“Tərtər işi”ndə altı il cəza alıb bir ilə azadlığa çıxanlar: Yenidən həbs edilənlər kimlərdir? - FOTO

CƏMİYYƏT 20.04.2022 673

Xəbər verdiyimiz kimi, “Tərtər işi” ilə bağlı cinayət işinin istintaqı zamanı üzə çıxan yeni detallarla əlaqədar daha bir neçə şəxs həbs edilib. 

“Qafqazinfo”nun məlumatına görə, yenidən həbs edilənlər arasında daha öncə də bu işə görə azadlıqdan məhrum edilmiş şəxslər olsa da, cəzalarını tam çəkməmiş azadlığa çıxıblar.

Daha öncə həbs həyatı yaşamış şəxslər gizirlər Polad Əzizov, Elçin Əliyev və Sənan Maşıyev, baş gizir Cabir Qəhrəmanov və leytenant Ruslan Mikayılovdur.


Fotoda gizir Elçin Əliyev

Belə ki, 2019-cu ildə Tərtər Hərbi Məhkəməsinin sədri İlqar Quliyevin sədrliyi ilə keçirilən məhkəmədə hökm oxunub. Hakimlər heyəti onların hamısına münasibətdə CM-in 62-ci (cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsi) maddəsini tətbiq edib. Onlara 5 il 6 ay-6 il cəza kəsilib. Gəncə Apellyasiya Məhkəməsi və Ali Məhkəmə də hökmü qüvvədə saxlayıb.

Tərtər Hərbi Məhkəməsinin qərarına əsasən, Maşıyev Sənan Səxavət oğlu 6 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəza müddəti 23 avqust 2017-ci ildən hesablanıb. 


Fotoda gizir Sənan Maşıyev

Hazırda istintaqdan gizləndiyi üçün barəsində axtarış elan edilən Əzizov Polad Seyfəddin oğlu isə 5 il 6 ay müddətində azadlıqdan məhrum edilib. Onun da cəza çəkməsinin əvvəli 23 avqust 2017-ci ildən hesablanıb.


Fotoda gizir Polad Əzizov

20 ilə yaxın ordu sıralarında xidmət etmiş Qəhrəmanov Cabir Babaxan oğlu barəsində isə 6 illik həbs qərarı çıxarılıb. Onun cəza müddəti 29 iyun 2018-ci ildən başlayıb. 


Fotoda baş gizir Cabir Qəhrəmanov

Maraqlıdır ki, “Tərtər işi”nə görə daha öncə də məsuliyyətə cəlb edilərək barəsində həbs qərarı çıxarılmış leytenant Ruslan Mikayılov 2020-ci ilin dekabrında “Döyüşdə fərqlənməyə görə” medalı alıb. Ruslanla yanaşı, 2019-cu ildə barəsində 6 il həbs qərarı çıxarılan Maşıyev Sənanın adı Vətən Müharibəsindən sonra medal üçün təqdimata göndərilib. Nəticədə ona 2020-ci ilin dekabrın 29-da “Ağdamın azad olunmasına görə” medalı verilib.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top