“Fransada seçkinin ilk turunun nəticələri erməni lobbisinin təsirinin xeyli zəif olduğunu göstərdi” - RƏY

SİYASƏT 22.04.2022 885

Bu sözləri “Report”a açıqlamasında Milli Məclisin Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, deputat Ramin Məmmədov deyib.

Onun sözlərinə görə, seçkilərin nəticələri və ümumilikdə seçki kampaniyasının gedişi Fransa ictimaiyyətinin diqqətinin daha çox sosial problemlərə yönəldiyini göstərir.

R.Məmmədov bildirib ki, aprelin 24-də keçiriləcək ikinci turda hazırkı prezident Emmanuel Makronun şansları daha yüksək qiymətləndirilir:

“Marin Le Penin elan etdiyi vədlər, seçildiyi təqdirdə atacağı addımlarla bağlı söylədiyi fikirlərin cəmiyyətdə müəyyən dəstək aldığı müşahidə olunur. Lakin bu dəstəyin qələbə üçün kifayət etməyəcəyini bir çox ekspertlər də bildirirlər. Dünyada baş verən son hadisələrlə bağlı Avropanı gözləyən iqtisadi çətinliklər, təbii ki, sosial məsələlərin daha həlledici rol oynamasını şərtləndirir. Prezidentliyə namizədlərin son debatlarının nəticələri də göstərdi ki, Makron rəqibindən daha hazırlıqlı olmaqla yanaşı, cəmiyyətin gözləntilərini də daha düzgün qiymətləndirir”.

Deputat qeyd edib ki, Fransadakı seçkilərdə kimin qələbə qazanmasından asılı olmayaraq, Azərbaycan bu ölkə ilə münasibətlərin qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf etdirilməsində maraqlıdır. O bildirib ki, Cənubi Qafqazda fəal siyasət yürütməyə çalışan Makron administrasiyasının bəzi yanlış addımları olsa da, son hadisələr göstərir ki, rəsmi Paris artıq regionda formalaşmış yeni reallıqları adekvat qiymətləndirməyə və bu reallıqlara uyğun siyasət yürütməyə çalışır:

“Fransız diplomat Bris Rokfey Ermənistana ATƏT-in Minsk qrupunun həmsədri kimi deyil, Fransa XİN-in Şərq Tərəfdaşlığı məsələləri üzrə nümayəndəsi kimi səfər etmişdi. Rusiya və ABŞ-ın da bu məsələ ilə bağlı mövqeyi məlumdur. Azərbaycan da 44 günlük müharibədən sonra Minsk qrupunun fəaliyyəti ilə bağlı kifayət qədər aydın bir münasibət sərgiləyib. Fransanın son addımı bu məsələdə də məhz yeni reallıqlara uyğunlaşmaq cəhdinin təzahürü kimi qiymətləndirilə bilər”.

Ramin Məmmədovun fikrincə, Azərbaycan və Fransa arasında ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi üçün ciddi potensial var:

“Fransada erməni lobbisi və diasporunun proseslərə təsir imkanlarının zəifləməsi, eləcə də dünyada və regionda baş verən mühüm dəyişikliklər fonunda bu əlaqələrin daha da möhkəmləndirilməsi hər iki ölkənin milli maraqlarına cavab verir”.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top