Hansı sahələrə büdcədən vəsait yönəldilməsinə xüsusi ehtiyac var? - İqtisadçı AÇIQLADI + FOTO

İQTİSADİYYAT 17.12.2022 1820

Maliyyə Nazirliyinin məlumatına əsasən, 2022-ci ilin dövlət büdcəsində 3 milyard 2,6 milyon manatlıq profisit (artıqlıq) yaranıb. Belə ki, 2022-ci ilin yanvar-noyabr aylarında dövlət büdcəsinə 28 milyard 978,1 milyon manat vəsait daxil olub, büdcədən xərclənən vəsait isə 25 milyard 975,5 milyon manat təşkil edib.

Məsələyə münasibət bildirən iqtisad üzrə fəlsəfə doktoru Elçin Süleymanov Saat24.Az-a açıqlamasında qeyd edib ki, “Büdcə sistemi haqqında” Qanuna görə, büdcədə profisit yarananda bu vəsait il sonunda silinir və növbəti ilin büdcəsində nəzərə alınır:

“Yəni konkret müəyyən bir istiqamətə yönəltmə olmur. Hər il dövlət büdcəsində xərclər gəlirlərdən bir az daha artıq nəzərdə tutulur. Amma bəzən xərclərə qənaət edilərək, bəzən də nəzərdə tutulduğu halda görülməyən işlərə görə xərclənməyən vəsait qalır. Ümumilikdə isə vergi və gömrük sistemində inzibatçılığın, şəffaflıq tədbirlərinin genişləndirilməsi son illərdə dövlət büdcəsinin gəlirlərini artırıb. Vergi və gömrük xidmətləri hesabına bir milyarddan artıq vəsait toplanıb”. 

Ekspert hesab edir ki, büdcədəki bu cür vəsaitlər hesabına gələcəkdə iqtisadiyyatın müəyyən sahələri daha gəlirli ola bilər:

“Məsələn, həmin vəsaitin xüsusilə qeyri-neft sektorunda kiçik və orta sahibkarlığın inkişafına dəstək məqsədli verilməsi məqsədəuyğun olardı. Çünki bəzən banklar və qeyri-bank qurumlardan kifayət qədər böyük faizli kreditlər alınır, bu da şirkətin mənfəətliyini aşağı salır. Daha sonra şəxslər sahibkarlıq fəaliyyətindən imtina edirlər, şirkətlər bağlanır. Düşünürəm ki, həm kənd təsərrüfatı, həm digər sahələrdə kiçik və orta sahibkarlıq subyektinə aşağı faizli kredit verilməsi mühüm addım olardı. Çünki vəsaitin qarşılıqsız verilməsi də çox effektiv olmaz. 

Bir başqa istiqamət isə infrastruktur istiqamətinin inkişafını əsas götürməklə regionların inkişafına şərait yaratmaqdan ibarət ola bilər. Çünki infrastrukturun inkişafı regionlarda iqtisadi inkişafa müsbət təsir göstərir. Son illərdə bu istiqamətdə müəyyən işlər görülüb, amma bu daha da artırıla bilər. Nəticədə iqtisadiyyatın Bakı-Abşeron ərazisində cəmləşməsinin də qarşısı alınar. Çünki iqtisadi fəallıq, iqtisadiyyatın 94 faizi Bakı-Abşeron üzərindədir”. 

İqtisadçı üçüncü prioritet istiqamətin işğaldan azad edilən ərazilərdəki fəaliyyətlərdən ibarət olduğunu və bu yöndə hökumət tərəfindən lazımi qayğının göstərildiyini vurğulayıb:

“İşğaldan azad edilən torpaqlara tez zamanda əhalinin köçürülməsi və onların aktiv iqtisadi fəaliyyətə qoşulması gərəklidir. Xüsusilə bölgənin kənd təsərrüfatı, turizm, mədənçıxarma istiqamətli layihələrini daha innovativ, daha elmi səviyyəyə çatdırmalıyıq. Köhnəni söküb yenidən qurmaq çətindir. Amma infrastrukturu sıfırdan qurduqda onu effektli etmək mümkündür. Sıfırdan drenaj, nəqliyyat-logistika sistemi qurmaq, bölgənin hab şəklində inkişafına çalışmaq, kənd təsərrüfatı məhsullarının məhsul kimi yox, emal edilərək ixracına nail olmaq və ixrac ölkələrini çeşidləmək vacibdir. Bu istiqamətlərə vəsaitlərin ayrılması faydalı olardı. Bundan əlavə, əhalinin alıcılıq qabiliyyətinin artırılması, yəni əməkhaqqı, pensiya sosial ödənişlərin artırılmasına və inflyasiya zərərlərinin azaldılması istiqamətinə də müəyyən vəsait yönəldilə bilər”.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top