Cəmiyyətin siqaret bəlası, 9-10 yaşlı uşaqlar niyə siqaret çəkir? - AÇIQLAMA

CƏMİYYƏT 06.11.2022 1437

Ölkədə siqaret aludəçiliyinə dair vəziyyət heç də ürəkaçan deyil. Belə ki, son vaxtlar sosial şəbəkələrdə də qarşılaşdığımız mənzərələr onu deməyə əsas verir ki, yetkinlik yaşına çatmayanlar arasında siqaretə meyillilik artıb. Hətta 9 yaşlı uşaqlar belə siqaret çəkir.

Bəs bu nə ilə əlaqəlidir? Yetkinlik yaşına çatmayanlar bununla özlərini sübut etməyəmi çalışırlar? Natamamlıq kompleksi, yoxsa sadəcə bir anlıq həvəsin yaratdığı aludəçilik?

Bu gün 9-10 yaşlı uşaqları siqaretdən uzaqlaşdırmağın yollarını axtaran valideynlər, heç bir çıxış yolu tapa bilmir. Çünki uşaqlar əvvəl bunu gizli edirdilərsə, artıq açıq-aşkar edirlər. Özündən böyük şəxslərin qarşısında çəkinmədən siqaret çəkmələri vəziyyətin ilbəil daha da pisləşdiyinə işarədir.

Sosioloq Əhməd Qəşəmoğlu məsələ ilə bağlı Oxu.Az-a açıqlamasında bildirib ki, müasir elmi izləyən adamlar bu gün “bunu et”, “bunu etmə” deyərək heç bir problemin qarşısını almağın mümkün olmadığını deyir: 

“Cəmiyyət xeyli həssaslaşıb, çətinləşib. Onların xasiyyətləri kifayət qədər dəyişib. Ümumiyyətlə, bu gün hər hansı məhsul, hərəkət barəsində "ziyandır" sözünü aşındırıblar. İstənilən qida, dərman barədə biri "faydalıdır" yazıldığı halda, iki ay sonra bu təkzib edilir. Əvvəlki dövrdə olduğu kimi, "ziyan" və "faydalı" sözlərinin hökmü qalmayıb. Heç kim bunların səbəbini axtarmır. Hadisələrə kompleks yanaşılmadığı üçün belə olur.

Bu gün obyektin özü fəallaşmalıdır ki, heç kim onu kənardan subyektiv qaydada həll etməsin. Sosiologiya elmində bu problemlər üçün sosial texnologiyalar hazırlanıb. 200 ildir davam edən elm bununla bağlı gözəl tövsiyələr hazırlayıb. Bu gün desələr ki, siqaretlə mübarizə çərçivəsində hansı addımlar atılmalıdır, mən sosial texnologiyalarla, terminologiya ilə çox gözəl təkliflər irəli sürə bilərəm. Elmi əsaslarla bu tədbirlər görülməlidir ki, nəticə əldə edilsin”.

Ə.Qəşəmoğlu əlavə edib ki, bu tədbirlər içərisində valideynlərlə iş də nəzərdə tutulub:

“Siqaret çəkən valideyn uşağını qucağında oynadırsa, bu düzgün deyil. 8 aylıq, 1 yaşlı uşaqlar üçün siqaret qoxusu artıq ata qoxusu deməkdir. Valideynlər bunu anlamalıdır ki, uşaq ağlı kəsdikdən sonra atası üçün darıxdığında ilk siqaret qoxusunu axtaracaq. Odur ki, qanunvericilik bu gün insanların sözügedən mövzuda düşüncəsinə yönləndirilməlidir. Bununla biz siqaret çəkən şəxslərlə mübarizə üçün valideynlərə istiqamət vermiş oluruq.

Ümumiyyətlə baxsaq, bu gün bu sahədə aparılan tədbirlər kompleks şəkildə həyata keçirilmir. Bu səbəbdən də müxtəlif problemlər – intihar, qətl, ailə zəminində problemlər və s. ortaya çıxır. İstənilən sahədə mübarizə tədbirləri kompleks şəkildə həyata keçirilməlidir, elmi araşdırmalar aparılmalıdır. Həkim laborator nəticələr olmadan insan sağlamlığı ilə bağlı konkret söz deyə bilmədiyi kimi, sosioloqlar da bu sahədə ciddi araşdırmalar, tədqiqatlar olmadığı müddətcə yekun fikir söyləyə bilməz. Odur ki, bəlkə də siqaret çəkənlərin bir qrupu özünü sübut etmək üçün, kimsə ölkədə narkotik vasitələri təbliğ etmək üçün siqaret aludəçiliyinə geniş yer verir. Bununla mübarizə üçün sosioloqlar, psixoloqlar hazırlanmalıdır. Təəssüf ki, bu sahədə heç bir iş görən yoxdur. Odur ki, müasir dövrün tələblərinə uyğun addımlar atılmasa, bu mövzular ilbəil sadəcə danışılacaq və danışıqlarda da qalacaq”.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top