“Heydər Əliyevin əsasını qoyduğu, İlham Əliyevin inkişaf etdirdiyi Azərbaycan uğurlu yolla irəliləyir” - RƏY

CƏMİYYƏT 22.11.2022 2102

“Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin inkişaf etdirdiyi Azərbaycan hazırda yeni və uğurlu bir yola qədəm qoyub”.

Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü Rəşad Mahmudov deyib.

O xatırladıb ki, ötən gün Prezident, YAP sədri İlham Əliyevin partiyanın yaradılmasının 30 illiyi münasibətilə keçirilən tədbirdə çıxışı ölkəmiz üçün həm daxili ictimai-siyasi durum, həm də dövlətimizin beynəlxalq arenada tutduğu mövqe baxımından mükəmməl məlumat və gələcək üçün yol xəritəsi olub:

“Dövlət başçısının nitqində yer alan məqamlar 30 il öncə yaranan və ölkəni yox olmaq təhlükəsindən xilas edərək bugünkü inkişaf zirvəsinə çatdıran siyasi komandanın lideri kimi zəfər və müvəffəqiyyət tarixi idi. Müstəqilliyimizin ilk illərində hakimiyyətdə olan səriştəsiz insanların yürütdüyü siyasi kurs ölkəmizdə acı bir mənzərənin yaranmasına gətirib çıxarmışdı. Naşı siyasi qərarlar ölkədə xaosun, özbaşınalığın hökm sürməsini labüd etmiş, ölkə uçuruma yuvarlanmışdı.

Belə arzuolunmaz vəziyyətlə üzləşən insanların gözləri son ümid kimi ölkəni məhvolma təhlükəsindən xilas edərək xalqın həqiqi liderinə çevriləcək Heydər Əliyevə dikilmişdi. Prezident İlham Əliyevin haqlı olaraq qeyd etdiyi kimi, ölkəmizin ən ağır günlərində YAP-nin yaradılması, cəmiyyətin nüfuzlu, vətənpərvər üzvlərinin bu mötəbər təşkilatda birləşməsi və ulu öndər Heydər Əliyevin xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdışı müasir Azərbaycanın qurtulması ilə nəticələndi”.

YAP funksioneri qeyd edib ki, Heydər Əliyevin tarixi qərarlarının nəticəsi olaraq sabitlik, quruculuq prosesi və modern islahatlar Azərbaycanın inkişafına yeni nəfəs gətirdi:

“İqtisadi yüksəliş, ordu quruculuğu, idarəetmədə şəffaflığın artırılması, mütəşəkkil cinayətkarlıqla mübarizə inkişafa gedən yolun başlanğıcı oldu. Azərbaycanın xilaskar lideri kimi Heydər Əliyev dövlət quruculuğu prosesini uğurla həyata keçirib, ölkənin iqtisadi, siyasi və diplomatik təməllərini yaratdı. Bu siyasətə olan inamın nəticəsi idi ki, 2003-cü ildə Azərbaycan xalqı yenidən Heydər Əliyev siyasətinə səs verdi və İlham Əliyevi prezident seçdi.

Ötən 19 ildə qazanılan uğurlar Prezident İlham Əliyevin Heydər Əliyev yolunu uğurla davam etdirdiyini təsdiqlədi və Azərbaycan sözün həqiqi mənasında intibah dövrünü yaşadı. Prezident İlham Əliyevin 8 noyabr 2020-ci ildə ulu öndərin məzarını, şəhidlərin məzarını ziyarət edərək Şəhidlər xiyabanında Azərbaycan xalqına Şuşa müjdəsini verməsi ölkəmizin şərəfli tarixin zirvə nöqtəsinə çevrildi. Məhz Prezident İlham Əliyevin yürütdüyü mükəmməl daxili və xarici siyasətin nəticəsində Azərbaycanın sürətli inkişafı təmin edilib”.

Deputat bildirib ki, bu gün Azərbaycan regionun lider dövləti kimi beynəlxalq arenada tam söz sahibinə çevrilib:

“Məhz bu nüfuzun və gücün nəticəsidir ki, Azərbaycan xarici siyasətində nəinki öz maraqlarını həyata keçirmək imkanındadır, həm də ölkəmizə qarşı yönələn planları məhv etmək gücünə malikdir. Bir müddət öncə Fransa-Ermənistan cütlüyünün Frankofoniya təşkilatı çərçivəsində Azərbaycana qarşı çirkin təxribat planı da beləcə iflasa uğradı. Prezident İlham Əliyevin bildirdiyi kimi, həmin qüvvələrin ölkəmiz əleyhinə hazırladığı qətnamədən bütün anti-Azərbaycan tezisləri çıxarıldı.

Bununla Azərbaycan bir daha dünyaya sübut etdi ki, dövlət olaraq haqqımızı istənilən beynəlxalq müstəvidə qəbul etdirmək gücündəyik və Prezident İlham Əliyevin rəhbərliyi altında yürüdülən xarici siyasət kursu Fransa-Ermənistan tandemi kimi qüvvələri Frankofoniyada olduğu kimi hər zaman rüsvayçılığa düçar edəcək”.

R.Mahmudov söyləyib ki, hazırda Azərbaycan Qarabağ və Şərqi Zəngəzurda abadlıq-quruculuq işləri aparır və bu bölgəmizin bütün dünya azərbaycanlıların fəxr, qürur ünvanına çevrilməsi işini görür:

“Otuz il öncə Yeni Azərbaycan adı siyasi arenaya daxil olanda bəlkə də bir çoxları bu ideyanın mahiyyətini başa düşmürdü. Həmin dövrü bu gün xatırladıqda isə gerçəkdən Yeni Azərbaycanın qurulduğunu görürük. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin inkişaf etdirdiyi Azərbaycan hazırda yeni və uğurlu bir yola qədəm qoyub. Bu, həm də, haqq yoludur və bu yolda kimsə bizi hədəfimizdən döndərə bilməz”.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top