NARKOMANİYA - ÖLÜMƏ APARAN YOL

Manşet
GÜNDƏM 04.07.2024 4775
Saat24.az: - Narkomanlıq narkotik zəhərlərdən psixi asılılıq yaradan xəstəlikdir. Bu xəstəliyə tutulmuş şəxslər özlərini tamamilə cəmiyyətdən təcrid edirlər. Bunun növbəti fəsadlarını artıq geniş şərh etməyə ehtiyac yoxdur.  Narkomanlıq  narkotiklərin qanunsuz dövriyyəsinin coğrafiyası kimi sərhəd tanımır. Bu dəhşətli xəstəlik dinindən, dilindən, irqindən, sosial vəziyyətindən və s. asılı olmayaraq hamı üçün eyni dərəcədə təhlükəlidir. O, cinayətkarlığı, zorakılığı və korrupsiyanı yaradır, QİÇS-in sürətlə artmasına təkan verir, sosial-iqtisadi inkişafı ləngidir, ailələrdə problemlərin yaşanmasına səbəb olur.  Bu böyük bəla ilə hər bir qurum  öz sahəsində bütün vasitələrdən  istifadə etməklə mübarizə aparmalıdır. İstər maarifləndirmə, istərsə də inzibati qaydada mütəmadi tədbirlər görülməlidir. Çünki bu ağır xəstəlik cəmiyyətin məhvinə yönəlmişdir.

Bu bəlaya qarşı mübarizə birgə səylərin göstərilməsini tələb etdiyindən narkomaniya ilə bağlı problemləri dünya ictimaiyyətinin diqqətində saxlamaq məqsədilə Birləşmiş Millət Təşkilatı tərəfindən 26 iyun tarixi Narkomaniyaya və Narkobiznesə Qarşı Beynəlxalq Mübarizə Günü elan edib.  Dövlətlər insanları ölümə aparan bu bəlaya istər fərdi şəkildə, istərsə də beynəlxalq əməkdaşlıq çərçivəsində mübarizə aparsalar da, dünya üzrə narkomaniyaya düçar olanların sayı ilbəil artmaqdadır.

Ölkəmizdə ilk dəfə narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri ümummilli lider Heydər Əliyevin 1996-cı il 26 avqust tarixli Fərmanında öz əksini tapıb. Bu Fərmanda ölkədə sosial-iqtisadi sabitliyin təmin edilməsi, insanların sağlamlığının, rifahının və mənəvi-əxlaqi dəyərlərinin qorunması, narkomanlığa və narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə ümumdövlət vəzifəsi kimi müəyyən edilmiş, narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıqla mübarizə sahəsində dövlət siyasətinin strateji istiqamətləri dəqiq göstərilmişdir.  Həmin Fərman əsasında 2000-ci ilə qədərki dövr üçün narkomanlığın yayılmasına, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Ümummilli Proqram hazırlandı, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası yaradıldı, 18 iyun 1999-cu ildə Milli Məclis tərəfindən “Narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Qanun qəbul olundu.
Ulu öndər Heydər Əliyev narkomanlığa və narkotik vəsitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni ümumdövlət vəzifəsi hesab edirdi. Bu problemin həlli üçün ilk dəfə Ulu Öndər Heydər Əliyevin 1996-cı il 26 avqust tarixli Fərmanı ilə narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində dövlət siyasətinin həyata keçirilməsi, bu sahədə dövlət orqanlarının və qeyri-hökumət təşkilatlarının fəaliyyətinin əlaqələndirilməsi məqsədilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası yaradılmışdır. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə sahəsini tənzimləyən normativ-hüquqi baza təkmilləşdirilmiş, beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində müvafiq işlər görülmüş, ölkəmizin narkotiklərlə mübarizə  üzrə beynəlxalq təşəbbüslərində iştirakı daha intensiv xarakter almışdır.

