Deputat Jalə Əliyeva: "COP29 ölkəmiz və xalqımız üçün növbəti uğura çevriləcək"

SİYASƏT 27.03.2024 1689
 

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 bu il Azərbaycanda keçiriləcək.

Noyabrın 11-dən 24-dək Bakıda keçiriləcək konfransda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasını imzalayan bütün 199 ölkənin nümayəndə heyətləri iştirak edəcəklər. COP29 konfransı çərçivəsində iki həftə ərzində Azərbaycana təxminən 70-80 min xarici qonağın gəlməsi proqnozlaşdırılır. 

Ölkəmizdə keçiriləcək tədbirin prezidenti isə Muxtar Babayev olacaq. Belə ki, Prezident İlham Əliyevin sərəncamı ilə beynəlxalq təcrübə nəzərə alınaraq Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev ölkədəmizdə keçiriləcək COP29 tədbirinin prezidenti təyin edilib.

COP-un dünyanın ən önəmli beynəlxalq tədbirlərindən biri olduğunu Prezidenti İlham Əliyev də xüsusi vurğulayıb:

“Hesab edirəm ki, COP29 dünyada ən mötəbər beynəlxalq tədbirlərdən biridir. Ölkələrin təmsilçiliyi nöqteyi-nəzərindən BMT Baş Assambleyasından geri qalmır".

Dövlətimizin başçısı həm də qeyd edib ki, COP29 beynəlxalq konfransını yüksək səviyyədə keçirəcəyik: 

"Bu, ölkəmizin, xalqımızın növbəti böyük uğuru olacaq. Eyni zamanda, Azərbaycan neft-qaz ölkəsi kimi bu sahədə də özünü göstərəcəkdir və dünyada hər kəs bir daha görəcək ki, bizim gündəliyimiz yaşıl enerji ilə bağlıdır. Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli hazırda bizim enerji siyasətimizin prioritetidir. Bu, reallıqdır və bütün dünya bunu bir daha görəcək". 

Bildirək ki, COP29 iqlim fəaliyyətini sürətləndirmək və 2015-ci ildə dekabrında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına üzv ölkələrin 21-ci konfransında qəbul edilən Paris Sazişinin məqsədlərinə nail olmaq üçün keçirilən tarixi görüşdür. Bu sənədi 171 ölkənin hökumətləri adından dövlət və hökumət rəhbərləri, xarici işlər və ətraf mühit nazirləri imzalayıb.

COP tədbirlərinin keçirilmə məqsədlərindən biri də inkişaf etmiş ölkələr inkişaf etməkdə olan ölkələrə iqlim dəyişikliyinin təsirini azaltmaq və uyğunlaşmaqda kömək etmək üçün maliyyə yardımı üçün fond toplamaqdır. Üstəlik, COP29 konfransı iştirakçı ölkələr üçün yeni öhdəliklər götürmək və iqlim böhranını həll etmək üçün konkret addımlar atmaq üçün bir fürsətdir. 

Onu da diqqətə çatdıraq ki, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə 2024-cü il ölkədə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Əlbəttə ki, bunun COP29 konfransının keçirildiyi bir ildə olması da olduqca əhəmiyyətlidir. 

Milli Məclisin deputatı Jalə Əliyeva "Cebhe.info"-ya açıqlamasında bildirib ki, COP29-un Azərbaycanda keçirilməsi tarixi əhəmiyyətə malikdir:

"Azərbaycan növbəti dəfə beynəlxalq tədbirə ev sahibliyi edəcək. Belə mötəbər bir tədbirin paytaxtımızda keçirilməsi həm də ölkəmizin dünyada artan nüfuzundan xəbər verir. Nəzərə almaq lazımdır ki, COP29 konfransının Bakıda keçirilməsi beynəlxalq aləmin yekdil razılığı ilə mümkün olub. 

Ev sahibi olaraq Azərbaycanın seçilməsi bir daha ölkəmizə olan böyük etimadı, inamı və hörməti göstərir. Cənab Prezident İlham Əliyevin də dediyi kimi, biz buna layiqik və apardığımız siyasət nəticəsində dünya miqyasında çox güclü mövqelərə sahib olmuşuq".

Millət vəkili əlavə edib ki, COP29 olduqca mühüm tədbirdir:

"COP29 bu gün bütün dünyanın diqqətində olan, hər kəsi maraqlandıran və narahat edən məsələləri özündə ehtiva edir. Burada ən əhəmiyyətli məsələlərdən biri də dünyamız üçün birinci yerdə gələn ekologiyadır. Dünyada ekoloji tarazlığın qorunması və əldə edilənlərin gələcək nəsillərə ötürülməsidir.

Ümumiyyətlə, COP29 indiyə kimi ölkəmizdə keçirilən ən böyük tədbir olacaq. Əminəm ki, Azərbaycan belə mötəbər bir tədbirə də çox uğurlu şəkildə ev sahibliyi edəcək. Bu həm də ölkəmiz və xalqımız üçün növbəti böyük uğur olacaq. Azərbaycan həmin 2 həftə ərzində beynəlxalq aləmə bir daha özünün necə qonaqpərvər olduğunu göstərəcək".

Jalə Əliyeva vurğulayıb ki, COP29-un Bakıda keçirilməsi bir daha Azərbaycanın regionda və dünyada söz sahibi ölkə olduğunu sübut edir:

"Tədbirə 80 minə yaxın insanın qatılması gözlənilir. Bunun özü belə tədbirin əhəmiyyətini və çəkisi ortaya qoyur. Biz də vətəndaş olaraq böyük bir qürur hissi keçiririk. Düşünürük ki, ölkəmiz bu tədbirdən də digər tədbirlər kimi çox uğurla çıxacaq. 

Çünki Azərbaycan əvvəlki tədbirlərə də cənab Prezident İlham Əliyevin birbaşa rəhbərliyi və nəzarəti ilə çox üstün bir səviyyədə ev sahibliyi edib. Üstəlik, regionun lider dövləti olan Azərbaycana dünyada maraq getdikcə artır. Əlbəttə ki, bütün bunlar cənab Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasətinin bəhrəsidir". 

Deputat onu da söyləyib ki, Azərbaycan gələcəkdə də böyük beynəlxalq tədbirlərə ev sahibliyi edəcək:

"COP29-dan sonra gələcək perspektivdə ölkəmizdə başqa böyük tədbirlərin və konfransların keçiriləcəyini də düşünürəm.

Ona görə ki, Azərbaycan artıq öz siyasəti və gücü ilə dünyada söz sahibi olan ölkələrdən birinə çevrilib. Yəni yaxın gələcəkdə beynəlxalq tədbirlərin keçirilməsi üçün potensial ev sahibi olaraq Azərbaycan hər zaman namizəd kimi ön plana çıxacaq".

 

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top