharibə tərəfi kimi yüksək səviyyədə qarşılanması həmin arqumentin sürətlə yayılmasına xidmət edir, hərçənd ki, müharibədə qalib müəyyənləşməyib və Ukraynanın əraziləri hələ də işğal altındadır.  

Hər nə qədər isti qarşılanma olsa da, qapalı müzakirələrdə Baydenin Zelenskiyə təhlükələrin miqyası barədə xəbərdaredici tezislər çatdırdığını söyləyə bilərik.

Lakin Zelenski qətiyyət göstərməkdə davam edir, onun inadkarlığı Moskvanı da prinsipiallığından əl çəkdirən faktora çevrilməyib, bu baxımdan qarşıda daha böyük risklərin olacağını proqnozlaşdırmaq olar.

Bayden isə Zelenski ilə müzakirələrdən sonra ABŞ-nin dərin strateqləri ilə masa arxasına əyləşəcək, strateji beyinlər Ukraynaya yardımın Moskva ilə birbaşa hərbi eskalasiyaya girməyəcək həddə qədər olması fikrini Baydenin qulağına pıçıldayacaqlar.

ABŞ Ukraynaya müasir silahlar göndərəcək, lakin bu müharibənin gedişatında həlledici təsir göstərmək imkanı Rusiyanın buna nə ilə qarşılıq verəcəyindən asılı olacaq.

Bu mənada, ABŞ-nin narahatlıqları başadüşüləndir.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top