Kahalara sığınaraq ölümlə mübarizə aparanlar: Başlıbel faciəsindən 29 il ötür

DÜNYA 18.04.2022 890

Qarabağda 90-cı illərin əvvəllərində baş vermiş hadisələr - ermənilərin Azərbaycanın dinc əhalisinə qarşı törətdiyi bir çox amansız qırğınlar, faciələr qan yaddaşımıza həkk olunub.

44 günlük müharibədə Müzəffər Azərbaycan ordusu həmin dəhşətli qətl və cinayətlərin qisasını erməni cəlladları, terrorçularından alsa da, erməni vəhşiliyi nəticəsində öldürülmüş azərbaycanlıların əziz xatirəsi əbədiyyətə qədər bizimlə olacaq.

Aprelin 18-i erməni vəhşiliyinin bariz nümunəsi, bəşər tarixinə qara ləkə sayılan, azğınlaşmış erməni quldur-terror dəstələrinin Azərbaycanın dinc əhalisinə qarşı törətdiyi daha bir cinayətin – Başlıbel faciəsinin ildönümüdür. Bu tarixdə xalqımız Kəlbəcər rayonunun işğalı zamanı yaşanmış dəhşətli faciənin qurbanlarını yad edir.

Azərbaycan dövləti və xalqının erməni vəhşiliyinin bütün dünyaya çatdırılması uğrunda uzun illərdir apardığı mübarizə bu gün də davam etməkdədir.

Hadisə barədə:

1993-cü ilin aprel ayının əvvəllərində Kəlbəcər rayonu ermənilər tərəfindən işğal edilib. Həmin vaxt iki minə yaxın əhalisi olan Başlıbel kəndinin 73 nəfər sakini evlərini vaxtında tərk edə bilmədilər. Aprelin ikisində kənd sakinlərinin bir qrupu mühasirədən çıxmağa çalışsalar da, buna nail ola bilməyiblər. Bu zaman onlar arasında qətlə yetirilənlər və girov götürülənlər olub, 62 nəfər isə dağlara çəkilərək kahalara sığınmaqla özlərini qorumağa çalışıblar.

Amma onlar cəmi 18 gün gizli yaşaya bildilər. Aprelin 18-də erməni silahlı birləşmələri dinc sakinlərin sığındığı kahaların yerini aşkarladıqdan sonra onların üzərinə silahlı hücuma keçdilər. Həmin gecə kənddən bir qədər yuxarıda yerləşən “Portda” kahalarına sığınmış sakinlərin üzərinə amansız hücum zamanı dinc sakinlərdən 14 nəfər girov götürülüb, 18 nəfər qətlə yetirilib. Sağ qalan 30 nəfər isə sığınacaq yerlərini kəndin ərazisindəki digər kahalara dəyişərək mühasirə həyatını davam etdirib. Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

44 günlük Vətən müharibəsinin başa çatması ilə 10 noyabr tarixində imzalana bəyanata əsasən Kəlbəcər rayonu 25 noyabr tarixində azadlığa qovuşdu. Kəlbəcərin azad edilməsindən sonra ermənilərin azərbaycanlılara qarşı törətdiyi vəhşiliklərin, dağıntıların və ən əsası Başlıbel kimi faciələrin araşdırılması prosesi geniş vüsət aldı. 2021-ci ilin sentyabrın 6-da Kəlbəcərdə Başlıbel qurbanlarının məzarları açıldı.

Başlıbel faciəsinin qurbanları, əsir götürülənlər…

Azərbaycan Respublikası Baş Prokurorluğunun məlumatına görə, Ermənistan silahlı qüvvələrinin avtomat və iriçaplı silahlarla silahlanan ünsürlərinin 18 aprel 1993-cü il tarixində Başlıbel kəndində törətdiyi vəhşilikdən xilas olmaq üçün mağaralarda sığınan mülki əhaliyə etdikləri hücum zamanı 14 nəfər əsir götürülüb. Əsir götürülənlər 93 yaşlı Babayeva Kubra Qədim qızı, 23 yaşlı Əmralıyeva Arzu Binnət qızı, 56 yaşlı Əhmədov Binnət Əbdüləli oğlu, 13 yaşlı Əhmədov Niyyət Binnət oğlu, 15 yaşlı Əhmədova Şərqiyyə Binnət qızı, 56 yaşlı Əmralıyeva Zibeydə Abış qızı, 67 yaşlı Həsənova Leyli Əli qızı, 58 yaşlı Həsənova Mərmər Cavad qızı, 63 yaşlı Həsənova Şamama Hüseyn qızı, 36 yaşlı Həsənova Zeynəb Mahmud qızı, 63 yaşlı Qasımova Tutu Alı qızı, 2 yaşlı Məhəmmədov Hökmdar Surxay oğlu, 73 yaşlı Yusifova Şamama Ağa qızı və 65 yaşlı Mənsimov Hüseyn İbrahim oğlu olub.

