Roman Konijay: “Həm Azərbaycan, həm də Türkiyə diasporu bizə çox kömək etdi” – UKRAYNADAN MÜSAHİBƏ

DÜNYA 19.07.2022 1314

Ukraynada müharibənin ilk həftələrində ukraynalı qaçqınlar üçün haba çevrilən Lvov vağzalında britaniyalı fotoqraflardan birinin çəkdiyi şəkil Britaniya sosial şəbəkələrində dolaşıb. Məlum olub ki, şəkildə tanınmış hüquq elmləri namizədi, fəlsəfə doktoru, siyasi hüquqşünas, Ukrayna Hakimlər Assosiasiyasının keçmiş icraçı direktoru Roman Konijay əks olunub, Oxu.Az-ın əməkdaşı da onu həmin fotoda tanıyıb.

Roman Konijayla əlaqə saxladıq, o, fotonun necə və nə vaxt çəkildiyi, müharibənin əvvəlində qaçqınların başına gələnlər və hazırda vəziyyətin necə olduğu barədə danışdı:

- Fotonun hansı gün çəkildiyini xatırlamıram. Müharibənin əvvəlində Lvovda reportajlar və fotoşəkillər hazırlayan, təxliyənin necə getdiyini izləyən çoxlu jurnalistimiz var idi. Qaçqınlar isə ümidsiz vəziyyətdə idilər, çoxları sadəcə olaraq ətrafda baş verənlərdən təcrid olunmuş, şok vəziyyətində idilər. Hətta elə hallar olurdu ki, onlar uşaqlarını unudur, itirirdilər. Onlara sözün əsl mənasında stansiyada yaşayan könüllülər kömək edir, bacardıqları qədər köməklik göstərirdilər.

Çox güman ki, fotoqraf Lvovdakı mərkəzi dəmiryol vağzalından Polşaya yola düşən təxliyə qatarlarına minməyi təşkil etdiyimiz anı yaxalayıb. Bu, ən çətin günlər idi, söhbət Rusiya işğalından sonrakı ilk həftələrdən gedir. Yadımdadır, bir çox qadın bombardmanlardan sonra stres vəziyyətində idi, vəziyyəti əsaslı şəkildə qiymətləndirə bilmirdilər. Kimsə çantalardan tuturdu, atışmadan sonra saxlaya bildiklərini xilas etməyə çalışırdı, uşaqları unudurdular, itirirdilər.

Sonra təxliyə qatarlarında olanda uşaqlarını tapmırdılar. Biz isə həm körpələri, həm də anaları axtarmalı olurduq. Vəziyyətlər fərqli olurdu. Təsəvvür edin ki, o vaxt stansiyada daimi növbətçilik edən könüllülərdən ibarət bölməmizdə 600-ə yaxın insan var idi. Üstəlik digər təşkilatlardan yemək və çay hazırlayan çoxlu könüllülər vardı. İnsanları qidalandırmaq üçün hər şey edilirdi, özümüzün yeməyə vaxtımız qalmırdı.

Gələn qatarlarda çoxlu qaçqın var idi, sonra onları təxliyə qatarlarına köçürməli oldurdular. Uşaqları qucaqlarına almağı xahiş edirdik ki, heç olmasa, Polşaya qədər körpələr qucaqlarında getsinlər.

Digərləri isə ayaq üstə dayanaraq gedirdilər. Bizim böyük vaqonumuz yox idi. Qatarları bacardıqca doldururdular.

Növbəti vəzifə - ilk növbədə göndərilən qadınların və uşaqların həyatını xilas etmək idi. Ondan sonra yaşlı qadınlar və kişilər gəlirdilər. Bir vaqonu da xaricilər üçün saxlamışdıq.

Biz “Ukrzaliznitsa” (Ukrayna Dəmir Yolları), stansiyanın işçiləri ilə birlikdə vəziyyətin öhdəsindən gəldik və stansiyada təmizliyi, istilik üçün, uşaqlı analar üçün, körpələri qidalandırmaq üçün yerləri təmin etdik.

- Qaçqın axını haradan gəlirdi?

- Ölkənin şərqindən və şimal-şərqindən. Çerniqov, Xarkov və yaxın şəhərlərdən. Və təbii ki, Donetsk, Luqansk vilayətlərindən. Yəni o yerlərdən ki, orada ən aktiv bombardmanlar gedirdi və müharibənin aktiv hissəsi idi.

Bir italyan jurnalistlə söhbətim oldu, o soruşdu ki, biz gündə neçə nəfəri təxliyə qatarı ilə göndəririk. Rəqəmi eşidəndə inana bilmədi...

- Bəs qaçqın axınının pik nöqtəsində Lvov vağzalından neçə nəfər keçdi?

- Hər gün beş-altı təxliyə qatarı sərhədyanı Peremışla (polyak dilində Pşemısl) göndərilirdi. Amma vaqonların sayı fərqli idi. Ona görə də dəqiq bir söz demək çətindir. Yalnız dəmiryolu ilə gündə təxminən 15-20 min qaçqın Polşaya daşınırdı. Ancaq bunlar yalnız tərk edə bilənlər idi. Yenə də başqa qaçqınlar qalırdılar, qatarlarda hər kəs üçün kifayət qədər yer yox idi. İnsanlar gözləmə otaqlarında və ya bomba sığınacaqları kimi istifadə edilən yeraltı keçidlərdə dayanırdılar.

Demək istəyirəm ki, həm Azərbaycan, həm də Türkiyə diasporu bizə çox kömək etdi. Eləcə də insanların həyatını xilas etməyi özlərinə borc hesab edən bir çox başqa ölkələrin nümayəndələri. Fəlakət insanları birləşdirir.

- Bəs indi vəziyyət necədir? Bildirilir ki, artıq Ukraynaya qayıdan qaçqın axını var...

- Bəli, çoxları qayıdırlar. Xalqımız öz ata-babalarımız dəfn olunan torpaqlarda yaşamağa öyrəşib. Çoxları elə bilirdi ki, bir, iki, uzağı, üç aylıq gedirlər. Amma vəziyyət qızışır, qadınlar və uşaqlar ölürlər. Buna baxmayaraq, ukraynalılar geri qayıtmağa başlayıblar. İndi sayca, demək olar ki, eyni olan iki axın var - kimsə gedir, kimsə qayıdır.

Mən də Lvov dəmiryolu vağzalındakı beşinci platformada olan dostlarım kimi hələ də gecə-gündüz növbətçiliyimi davam etdirirəm, polislə birlikdə asayişə nəzarət edir və köməklik göstərirəm. Elə dünən Polşadan iki həftəlik tətildən qayıdan xarkovlu 75 uşağı qarşıladıq. Yedirdik, içirdik, vaqona mindirdik. Necə ki, Polşaya gedəndə eləmişdik.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top