XDMX-nin kapitanı 100 minlik dələduzluqda ittiham olunur

HADİSƏ 19.04.2022 419

Keçmiş Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşı, kapitan Vüqar Mikayılov 100 min manatlıq dələduzluqda ittiham olunur.

“Kriminalqafqaz”ın əldə etdiyi məlumata görə, o, iki nəfəri aldadaraq pullarını ələ keçirdiyi üçün barəsində cinayət işi başlanılıb. V.Mikayılovla bağlı Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq aparılıb və iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Məlum olub ki, kapitan qulluq mövqeyindən istifadə etməklə “Zəngəzur” şirkətinin rəhbərindən 50 min manat alıb. Belə ki, həmin şirkətlə Dövlət Miqrasiya Xidməti arasında Şəki və Ağsuda Regional Miqrasiya İdarəsinin binasının tikintisi üçün anlaşma olub. Lakin Dövlət Miqrasiya Xidməti tikintidən sonra şirkətə 600 min manat borclu qalıb. Şirkət rəhbəri borcunu almaqda köməklik göstərməsi üçün tanışı vasitəsilə Vüqar Mikayılova müraciət edib. Kapitan Mikayılov isə bu işi 50 min manat qarşılığında görə biləcəyini deyərək həmin məbləği alıb.

Qeyd edilən məsələ ilə əlaqədar Dövlət Miqrasiya Xidmətinə sorğu ünvanladıq. Qurumun Mətbuat xidmətindən “Kriminalqafqaz”a bildirilib ki, “Zəngəzur” şirkətinin rəhbəri müxtəlif vaxtlarda müraciət edərək 2012-ci ildə inzibati binaların tikintisi ilə bağlı ödənilməmiş borcun qaldığını bildirib. Araşdırmalar zamanı həmin dövrə aid qeyd olunan məbləğdə borcu təsdiq edən hər hansı sənəd aşkar olunmayıb. Şirkət rəhbəri bununla bağlı dəvət edilib, məsələ müzakirə olunub və qanunvericiliyin tələblərinə uyğun müvafiq cavablar təqdim edilib.

Vüqar Mikayılovun daha bir dələduzluq əməli Lənkəran Ağır Cinayətlər Məhkəməsindəki cinayət işinin nəticəsinə təsir etməklə bağlı olub. Belə ki, o, rüşvət ittihamı ilə həbs edilmiş məmur Tofiq Əliyevin cinayət məsuliyyətindən azad edilməsi və ya cəzasının yüngülləşdirilməsinə kömək edə biləcəyini deyib. Əvəzində isə ondan 50 min manat alıb.

Qeyd edək ki, V.Mikayılov 2002-ci ildən Xüsusi Dövlət Mühafizə Xidmətində çalışıb. Dələduzluq əməlləri ortaya çıxandan sonra 2021-ci ildə xidmətdən və vəzifədən azad edilib. Hazırda onun barəsindəki cinayət işi aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilib. Barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. Kapitan Mikayılov dələduzluq, cinayətə təhriketmə və rüşvət vermə ittihamları ilə mühakimə olunacaq.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top