Həmin şəxslər sonradan girovluqdan azad edilsələr də, onlardan doqquz nəfəri aldıqları mənəvi və psixoloji sarsıntılardan vəfat ediblər. İstintaq materialları ilə həmçinin müəyyən edilib ki, cinayətkar qruplaşmanın üzvlərinin əlindən digər mağaralara qaçaraq gizlənən və vəhşilərdən canını qurtarmağa çalışan 36 şəxsdən yeddi nəfəri də, mühasirə şəraitində aldıqları xəsarətlərdən Kəlbəcər rayonunun müxtəlif kəndlərində dünyasını dəyişiblər.

Baş Prokurorluq məlumatlarında həmçinin faciədən sonra sağ qalmış 29 nəfərin də adları açıqlanıb:

21 yaşlı Əhmədova Sevil Binnət qızı, 55 yaşlı Əhmədov Hümmət Əbdüləli oğlu, 45 yaşlı Ələsgərov Ələkbər Ələsgər oğlu, 36 yaşlı Ələsgərova Sərmayə Sadıq qızı, 16 yaşlı Ələsgərov Habil Ələkbər oğlu, 14 yaşlı Ələsgərov Rüstəm Ələkbər oğlu, 12 yaşlı Ələsgərova Samirə Ələkbər qızı, 9 yaşlı Ələsgərova Tacirə Ələkbər qızı, 33 yaşlı Əmralıyev Xasay Məhəmməd oğlu, 31 yaşlı Əmralıyeva Nərgiz Mənsim qızı, 6 yaşlı Əmralıyev Elmdar Xasay oğlu, 4 yaşlı Əmralıyev Şəhriyar Xasay oğlu, 27 yaşlı Əzizov Elşad Həsən oğlu, 25 yaşlı Əzizov İsmət Hüseyn oğlu, 23 yaşlı Cəfərov Mahir Məhyəddin oğlu, 58 yaşlı Qədimov Qədim Muxtar oğlu, 32 yaşlı Həsənov Qəzənfər Mahmud oğlu, 38 yaşlı Həsənov Yahya Mahmud oğlu, 25 yaşlı Əsgərova Həcər Əhliman qızı, 23 yaşlı Əsgərova Laləzər Əhliman qızı, 15 yaşlı Əsgərov Vəkil Əhliman oğlu, 23 yaşlı Abbasov Cəllət Ağaverdi oğlu, 19 yaşlı Mehdiyev Səlim Yusifəli oğlu, 22 yaşlı Abbasquluyev Məzahir Talıb oğlu, 23 yaşlı Abbasov Ədalət Ərzuman oğlu, 25 yaşlı Abdullayev Müzahim Məhərrəm oğlu, 23 yaşlı Əhmədov Xəlil Süleyman oğlu, 22 yaşlı Əsgərov Müşfiq Gülbaba oğlu və 23 yaşlı Muradov Füzuli Əkrəm oğlu 113 gün mühasirə həyatı yaşadıqdan sonra çətin dağ relyefinə malik yollarla Kəlbəcər rayonunun Çaykənd kəndinə, oradan Tərtər çayını və Qoşqar dağını keçməklə Daşkəsən rayonu istiqamətində meşələrlə irəliləyərək 1993-cü ilin iyul ayında Daşkəsən rayonunun Zivlən kəndinə çatmaqla həyatlarını xilas edə biliblər.

1993-cü ilin aprel ayında Ermənistan silahlı qüvvələrinin Kəlbəcər rayonunun Başlıbel kəndində mülki əhalinin kütləvi şəkildə vəhşicəsinə qətlə yetirdiyi şəxslərin cəsədlərinin basdırıldığı yerlərin müəyyən edilməsi faktları üzrə Baş prokurorluq tərəfindən cinayət işi başlanaraq intensiv istintaq hərəkətləri davam etdirilir. 

