Azərbaycanın rəqəmsal iqtisadiyyat Strategiyası qısa zamanda hazır olacaq - MÜSAHİBƏ

İQTİSADİYYAT 09.09.2022 1483

Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin icraçı direktoru Tamerlan Tağıyev “APA-Economics”ə müsahibə verib.

Müsahibəni təqdim edirik:

- Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi tərəfindən yaxın illərdə icrası nəzərdə tutulan işlər barədə nə deyə bilərsiniz?

- Bildiyiniz kimi, biz Dünya İqtisadi Forumu (DİF) ilə çox sıx əməkdaşlıq edirik və DİF-in dördüncü sənaye inqilabı şəbəkəsinin Azərbaycandakı mərkəzi funksiyalarını da bizim Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi həyata keçirir. Biz DİF-lə əsas üç istiqamət üzrə - süni zəka və maşın öyrənməsi, əşyaların interneti və şəhər transformasiyası, həmçinin rəqəmsal ticarət sahələri üzrə sıx əməkdaşlıq edirik.

Bununla yanaşı, qarşımıza qoyduğumuz məqsədlər daha genişdir və dördüncü sənaye inqilabı sahəsi, bununla bağlı müasir texnologiyalar sahəsi, həmçinin Azərbaycanda rəqəmsal iqtisadiyyatın inkişaf etdirilməsi, bizim mərkəzin qarşısında qoyulan məqsədlərdəndir.

Bildiyiniz kimi, Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası qəbul olundu və həmin strategiyanın bir fəsli rəqəmsal iqtisadiyyatın inkişaf etdirilməsinə həsr olunub. Həmin tədbirlər çərçivəsində bizim də üzərimizə düşən addımlar qeyd olunub. Onlardan biri rəqəmsal iqtisadiyyat üzrə strategiyanın hazırlanması və tətbiq olunmasıdır. Həmçinin tənzimləyici mexanizmlərin hazırlanması, dördüncü sənaye inqilabı texnologiyalarının tətbiqi üzrə tədqiqatların aparılması, növbəti illər ərzində dördüncü sənaye inqilabı texnologiyalarının Azərbaycanda tətbiqinin daha da genişləndirilməsini gətirə biləcək həm tədbirlərin, həm də tədqiqatların həyata keçirilməsidir.

Bununla yanaşı, “Elm-sənaye 4.0” klasterlərin yaradılması da, həmçinin elektron ticarətin inkişaf etdirilməsi də bu strategiyada öz əksini tapıb və biz də mərkəz olaraq bu istiqamətdə fəaliyyətimizi quraraq inkişafı təmin etməyə çalışacağıq.

- Rəqəmsal iqtisadiyyat strategiyasının hazırlanması üzrə işlər nə zaman tamamlanacaq?

- Biz artıq müəyyən addımlar atmışıq bu istiqamətdə, ilkin araşdırmalar aparılıb və ümid edirik ki, ən qısa zamanda sənəd hazır olacaq. Əlbəttə ki, bu, tək bizdən asılı olan məsələ deyil.

Strategiya iqtisadiyyatın bütün sahələrini əhatə etdiyi üçün onun hazırlanmasına aidiyyəti dövlət qurumları cəlb olunub.

Əlimizdən gələni edəcəyik ki, sənəd tezliklə hazır olsun və gələcək illər üçün bizim inkişaf istiqamətlərimizi müəyyən etsin.

- Strategiyada öz əksini tapacaq bir neçə istiqaməti səsləndirə bilərsinizmi?

- Hesab edirik ki, Azərbaycanda rəqəmsal iqtisadiyyatın inkişaf etdirilməsi üçün müvafiq infrastruktura ehtiyacımız var. İnfrastruktur dedikdə həm yüksəksürətli internetə çıxış, həm şəbəkənin dayanıqlığı, geniş əhatə olması nəzərdə tutulur ki, bu istiqamətdə artıq hökumət tərəfindən müvafiq işlər görülüb.

Bununla yanaşı, söhbət digər rəqəmsal infrastrukturdan da gedir ki, bunların hamısı təmin olunmalıdır. Misal olaraq, maliyyə məsələləri. Yəni, rəqəmsallaşmaq istəyənlər üçün maliyyəyə çıxış çox vacibdir. Eyni zamanda, vençur kapitalının, startapların maliyyələşdirilməsi üçün müvafiq maliyyə mexanizmlərinin mövcudluğu vacibdir. Rəqəmsal bilik və bacarıqlar məsələsi də gündəmdədir. Ən erkən yaşlardan ömür boyu öyrənmə prosesinə, rəqəmsal bilik və bacarıqların daim artırılmasına keçməliyik. Bu istiqamətdə həmçinin şəhərlərlə regionlar arasında fərq minimuma endirilməlidir.

Bundan əlavə, rəqəmsal dünyadan danışırıqsa, onun tənzimlənməsi və qorunması haqqında da düşünməliyik. Burda da tənzimləyici mexanizmlərin, yəni müvafiq hüquqi-normativ aktların, strategiyaların qəbul olunması vacibdir. Həmçinin, qorunması dedikdə, kibertəhlükəsizliyə böyük önəm verilməlidir.

Məlumat axınları məsələsi də gündəmdədir. Yəni, “data”nın, verilənlərin tənzimlənməsi, onların bir araya gətirilməsi və bunun əsasında “Data economy”, verilənlərə əsaslanan iqtisadiyyatın inkişafı vacibdir. Ümumilikdə, iqtisadiyyatımızın bütün sahələrində dördüncü sənaye inqilabı texnologiyalarının tətbiqi gündəmdədir.

İlkin araşdırmalarımız onu göstərir ki, bu istiqamətdə tədbirlər görülməlidir və görülür. Artıq hökumət tərəfindən bu istiqamətdə bir çox addımlar atılıb, amma bunu daha da inkişaf etdirmək və strateji baxışımızın olması üçün qeyd etdiyim Strategiyada yəqin ki, hər bir mövqe üzrə müvafiq məsələlər öz əksini tapacaq.

- Ölkədə rəqəmsal iqtisadiyyatın formalaşmasında, rəqəmsal manatın mövcudluğunu necə dəyərləndirirsiniz?

- Rəqəmsal iqtisadiyyat üzrə Strategiyanın hazırlanmasında Mərkəzi Bankın da rolu müəyyənləşdirilib. Biz Strategiyanı hazırlayarkən onlarla birlikdə işləyəcəyik. Əminəm ki, Mərkəzi Bankın töhfəsi böyük olacaq. Çünki Mərkəzi Bank bu istiqamətdə aparıcı rol oynayan qurumdur.

Qeyd edim ki, rəqəmsal ticarətin inkişafı üçün bu məsələlər çox vacibdir. Rəqəmsal manat məfhumu və yaxud bu istiqamətdə aparılması vacib olan meyarlar Mərkəzi Bank tərəfindən müəyyənləşdirilməlidir. Məsləhət olarsa, biz də onlarla birgə bu istiqamətdə işləməyə hazırıq.

Bunun üçün dünya təcrübəsi öyrənilməli, həm müsbət tərəfi, həm də çətinliklər müəyyən edilməlidir ki, ondan sonra müvafiq addımlar atılsın. İnanırıq ki, Mərkəzi Bank bu barədə daha məlumatlıdır.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top