Pavel Felgenhauer: “Ermənistan Rusiya və İranın dostudur, Qərb üçün bu, çox da yaxşı birləşmə deyil”- MÜSAHİBƏ

DÜNYA 20.09.2022 1098

ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistana səfəri ermənilərdə Qərbin tezliklə və ciddi yardım edəcəyinə ümid yaratdı və bu, İrəvanın fikrincə, Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxması ilə birbaşa bağlıdır.

İrəvanda Ermənistanın KTMT-dən çıxması tələbi ilə aksiyalar keçirilib, bu aksiya erməni ekspert icmasının bir çox nümayəndələri tərəfindən dəstəklənib. Belə ki, ABŞ vətəndaşlığı olan sosioloq və politoloq Georgi Derluqyan bildirib ki, KTMT-dən çoxdan çıxmaq lazım idi, bu təşkilat heç vaxt əhəmiyyətli olmayıb və KTMT - Rusiyadır, bu ilin fevralından sonra isə artıq Rusiyadan qorxmağa dəyməz.

Tanınmış rusiyalı hərbi ekspert Pavel Felgenhauer Oxu.Az-a müsahibəsində qeyd edib ki, Ermənistan KTMT-dən çıxdıqdan sonra Qərbin ona kömək edəcəyi ilə bağlı səsləndirilən versiya ilə tanışdır:

- Amma Ermənistanın KTMT-dən çıxma ehtimalını görmürəm. Təşkilatı tərk etmək üçün keçirilən kütləvi aksiyalar isə o qədər də kütləvi deyildi, cəmi bir-iki min nəfər iştirak edib. Üstəlik, bunun Ermənistan üçün indi heç bir mənası yoxdur, çünki KTMT-dən çıxmaqla Ermənistan heç nə qazanmayacaq. Artıq Rusiya ilə İrəvan arasında ünsiyyət kifayət qədər gərgindir, lakin bu o demək deyil ki, Ermənistan tərəfi Qərblə yeni münasibətlər quracaq. ABŞ buna hazır deyil. Onun başqa işləri var və daha vacib məsələlərdən yayındıracaq münaqişə yaranmasa, o, çətin ki, Ermənistanın maraqlarını müdafiə etsinlər.

- Amma ABŞ-ın güc iyerarxiyasında üçüncü fiqur olan Nensi Pelosinin səfərinin (baxmayaraq ki, bu səfəri şəxsi, yaxud yarımşəxsi təşəbbüs də adlandırırlar) özü - artıq çox şeydən xəbər verir. Bu səfər İrəvanda Ermənistana ciddi dəstək kimi qəbul edildi...

- Bəli, ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri, özünün dediyi kimi, Ermənistanı dəstəkləmək qərarına gəlib. Amma bu o demək deyil ki, ABŞ-ın bir dövlət olaraq siyasəti belədir. Nensi Pelosi ABŞ-ın xarici siyasətini ümumiyyətlə müəyyənləşdirmir. Bu, onun sahəsi deyil.

- Yeri gəlmişkən, ABŞ qanunvericilərinin xarici siyasətə daha fəal təsir göstərmək və bunun üçün daha çox təsir rıçaqları əldə etmək istədikləri barədə məlumatlar var idi.

- Arzular müxtəlif olur (gülür - red.). Xarici siyasəti hələ də Ağ Ev, Dövlət Departamenti, ABŞ Milli Təhlükəsizlik Şurası - bir sözlə, administrasiya müəyyən edir, qanunverici orqan yox. Konqresmenlər öz fikirlərini bildirə, hansısa qətnamə qəbul edə bilərlər. Baxmayaraq ki, fikrimcə, Nensi Pelosinin təşəbbüsü ilə qətnamə qəbul olunarsa, onun mətni artıq Nümayəndələr Palatasının sədrinin verdiyi bəyanatlardan daha çox ermənipərəst olmayacaq. Unutmayın ki, noyabrda ABŞ-da seçkilər var və ABŞ-da ermənilərin, ermənipərəst seçicilərin dəstəyi Nensi Pelosi üçün vacibdir.

- Seçkilərlə bağlı daxili siyasi komponentlə yanaşı, ABŞ Nümayəndələr Palatasının spikerinin səfərinin Azərbaycan üçün yox, daha çox müstəqil siyasət yürüdən Türkiyə üçün siqnal olması haqda versiya var.

- Azərbaycan ümumən Qərb üçün (o cümlədən ABŞ üçün) vacibdir, İsrail üçün isə regional düşmənin - İranın şimalında dayaq nöqtəsi kimi önəmlidir. Ona görə də Azərbaycana qarşı hər hansı sanksiyaların olacağını düşünmürəm. Bu, son dərəcə az ehtimaldır. Belə bir şeyin baş verməsi üçün Ermənistan-Azərbaycan sərhədində bu yaxınlarda baş verənlərdən qat-qat ciddi hadisələr lazımdır. Məsələn, Azərbaycan qoşunları İrəvana daxil olarsa, o zaman sanksiyaların mümkün olacağını güman etmək olar. Hazırkı vəziyyətdə status-kvo qorunub-saxlanılır, yəni heç bir hərəkət olmayacaq (ABŞ tərəfdən - red.). Deməli, Azərbaycan Qərb üçün önəmlidir. Avropaya qaz tədarükü məsələsi və bir çox başqa məsələlər var.

Türkiyəyə gəlincə, Vaşinqton çoxdan Ankara ilə mübahisə edir. Bu, müxtəlif səbəblərdən davam edəcək. Üstəlik, Türkiyədə də tezliklə çətin seçkilər - prezident və parlament (2023-cü ilin yayında - red.) seçkiləri gəlir. Bəli, ABŞ Türkiyəyə təzyiq edir və bundan sonra da edəcək.

Amma Ermənistan Rusiya və İranın dostudur. Qərb üçün bu, çox da yaxşı birləşmə deyil.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top