Qubadlıda dağ yamaclarını kəsib yol salırlar - FOTO

GÜNDƏM 29.04.2022 1277

Dövlət başçısının tapşırığı ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan, işğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturu layihələrindən biri Qubadlı-Eyvazlı avtomobil yoludur.

Oxu.Az xəbər verir ki, 28.5 km uzunluğa malik Qubadlı-Eyvazlı avtomobil yolu ikizolaqlı olmaqla, IV texniki dərəcəyə uyğun olaraq inşa edilir. Hazırda yolboyu genişmiqyaslı tikinti işləri aparılır.

Qubadlı rayonunda çətin relyefə malik ərazidən keçərək Eyvazlı kəndinə gedən avtomobil yolunun layihə eninin alınması üçün “İnşaat Norma və Qaydaları”na uyğun olaraq qaya qruntları dağıdılmaqla torpaq yatağının inşası aparılır.

Layihəyə uyğun olaraq yolun 26-km-lik hissəsində yararsız qruntun və torpaq yatağının genişləndirilməsi üçün bitki qatının çıxarılması, qazma, əks-dolğu, dağ yamaclarının kəsilməsi, dağlarda qırıcı üsulu ilə yol yatağının layihə səviyyəsinə gətirilməsi və tikintisi icra edilir. 

Yolun 21-22-ci km-lik hissəsində yol yatağının profilə salınması və dolğu işləri son mərhələ üzrə icra olunur. 23-25-ci km-lik hissədə yol yatağının tikintisi artıq yekunlaşıb. 27-28-ci km-lik hissədə isə dolğu işləri və yeni yol yatağının inşası həyata keçirilir.

Xüsusi texnikalardan istifadə olunmaqla icra olunan işlərin zamanında və keyfiyyətlə yerinə yetirilməsi üçün tikinti ərazisinə lazımi sayda texnika və canlı qüvvə cəlb edilib.

Yeni inşa edilən yol boyunca layihəyə uyğun suların ötürülməsini təmin etmək məqsədilə müxtəlif diametrlərə malik dairəvi boru, düzbucaqlı su keçidlərinin və alt keçidlərin, həmçinin avtomobil körpülərinin inşası aparılır.

Hazırda yolun 2.5-ci km-də inşa olunan 122.4 metr uzunluğa malik dördaşırımlı körpüdə svay, qazma və betonlanma işləri icra olunur. Yolun 21-ci km-də tikilən 66 metr uzunluğa malik ikiaşırımlı avtomobil körpüsündə isə svay üçün hazırlıq prosesi aparılır.

Tikintinin qısa müddət ərzində icra edilməsini təmin etmək məqsədilə ərazidə düşərgə inşa edilib. Düşərgədə asfalt-beton zavodu, maşın-mexanizmlərin saxlanılması və xidməti üçün xüsusi ərazi, həmçinin işçilər üçün hər bir şəraiti olan ofis, yeməkxana və dincəlmək üçün yerlər qurulub.

Cari il ərzində tikintisinin başa çatdırılması planlaşdırılan Qubadlı-Eyvazlı avtomobil yolu Qubadlı rayonunun Mahmudlu, Xıdırlı, Məlikəhmədli, Qudanlı, Davudlu, Eyvazlı kəndlərinin ərazisindən keçir.

 



XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top