Bir həftə süni tənəffüs aparatında qoşulu qalan yeniyetmənin həyatı xilas edildi

GÜNDƏM 15.07.2022 1187

Bir həftəyə yaxın süni tənəffüs aparatına qoşulu olan və ölüm təhlükəsi ilə üzləşən 2007-ci il təvəllüdlü yeniyetmənin həyatı xilas olunub. 

Belə ki, iyulun 5-də qida zəhərlənməsi ilə ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə gətirilən 15 yaşlı Vüsal Mirzəgülov çoxsaylı tibbi müdaxilə və müalicələrdən sonra sağlamlığına qovuşub. 

Xəstəxanaya gətirilərkən oğlunun, demək olar ki, nəfəs ala bilmədiyini deyən Seyran Mirzəgülovanın sözlərinə görə, vaxtında tibbi müdaxilə olmasaydı, övladı həyatını itirə bilərdi: 

“İyulun 3-də Vüsal evdə hisə verilmiş balıq yedi. Növbəti gün oyananda oğlum dedi ki, ana, başım gicəllənir, hər şeyi iki ədəd görürəm. Dərhal temperaturunu ölçdüm, lakin istiliyi yox idi. Çay, ayran versəm də, içə bilmədi. Axşam saatlarında vəziyyəti daha da ağırlaşdı və yaşıltəhər maye qusdu.

Bundan sonra Şabran Rayon Mərkəzi Xəstəxanasına apardıq. Düzdür, orada müəyyən tibbi yardımlar göstərildi, amma vəziyyəti düzəlmədi, əksinə, daha da pisləşdi və uşağı təcili tibbi yardım maşını ilə Kliniki Tibbi Mərkəzin tabeliyindəki 2 saylı Uşaq Klinik Xəstəxanasına gətirdilər.

Həkimlər dərhal müdaxilə edib, oğlumu yenidən həyata qaytardılar. Göydə Allah, yerdə həkimlərin köməyi ilə övladım sağaldı. Burada bizə çox yüksək səviyyədə xidmət göstərildi. Bütün xərclərimiz icbari tibbi sığorta tərəfindən qarşılandı. Başda xəstəxana rəhbərliyi olmaqla, burada çalışan bütün tibb işçilərinə minnətdaram”. 

Həkim Samirə Orucovanın sözlərinə görə, hazırda Vüsalın vəziyyəti stabildir: 

“Xəstə 5 iyulda reanimasiya şöbəsinə daxil olub. Gətirilərkən Vüsal çox ağır vəziyyətdə idi, nəfəs ala, hərəkət edə bilmirdi. Xəstədə ikili görmə var idi. Bu, botulizmin əlamətləri idi. Xəstə dərhal süni tənəffüs aparatına qoşuldu. O, beş gün aparata qoşulu vəziyyətdə qaldı.

Müvafiq müalicələrdən və zərdab vurulduqdan sonra xəstənin vəziyyəti yaxşılaşmağa başladı. Hazırda Vüsalın ümumi vəziyyətini stabil qiymətləndirmək olar. Tənəffüs və udma bərpa olunub. Xəstə artıq palataya köçürülüb”. 

Hazırda 15 yaşlı Vüsal Mirzəgülovun xəstəxana şəraitində müalicəsi davam etdirilir.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top