Anar Məmmədov: Azərbaycan xalqının da ana dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir

SİYASƏT 21.04.2022 973

Dil istənilən xalq üçün maddi və qeyri-maddi irsin qorunması, inkişafı və gələcək nəsillərə ötürülməsi istiqamətində ən güclü vasitələrdən biridir. Müxtəlif ölkələrdə ana dilinin təbliği üçün həyata keçirilən bütün tədbirlər təkcə linqvistik müxtəlifliyi və çoxdilli tədrisi həvəsləndirmək baxımından deyil, eyni zamanda, qarşılıqlı anlaşmaya, tolerantlığa və dialoqa əsaslanan mühitin formalaşması üçün də vacibdir. Dil cəmiyyətə, sosial inteqrasiyaya, təhsil və tərəqqiyə təsir gücünə görə bəşəriyyət üçün həyati əhəmiyyət kəsb edən dəyərlərdəndir.Azərbaycan xalqının da ana dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir. Ana dilimiz xalqımızın keçdiyi bütün tarixi mərhələlərdə onunla birgə olub, onun taleyini yaşayıb. Əsrlər boyu xalqımızın əbədiyaşarlığına xidmət edən dilimiz qədim tarixə malik olan, min illərin burulğanlarından alnıaçıq, üzüağ çıxaraq müasir dövrə gəlib çatan ən böyük mənəvi sərvətimizdir. Azərbaycan dilinin bugünkü inkişaf səviyyəsi xalqımızın dünyanın ən qədim xalqlarından biri olduğunu təsdiqləyir.

Ölkəmizdə dil siyasətinin formalaşdırılması, Azərbaycan dilinin dövlət dili kimi tətbiqi işinin təkmilləşdirilməsi və dünya azərbaycanlılarının ünsiyyət vasitəsinə çevrilərək milli birliyin və həmrəyliyin göstəricisi kimi beynəlxalq aləmdə rolu və nüfuzunun yüksəlməsi Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycan dilini sevən, ona hörmətlə yanaşan Heydər Əliyev dilə münasibəti ilə hər kəsə örnək oldu. Ulu Öndər Heydər Əliyev “xalqımız əsrlər boyu böyük sınaqlardan, çətinliklərdən keçmiş, ancaq öz mənliyini, milliliyini, öz dilini itirməmişdir” söyləyərək bu məsələdə müstəsna xidmətlərinin olmasına baxmayaraq, bu tarixi uğuru xalqımızın böyük qələbəsi kimi qiymətləndirirdi.

1969-1982-ci illərdə ümummilli lider Heydər Əliyev bir çoxlarının cəsarət etmədiyi halda, müxtəlif tədbirlərdə Azərbaycan dilində çıxış etməklə dilimizə verdiyi dəyəri göstərirdi: “Ulu Öndər rusdilli məktəblərdə Azərbaycan dilində dərsliklərin daha çox istifadəsinə dair göstərişlər də vermişdi. Bunlarla kifayətlənməyən Ümummilli Liderin təşəbbüsü ilə 1978-ci ildə qəbul olunan Azərbaycan SSR-in növbəti Konstitusiyasında ilk dəfə olaraq, rus dili ilə yanaşı, Azərbaycan dili rəsmi dil statusu əldə etdi. Bu isə Azərbaycan dilinin rəsmi dil statusuna malik olduğu azsaylı sovet respublikalarından biri idi. Ulu Öndər ana dilimizin saflaşdırılması və zənginləşdirilməsi istiqamətində çox mühüm addımlar atmış və Azərbaycan dilinin inkişafı və qorunması məqsədilə əhəmiyyətli sənədlər imzalamışdır. Bütün bunlar onu göstərir ki, ümummilli lider Heydər Əliyevin hazırlayıb həyata keçirdiyi dil siyasəti onun dövlət quruculuğu siyasətinin tərkib hissəsi olub.

Əlbəttə, Heydər Əliyevin ana dili məsələsində prinsipial, qəti və barışmaz mövqe tutması rus dilinin tam əleyhinə getməsi demək deyildi. O yaxşı başa düşürdü ki, Sovet İttifaqı xalqlarının elmi, mədəni tərəqqisi, dünyaya çıxışı əsasən rus dili vasitəsilə həyata keçirilir. Dünyanın ən son elmi və mədəni nailiyyətləri ölkədə məhz ilk olaraq rus dilinə, sonra isə milli dillərə çevrilirdi. Buna görə də Ulu Öndər azərbaycanlıların ikinci dil kimi rus dilini mükəmməl bilmələrinin qəti tərəfdarı kimi çıxış edirdi. Böyük rəhbər azərbaycanlıların yalnız ana dili çərçivəsində məhdudlaşıb qalmasının da əleyhinə idi.

Ulu Öndərin alternativsiz siyasi kursunun müdrik və yaradıcı davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də bütün digər sahələrlə yanaşı, Azərbaycan dilinin qorunması və inkişafını daim diqqət mərkəzinda saxlayır. 2021-ci ilin yanvar ayının 5-də Prezident İlham Əliyev Mədəniyyət naziri Anar Kərimovu videoformatda qəbul edərkən ana dili məsələsinə toxunaraq mühüm tapşırıqlar verdi: “Əsrlərboyu bizi xalq kimi, millət kimi qoruyub saxlayan bizim ana dilimizdir, Azərbaycan dilidir. Azərbaycan dilinin qorunması hamımızın vəzifəsidir”. Bundan əlavə, Prezidentin Azərbaycan Milli Elmlər Akademiyasının 70 illiyi ilə bağlı keçirilən tədbirdəki çıxışında səsləndirdiyi bu sözləri xatırlatmaq yerinə düşər: “Bizim dilimiz o qədər zəngindir ki, tarixi kəlmələrə ehtiyac yoxdur”. Bütün bunlar onu deməyə imkan verir ki, ölkəyə rəhbərlik etdiyi on doqquz il ərzində Azərbaycan dili ilə bağlı iki Sərəncam və dillə bağlı bütün sahələləri özündə ehtiva edən Dövlət Proqramı imzalaması Cənab Prezidentin ana dilinə nə qədər böyük önəm verdiyini göstərir.

Anar Məmmədov,

Milli Məclisin deputatı

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top