“Tarixi məqam yetişib, cənublu qardaşlarımız öz talelərini müəyyən edəcəklər” - RƏY + FOTO

CƏMİYYƏT 05.11.2022 1223

“Tarixi məqam yetişib və artıq cənublu qardaşlarımız bu və ya digər formada öz talelərini müəyyən edəcəklər”.

Bunu “Report”a açıqlamasında Vəhdət Partiyasının sədri, Milli Məclisin deputatı Tahir Kərimli deyib.

O hazırda Güney Azərbaycanda Pişəvəri hərəkatından doğan bir prosesin başladığını xatırladıb.
Deputatın sözlərinə görə, hətta həmin dövrdə SSRİ sosializmin İrana transfer olunması üçün Güney Azərbaycanda müstəqil dövlətin yaranmasında maraqlı olub:

“O zaman ABŞ buna qarşı çıxdı və hətta hədələdi ki, 48 saat ərzində sovet qoşunları Təbrizi tərk etməsə, oraya atom bombası atacaq. Xirosima və Naqasakiyə atom bombasının atılmasından sonra bu cür təhdidlər qorxulu, eyni zamanda real görünürdü. Həmin dövrdən cənub mövzusu bizim ürəyimizdə bir yara olaraq qalır”.

 

“Ola bilsin ki, İran Güney Azərbaycanı özünün bir hissəsi hesab etsin. Lakin bütün bu iddialar Güney Azərbaycan türkləri ilə bizim eyni millət olduğumuz həqiqətini dəyişə bilməz. Ona görə də cənublu qardaşlarımız Avropaya, ABŞ-yə mühacirət ediblər və əsrlərdir ki, öz dövlətlərini azad görmək istəyirlər. Bu gün Güney Azərbaycanda cəmi 10 milyon əhali yaşayır, yerdə qalan 20 milyondan çox soydaşımız Tehranda, Kərəcdə və digər yerlərdə məskunlaşıb. Yəni bu gün Azərbaycan əhalisi bütün İranda təmsil olunur və yaşanan son hadisələr onları vadar edir ki, müstəqillik haqqında düşünsünlər.

Lakin burada qorxulu bir məqam var. Belə ki, bundan öncə də dəfələrlə xalqımız müstəqilliyi üçün mübarizə aparıb. Səttarxan, Xiyabani, Pişəvəri hərəkatlarının hər birini boğub, xalqımızın qanını axıdıblar. Lakin qaçılmaz olan şey də tarixi zərurətin yetişməsidir. Artıq cənublu qardaşlarımız bu və ya digər formada öz talelərini müəyyən edəcəklər. Bizim isə borcumuz onlara mənəvi dəstək olmaqdır”, - T.Kərimli qeyd edib.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top