Prezidentin İtaliya qəzetinə müsahibəsi - İlham Əliyev hadisələri necə dəqiq proqnozlaşdırmışdı? - RƏY

GÜNDƏM 03.09.2022 1965

Prezident İlham Əliyevin sentyabrın 2-də Çernobbio şəhərində İtaliyanın “İl Sole 24 Ore” qəzetinin müxbiri Roberto Boncorniyə müsahibəsi böyük maraqla qarşılanıb.

Saat24.Az xəbər verir ki, dövlət başçısı müsahibədə jurnalistin suallarına geniş şəkildə cavab verib.

Məlumat üçün bildirək ki, 2021-ci il dekabrın 15-də Prezident İlham Əliyev Brüsseldə işgüzar səfərdə olan zaman da İtaliyanın “İl Sole 24 Ore” qəzetinə müsahibə vermişdi. Ötən dəfə verilmiş açıqlamalarla yeni müsahibədə səsləndirilmiş fikirləri müqayisə etdikdə görünür ki, Prezident İlham Əliyev uzaqgörənlilik və müdrikliklə hadisələri çox dəqiq qiymətləndirib və proqnozlaşdırıb.

Artıq İkinci Qarabağ müharibəsindən iki ilə yaxın bir müddət keçib. Görünən odur ki, müharibədən sonra Azərbaycanın irəli sürdüyü sülh təklifinə, sülh sazişinə razılaşmaq üçün Ermənistana təqribən iki il lazım olub. Amma nəzərə almaq lazımdır ki, bu müddət ərzində Azərbaycanın qurucu və Ermənistanın dağıdıcı fəaliyyəti və davranışları göz qabağındadır. Müharibədən iki ilə yaxın bir müddət keçməsinə baxmayaraq, Azərbaycan işğaldan azad etdiyi ərazilərdə bərpa-yenidənqurma işlərinə start verib və bu işlər bu gün də davam etdirilir. Artıq azad olunan bəzi yaşayış məskənlərində infrastruktur bərpa olunub və oranın sakinləri öz doğma yurdlarına qayıdıblar.

Amma həyata keçirilən hər bir bərpa və quruculuq işlərinin yerində düşmənin o torpaqlarda bir zamanlar etmiş olduğu dağıdıcı fəaliyyətləri üzə çıxır. Hətta torpaqlarımızı dinc şəkildə tərk edərkən yaşadıqları evləri yandırmaları, meşələri talan etmələri düşmənin yad torpaqlarına sərgilədiyi mövqeyin nümayişidir. Bütün bunlara baxmayaraq, Azərbaycan Prezidentinin rəhbərliyi ilə artıq o torpaqlar öz əzəli və əbədi sakinlərinə qovuşub. Məhz Müzəffər Ali Baş Komandanın “Dəmir Yumruq” siyasəti nəticəsində bir zamanlar əlçatmaz olan arzular artıq reallaşıb. Vətən müharibəsi Ermənistanın hərbi-siyasi rəhbərliyinə elə bir dərs olub ki, onlar artıq öz taleləri ilə barışmağa məcbur olublar. İstər döyüş, istərsə də siyasi meydanda məğlubiyyətə uğrayan düşmənin müharibədən sonra bir neçə dəfə əl atdığı revanş fəaliyyəti də uğursuzluqla nəticələnib.

Vətən müharibəsindən sonra Azərbaycan Ordusunun həyata keçirdiyi “Qisas” əməliyyatı ilə düşmənə növbəti dəfə ağır dərs və ağır cəza verilib. Beləliklə, Ermənistanın faşist təfəkkürlə, revanşist düşüncə ilə yola davam etmək cəhdləri boşa çıxıb. Artıq Azərbaycan azad olunmuş ərazilərdə irimiqyaslı infrastruktur layihələri həyata keçirir. Bu, yalnız Böyük Qayıdış deyil. İrimiqyaslı infrastruktur layihələrindən biri olan Zəngəzur dəhlizinin icrası Azərbaycanın böyük qələbələrindən biridir. Azərbaycanı Naxçıvan ilə birləşdirəcək Zəngəzur dəhlizi dövlətimizin başçısının qətiyyəti və siyasi iradəsinin nəticəsidir.

Azərbaycan Avropaya qaz ixracını iki dəfə artırmaq əzmindədir. Azərbaycanın Avropanın enerji xəritəsində artan rolu və potensial imkanları artıq göz önündədir. Azərbaycanın Türkmənistanla “Dostluq” neft yatağının birgə işlənilməsi qərarı tarixi və əhəmiyyətli qərardır. Türkmənistan hökuməti Transxəzər kəmərini tikmək qərarına gələrsə, Azərbaycan buna dəstək verəcək.

Ümumiyyətlə, Azərbaycan Prezidenti İlham Əliyevin həm daxili, həm də xarici siyasəti çox uğurla həyata keçirilir. Təkcə keçmiş Qarabağ münaqişəsi ilə bağlı deyə bilərik ki, bir zamanlar böyük problemə çevrilən bu münaqişə artıq keçmişdə qalıb. Artıq azərbaycanlılar öz doğma yurdlarına qayıdırlar. Buna məhz Azərbaycanın güclü lideri, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin siyasi iradəsi ilə nail olunub. Ona görə də Prezident İlham Əliyev həmişə deyir ki, sözünün imzası qədər qüvvəsi var. Uzaqgörən və müdrik siyasəti, eləcə də qətiyyəti Azərbaycanın dövlət başçısının nüfuzunu dünyada artırıb. Ölkə daxilində yürütdüyü siyasətə görə isə İlham Əliyev xalqın böyük inamını, sevgisini və dəstəyini qazanıb. Bununla yanaşı İlham Əliyev dünya azərbaycanlılarının Prezidentinə çevrilib.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top