Bundan başqa istintaq hərəkəti zamanı cinayət hadisəsinin baş verdiyi yerdə mülki şəxslərin gizləndiyi mağaralarda aşkar edilmiş müxtəlif məişət əşyaları, mülki şəxslərin qəsdən öldürülməsini sübut edən giliz və güllələr cinayət prosessual qanunvericiliyin tələblərinə əsasən qablaşdırlaraq rəsmiləşdirilib. Başlıbel kəndinə dron vasitəsilə keçirilmiş baxış zamanı həmçinin kənd ərazisində işğaldan əvvəl mövcud olmuş bütün yaşayış evlərinin, inzibati binaların, infrastrukturun tamamilə bünövrəsinə kimi dağıdıldığı aşkar edilib.

Baş Prokurorluqdan verilən məlumata görə, cinayət işinin istintaqı zamanı müəyyən edilib ki, Azərbaycan Respublikasının digər rayonları ilə yanaşı, 1993-cü ilin aprel ayının əvvələrində Ermənistan silahlı qüvvələri hərbi təcavüzlə Kəlbəcər rayonunu işğal edərkən həmin rayonun Başlıbel kəndində mülki əhaliyə qarşı xüsusi amansızlıq və qəddarlıq nümayiş etdiriblər.

Baş Prokurorluğunun İstintaq idarəsinin müstəntiqləri tərəfindən məhkəmənin meyitlərin ekshumasiyası haqqında qərarına əsasən, 24 aprel 2021-ci il tarixində Kəlbəcər rayonunun Başlıbel kəndində müvafiq istintaq hərəkətləri keçirilərək, 50 santimetr dərinlikdə torpağa basdırılmış kəskin çürüməyə məruz qalaraq skeletləşmiş 12 nəfərin meyitlərinin qalıqları aşkar edilib.

Kəlbəcər rayonunun Başlıbel kəndinə hücum zamanı düşmənin vəhşiliklərindən qaçaraq, mağaralarda gizlənən yerli sakinləri atəşə tutması nəticəsində qətlə yetirilmiş 12 nəfərin adları belədir:

63 yaşlı Səmədov Yaqub İsa oğlu, 54 yaşlı Əhmədova Büsat Əliş qızı, 12 yaşlı Əhmədova Zövqiyyə Binnət qızı, 60 yaşlı Əmralıyev Məhəmməd Abış oğlu, 29 yaşlı Əmralıyev Surxay Məhəmməd oğlu, 21 yaşlı Əmralıyev Çingiz Məhəmməd oğlu, 16 yaşlı Əmralıyeva Aygün Məhəmməd qızı, 67 yaşlı Həsənova Çiçək Mikayıl qızı, 68 yaşlı Cəfərova Gülara Cəfər qızı, 95 yaşlı Cəfərova Gülgəz Qədim qızı, 22 yaşlı Abdullayev Vüqar İsa oğlu və 52 yaşlı Əsgərov Əhliman Əvəz oğlu.

Faciədən sağ çıxmış Başlıbel kənd sakinləri ermənilərin kəndə hücumundan sonrakı tarixlərdə iki qrupa bölünməklə müxtəlif mağaralarda gizlənib, həyatları üçün yaranmış təhlükələrə baxmayaraq, 12 may 1993-cü ildə gecə saatlarında həmyerlilərinin qətlə yetirildiyi mağaraların yanına yaxınlaşıb odlu silahlarla qətlə yetirilmiş 12 nəfərin meyitlərini paltarlı vəziyyətdə iki cərgə (hər cərgədə 6 qəbir olmaqla) qəbirlər qazmaqla dəfn etdikdən sonra hadisə yerindən uzaqlaşıblar.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, Azərbaycan Respublikasının Baş prokurorluğu tərəfindən Ermənistanın keçən əsrin 90-ci illərindən başlayaraq Azərbaycan vətəndaşlarına qarşı sülh və insanlıq əleyhinə törətdiyi cinayətlərin araşdırılması və təqsirkar şəxslərin müəyyən edilərək milli və beynəlxalq məhkəmə məsuliyyətə cəlb edilməsi istiqamətində fəaliyyət davam etdiriləcək.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top