Şuşaya köç başlayır: Şuşalılar özləri fərdi ev tikə bilərmi?

GÜNDƏM 02.05.2024 2269
8 mayda işğal olunmuş mədəniyyət paytaxtımıza məhz bu ərəfədə geri dönüş başlayır

"Böyük Qayıdış” prosesi çərçivəsində artıq Şuşa şəhərinə də köç başlayır. Bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məlumatında bildirilir ki, Şuşa şəhərinə ilkin mərhələdə köçürüləcək ailələr arasında püşkatma keçirilib. Tədbirdə Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəliyinin, Şuşa Rayon İcra Hakimiyyətinin və Dövlət Komitəsi yanında İctimai Şuranın nümayəndələri də iştirak ediblər.

Qeyd edək ki, Şuşa şəhərinə köçürüləcək ailələr çoxmənzilli binalarda mənzillə təmin olunacaqlar. Yeni yaşayış sahələri indiyədək respublika ərazisində müxtəlif yerlərdə müvəqqəti məskunlaşmış və Şuşa şəhərində daimi qeydiyyatda olan məcburi köçkünlərə verilir. İlk püşkatma şəhid ailələri, qazilər və şəhərdə tikinti, bərpa-quruculuq işlərində çalışan 20 ailə arasında keçirilib və onların hər birinə ailə tərkibinə uyğun mənzil təqdim edilib. Mənzillər 2, 3, 4, 5 otaqlıdır. Püşkatmada iştirak etmiş ailələrin may ayının əvvəllərində Şuşa şəhərinə yola salınması nəzərdə tutulur. Şuşa şəhərinə köçürüləcək ailələr arasında püşkatma mərhələli şəkildə davam etdiriləcək.

Şuşaya ilk köçün məhz mayın əvvəlində (böyük ehtimalla 8 may - red.) baş tutması həm də böyük anlam daşıyır - Şuşa 1992-ci ildə ermənilər tərəfindən məhz mayın əvvəlində tutulmağa başlamışdı, 8 mayda tam işğal olunmuşdu.

Bəs növbəti köç hansı tarixlərə planlaşdırılır? İlin sonunadək nə qədər ailə Şuşaya - doğma yurduna dönəcək? Əsas suallardan biri də budur: Şuşada xeyli həyət evi olan şuşalılar var, onların mülkləri işğal vaxtı dağıdılıb. Bu şəxslərə həyətyanı sahələrində öz hesablarına fərdi yaşayış evi tikməsinə icazə varmı?

"Qaçqınkom”dan verilən məlumata görə, "Böyük Qayıdış” proqramı uğurla icra olunur. 2024-cü ildə Şuşadan başqa daha 5 şəhərimizə qayıdış planlaşdırılıb və artıq bu planın realllaşdırılması prosesi gedir. Şuşa şəhərində 23 binadan ibarət yaşayış kompleksində aparılan tikinti işləri demək olar ki, başa çatıb. Üçmərtəbəli və beşmərtəbəli binalardan ibarət kompleksdə 450 mənzil var.

Bununla yanaşı, şəhərdə 17 binadan ibarət 2-ci yaşayış kompleksi də inşa edilir. 4,25 hektar ərazidə yerləşən kompleksdə ikimərtəbəli və üçmərtəbəli binalar tikiləcək. Kompleksdəki 238 mənzildən 119-u ikiotaqlı, 119-u isə üçotaqlı olacaq.

Keçən ilin oktyabrında isə Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov məlumat vermişdi ki, 2024-cü ilin birinci rübündə əhalinin Şuşaya köçünə başlanılacaq, ilkin olaraq birdəfəlik 400-dək ailənin köçürülməsi nəzərdə tutulub. Konkret may ayında Şuşa şəhərinə 50 məcburi köçkün ailəsinin köçürülməsi planlaşdırılıb.

"Yeni Müsavat”ın məlumatına görə, işğaldan əvvəl fərdi həyət evləri olmuş Şuşa sakinləri də Şuşada yeni inşa edilmiş binalardan ibarət yaşayış komplekslərinə köçürüləcək. Gələcəkdə onların şəxsi vəsaitləri ilə özlərinə fərdi ev tikməsinə şərait yaradılıb-yaradılmayacağı barədə isə hələlik rəsmi qərar yoxdur.
 
XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top