Sərhəddə genişmiqyaslı toqquşma: Azərbaycanın təxribatlara silah gücü ilə cavab verməsinin məqsədi – TƏHLİL

GÜNDƏM 13.09.2022 1377

2020-ci ilin 10 noyabr Bəyanatından sonra sərhəddə Azərbaycanla Ermənistan arasında ikinci genişmiqyaslı hərbi toqquşma baş verdi.

Birinci hərbi eskalasiya 2021-ci ilin noyabr ayında olmuşdu və Azərbaycan Ordusu Ermənistan bölmələrinin təxribatına cavab olaraq strateji yüksəkliklərə nəzarəti bərpa etmişdi.

Noyabrdakı toqquşma Azərbaycanın postmüharibə dövründə sərhəddə döyüşlə möhkəmlənməsinin presedentini yaratdı, erməni provokasiyalarına bu cür adekvat tədbir strateji və müdafiə zərurətlərindən irəli gəlirdi.

İkinci eskalasiya isə 2022-ci ilin sentyabrın 12-də qeydə alındı, Ermənistan Basarkeçər, İstisu, Qarakilsə və Gorus yaşayış məntəqələri istiqamətində yerləşən bölmələri tərəfindən Azərbaycan Ordusunun Daşkəsən, Kəlbəcər və Laçın rayonları ərazisindəki bəzi mövqelərini, sığınacaqları və dayaq məntəqələrini intensiv atəşə tutdu.

Ermənistan bu dəfə təxribatının sərhədini böyütdü və Azərbaycan Ordusu da belə neqativ provokativ genişlənməyə uyğun şəkildə davrandı. Azərbaycan Ordusu Ermənistan ərazisindən açılan atəş mənbələrini aşkar edərək zəruri tədbirlər həyata keçirdi və ermənilərin atəş nöqtələrini susdurdu.

Proseslərin hərbi cəhətləri Azərbaycana sərhəddə daha böyük nəticələr hasil edəcək və Ermənistan sülh danışıqlarına yeni itkilərlə getməyə məcbur qalacaq.

Azərbaycan hərbi-siyasi və diplomatik xüsusiyyətlərlə də müsbət nəticələrə nail olacaq və bunun təzahürlərini yaxın vaxtlarda müşahidə edəcəyik.

Beynəlxalq aləmin reaksiyasından asılı olmayaraq Azərbaycan təhlükəsizlik mühitini, suverenliyini, ərazi bütövlüyünü, sərhədlərinin toxunulmazlığını milli maraqlara söykənərək təmin edir və əgər yenə hansısa təhdid olsa, həmin təhdid havaya sovrulacaq.

Sərhəd təhlükəsizliyi niyə vacibdir? Hansısa beynəlxalq təşkilat, hansısa dövlət Azərbaycan Ordusunun gücündən narahat ola bilər, onların çətiri altında olan şəbəkə bilərəkdən və ya bilməyərəkdən xora qoşulub Azərbaycanın keçirdiyi hərbi əməliyyatlara qısqanclıq nümayiş etdirə bilər.

Lakin bütün dövlətlərin sərhədlərə dair konseptual baxış bucağı var və bunun detallarını milli təhlükəsizlik konsepsiyalarına, hərbi doktrinalara köçürürlər.

Azərbaycan da beynəlxalq aləmin bir parçası kimi sərhəd təhlükəsizliyinə önəm verir, 30 il işğaldan əziyyət çəkmiş bir ölkə kimi sərhədboyu zonada özünə müstəsna üstünlük qazandıran möhkəmlənmə işləri həyata keçirir.

Sərhəd siyasi, iqtisadi və beynəlxalq təhlükəsizlik üçün də vacibdir, bunu üç bəndlə göstərməyə çalışaq:

1. Sərhəd təhlükəsizliyi məsələsi neft və qaz yataqlarının, nəqliyyat dəhlizlərinin təhlükəsizliyinin təmin olunmasında getdikcə daha çox əhəmiyyət kəsb etməkdədir. Bu, Zəngəzur dəhlizi layihəsi kontekstində xüsusi aktuallıq qazanır;

2. Sərhəd təhlükəsizliyinin daha səmərəli təmin edilməsi üçün normativ hüquqi baza beynəlxalq standartlara uyğunlaşdırılır;

3. Azərbaycan sərhəd təhlükəsizliyi sahəsində ikitərəfli və çoxtərəfli qaydada dövlətlərarası səviyyədə əməkdaşlığı genişləndirir.

Azərbaycan 44 günlük müharibədə Ermənistanı məğlub etdikdən sonrakı proseslərdə sərhədlərin nəzarətdən kənarda qalmış hissəsini özünün ümumi sərhəd təhlükəsizliyi sisteminə daxil edir.

Bütün bunlar milli təhlükəsizliyin təmin olunması prosedurlarıdır, Ermənistan isə sülh danışıqlarının mahiyyətinə zərbə vurmaq üçün Azərbaycanın sərhəd konsepsiyasına hikkə ilə yanaşır.

Ermənistan yenə də özünə himayədar axtarır, gah Rusiyaya, gah Fransaya, gah da ABŞ-a ağız açaraq yardım diləmək çağırışlarının sürətini artırır, lakin Azərbaycanın qurduğu mexanizmlər sayəsində yeni reallıqlar Ermənistanın maraqlarını beynəlxalq aləmdə də çıxdaş edir.

Sərhəddəki toqquşmaların siyasi motivlərinə qeyd etdiyimiz prizmadan baxmaq lazımdır, Azərbaycana qarşı böyük güclərin qərəzi olsa da, ümumi planda bu, Bakının maraqlarının qarşısında böyük maneə yaratmır.

Azərbaycan zamanlamanı düzgün seçir və təxribatlara ən uyğun vaxtda cavablar verir və bu, xeyli strateji üstünlüklər doğurur.

Ermənistan baş naziri Nikol Paşinyan Vladivostokda Rusiya Prezidenti Vladimir Putinlə, daha sonra isə İrəvanda ABŞ-ın Avropa və Avrasiya məsələləri üzrə Dövlət Katibinin köməkçisi vəzifəsini icra edən Filip Rikerlə görüşdən ruhlanmışdı.

Ümidlər isə boşa çıxdı, Rusiya susur, yəni Ermənistana havadar çıxmır, ABŞ isə ən pis halda insan hüquqları mövzusunu qabardaraq bəyanatlar verir və verəcək.

PROQNOZLAR:

Rusiya Türkiyə amilinə görə, üstəgəl Azərbaycanla münasibətləri nəzərə alaraq Ermənistana dəstəkdən qaçacaq, ABŞ isə regiona uzaq olduğundan proseslərə müdaxilə imkanlarını ancaq siyasi vasitələrlə artıracaq.

Azərbaycan qazandığı rıçaqları Ermənistanın hərbisizləşdirməsinə yönləndirəcək.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top