“Kübar” dəbin fəsadları: “Qeysəriyyə cinsi istəksizlik yaradır” - FOTO

GÜNDƏM 01.08.2022 1214

Dünyada və Azərbaycanda qeysəriyyə əməliyyatı ilə doğulan uşaqların sayı artmaqdadır. Hətta həkim analizlərindən əla nəticələrlə çıxan qadınlarımız belə, qeysəriyyə əməliyyatına üz tuturlar.

Əslində, qeysəriyyə əməliyyatı yalnız o vaxt aparılır ki, təbii doğuş döl və ananın həyatı üçün böyük təhlükə törədə bilər. Lakin son zamanlar planlı qeysəriyyə əməliyyatlarının sayı durmadan artır.

Maraqlıdır, bunun qadın üçün nə kimi fəsadları var? Niyə qeysəriyyə əməliyyatlarına üstünlük verənlərin sayı artıb?

Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən ginekoloq Təranə Həsənova qeysəriyyə əməliyyatının artıq dəb halını aldığını deyib:

“Son illər qeysəriyyə əməliyyatına üz tutanların sayı artıb. Anadan öncə hətta ailəsi uşağın əməliyyatla götürülməsi qərarını verir. Bəzən də bunu qonşudan geri qalmamaq üçün edirlər. İnsanlar hesab edirlər ki, bu yol ilə ana olmaq kübar bir işdir. Təbii yol ilə əziyyət çəkib, uşağı dünyaya gətirmirlər”.

T.Həsənova qeysəriyyə əməliyyatının fəsadlarından danışıb:

 

“Əməliyyatdan sonra ağırlaşmalar ola bilər. Hansı ki, təbii doğuş zamanı bunlara rast gəlinmir. Normal keçmiş əməliyyat əslində narahatlıq yaratmır. Lakin qadında cinsi istəksizlik yarada bilər.

Doğuş zamanı qadında uşaqlıq yolunda olan vəzilər aktivləşir. İlk doğuşdan sonra sanki kamilləşir. Ağrı çəkib, doğuş etmədiyinə görə qadınların 30 faizində cinsi istəksizlik yaranır. Normal aparılmış əməliyyat qadının həyatında xüsusi bir iz qoymur. Sadəcə, əməliyyatın özünəməxsus fəsadları çoxdur. Uşaqlığın daxili qişasının iltihabına, qanaxmalara rast gəlinə bilər. Bu da qadına ömür boyu rahatlıq vermir”.

Ginekoloqun sözlərinə görə, qeysəriyyə əməliyyatı zamanı uşağın həyatı risk altında olmur:

“Əməliyyatı uşağı riskdən qurtarmaq üçün edirlər. Ananın həyatı risk altında ola bilər. Uşağın həyatının təhlükədə olmasından isə söz gedə bilməz”.

Qeyd edək ki, 2019-cu illə müqayisədə ana ölümünün səviyyəsi 2020-ci ildə 14,9-dan 15,8-ə qədər artıb. 1958-ci ildən başlayaraq 2006-cı ilədək ölkədə körpə ölümü şəhər yerlərində kənd yerlərinə nisbətən daha aşağı olub. Lakin son illərdə bu göstərici şəhər yerlərində üstünlük təşkil edir.

Araşdırmalara görə, bu meyl qlobal şəkil alıb və hər bir ölkədə bunun səbəbləri müxtəlif ola bilər.

Braziliyada qeysəriyyə ilə doğuş üçün indi iki sənəd tələb olunur - gələcək ananın razılığı və bu əməliyyatın zəruriliyi barədə həkim qərarı.

Bu Latın Amerikası ölkəsində qeysəriyyə əməliyyatını “qeysər epidemiyası” adlandırırlar. İndi 200 milyonluq əhalisi olan Braziliyada doğulan uşaqların yarısı bu üsulla dünyaya gəlir.

Cərrahiyyə əməliyyatı hamilə qadının qarın nahiyəsində kəsik açılması ilə uşağın çıxarılmasından ibarətdir. Əslində bu əməliyyat təbii doğuş risk təşkil edəndə həyata keçirilməlidir. Lakin son vaxtlarda belə əməliyyatlar əvvəlcədən, hamilə qadının istəyi ilə və həkim qərarı olmadan edilir.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top