Hazırda bu strateji kurs Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə başçısının 22 iyul 2019-cu il tarixli Sərəncamı ilə bu sahədə qətiyyətli mübarizənin təmin edilməsi məqsədilə “Narkotik vasitələrin, psixotrop maddələrin  və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət  Proqramı” təsdiq edilmiş, Proqramın icrası müddətində narkotik vasitələrin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının qarşısının alınması istiqamətində  bir  sıra  tədbirlər həyata  keçirilmişdir.
Ümummilli lider Heydər Əliyevin siyasətini bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyevin narkomaniyaya qarşı mübarizə tədbirlərinin davamlılığını təmin etmək üçün təsdiqlədiyi Dövlət proqramları bu sahədə mühüm əhəmiyyət kəsb edir.  “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Proqram ((2007-2012-ci illər)”, eyni zamanda, bu sənədin davamı olaraq “2013-2018-ci illər üçün narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin yüksək səviyyədə yerinə yetirilməsi istiqamətində ciddi səylər göstərildi və əldə olunan nəticələr növbəti sənədin qəbulunu zərurətə çevirdi.  Belə ki, dövlət başçısı İlham Əliyevin 22 iyul 2019-cu il tarixli Sərəncamı ilə təsdiqlənən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı»nda qeyd edilir ki, aparılan islahatlar narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlıq problemlərinin həlli üçün cəmiyyətin, dövlətin və qeyri-hökumət təşkilatlarının səylərinin birləşdirilməsini, beynəlxalq əlaqələrin genişləndirilməsini və kompleks mübarizəni zəruri etmişdir. Narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq bu gün dünyanı narahat edən əsas problemlərdən biridir. Həmin problemin vurduğu ziyanın həcmi praktiki olaraq çox böyükdür və həm narkotik istifadəçisinin şəxsiyyətinin deqradasiyasına, həm də müxtəlif cinayətlər törədilməsinə, cəmiyyətin maddi-texniki və intellektual potensialının aşağı düşməsinə, genefondun pisləşməsinə və bir çox mənfi hallara gətirib çıxarır.

Eyni zamanda, cinayətkarlığın artmasına səbəb olan narkotiklərin qanunsuz dövriyyəsi terrorizmin maliyyə mənbəyi olmaqla beynəlxalq təhlükəsizliyə ən ciddi təhdidlərdən biridir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”nın  məqsədi respublikada narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizənin gücləndirilməsi, antinarkotik təbliğatı, ictimai maarifləndirmə işinin əhatəsinin genişləndirilməsi, müasir informasiya texnologiyalarının imkanlarından istifadə olunmaqla, narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının maarifləndirmə yolu ilə qarşısının alınması, narkomanlığa düçar olmuş şəxslərin müalicəsi və reabilitasiyası istiqamətində müasir texnologiyaların və yeni üsulların tətbiqi, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi, beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi, beynəlxalq təcrübədən istifadə etməklə ixtisaslaşmış seminarların keçirilməsi və digər genişmiqyaslı məsələlərdən ibarətdir.

Narkomaniyaya qarşı mübarizəni gücləndirməklə gələcəyimizi, sağlamlığımızı qoruyur, dövlətçiliyimizi daha da möhkəmləndirmiş oluruq. Azərbaycanın gələcəyi kimi dəyərləndirilən gənclərin sağlamlığının təminatı daim diqqətdə saxlanılan məsələdir. Dövlət başçısı İlham Əliyevin Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumunda söylədiyi “Biz azad ölkədə yaşayırıq, sabitlik olan ölkədə yaşayırıq, özünə güvənən ölkədə yaşayırıq. Biz haqlı olaraq fəxr edirik ki, Azərbaycan vətəndaşlarıyıq və gənclər həm öz gələcək həyatını düzgün müəyyən etmək üçün və eyni zamanda, dövlətə maksimum xeyir vermək üçün fəal olmalıdırlar. Mən bu sözləri deməklə, eyni zamanda, Azərbaycan gənclərinə həm ürək sözlərimi deyirəm, həm də təşəkkür sözümü deyirəm. Çünki bir çox hallarda, xüsusilə Vətən müharibəsində gənclərin rolu həlledici olmuşdur və biz haqlı olaraq gənclərimizlə fəxr edə bilərik” fikirləri Azərbaycan gəncliyinə böyük inamın, etimadın təsdiqidir.

Hər il olduğu kimi, 2024-cü il üçün də Zərdab rayon prokurorluğu tərəfindən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında”, “Narkoloji xidmət və nəzarət haqqında” Azərbaycan Respublikasının qanunlarını və digər normativ-hüquqi aktları rəhbər tutaraq təsdiq edilmiş iş planına uyğun olaraq bir sıra tədbirlər  keçirmişdir. İl ərzində yeniyetmə və gənclər arasında sağlam həyat tərzinin, narkomanlığın fəsadları haqqında düzgün təsəvvürlərin formalaşdırılması, ictimaiyyətin diqqətinin narkomanlıqla bağlı problemlərin həllinə cəlb olunması məqsədilə  bir  sıra işlər görülmüşdür. Rayon ərazisində Zərdab rayon prokurorluğu tərəfindən gənclər arasında sağlam həyat tərzinin təbliğ olunması, hüquq pozuntuları, narkomanlıq, QİÇS-lə mübarizə və digər neqativ halların profilaktikası məqsədilə tədbirlər həyata keçirilmişdir. Əsas diqqət rayon ərazisində narkomanlığın yayılmasının, narkotik vasitələrin qanunsuz dövriyyəsinin, narkotərkibli bitkilərin əkilib-becərilməsinin qarşısının alınması, yeniyetmə və gənclər arasında sağlam həyat tərzinin təbliğ olunması, narkomanlıq, QİÇS və digər neqativ halların qarşısının alınması profilaktikasına yönəlmişdir.
Qeyd olunduğu kimi, narkomaniya ilə mübarizədə ən effektiv vasitələrdən biri maarifləndirmə tədbirlərinin həyata keçirilməsidir. Bu məqsədlə Zərdab rayonunda orta ümumtəhsil məktəblərində və digər ictimai müəssisələrdə mütəmadi maarifləndirmə tədbirləri təşkil edilir. "Narkomanlıq əsrimizin bəlasıdır”, “Gənclər narkotikə yox deyir!” və s. kimi mövzular gənclərimizin sağlamlığının prioriteliyini özünədə ehtiva edir. Təbliğat formalarından biri də mövzuya dair videoçarxların təqdimatıdır. Təbliğat işində kiçik dövlət kimi dəyərləndirilən ailələrin də rolunu xüsusi qeyd etməliyik. Valideynlər bu bəlanın fəsadlarını uşaqlara çatdırmalı, ətraflarında belə gənclər varsa onların təsir dairələrinə düşməməklə yanaşı, sağlam həyata qayıtmalarına dəstək olmalıdırlar.  Bu gün valideynlərin necə davranması və uşaqları üçün hansı təsirə malik olması, sabah həmin uşaqların gələcəyi üçün əsasdır. Demək, gələcəyimiz öz əllərimizdədir. Gələcəyimizə bu gündən sahib çıxmağa başlayaq və narkomaniyaya birlikdə yox deyək!

Zərdab rayonunda yeniyetmə və gənclərin sağlam həyat tərzi, əqli-mənəvi durumu, mənəvi-psixoloji cəhətdən düzgün tərbiyə olunmasında zərərli vərdişlərdən, eləcə də narkomaniya bəlasından qorunması məsələsi daim diqqət mərkəzində  saxlanılmışdır. Son dövrlər dövlət tərəfindən tikilib istifadəyə verilən idman-sağlamlıq kompleksləri rayonda yaşayan, təhsil alan yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkilinə, eyni zamanda pis vərdişlərdən kənarda qalmalarına müsbət təsir  göstərməkdədir. Azərbaycanın gələcəyi kimi dəyərləndirilən gənclərin sağlamlığının təminatı daim diqqətdə saxlanılan məsələdir.

Eyni zamanda, mütəmadi olaraq Zərdab rayon prokurorluğu tərəfindən 2024-cü il tarixində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində ciddi tədbirlər görülməklə qeyd olunan cinayət əməllərinə yol vermiş şəxslərin cinayət məsuliyyətə cəlb olunması istiqamətində zəruri addımlar atılmışdır.

Odur ki, bu problemləri yaradan səbəblərin aradan qaldırılması  məqsədilə qarşıdakı illərdə də Zərdab rayon prokurorluğu digər aidiyyəti qurumlarla dünyəvi bəlaya çevrilən narkomanlığın yayılmasının və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə işində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamlarından, tapşırıq və tövsiyələrindən irəli gələn vəzifələrin yerinə yetirilməsi istiqamətində daha effektiv çalışacaq və problemlərin həlli ilə bağlı aidiyyəti qurumlarla birlikdə lazımi qərarlar qəbul etməklə onların icrasına nəzarəti daha da artıracaqdır.

Zərdab rayon prokurorluğunun müstəntiqi,
I dərəcəli hüquqşünas

Qasım Məmmədli
 
XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top