Sadə xəbər
- "İki ay əvvəl övladımı gətirdim bu xəstəxanaya, tibbi sığorta ilə əməliyyat olundu, çox da uğurlu keçdi əməliyyatı. Halbuki, əvvəllər bizi get gələ salırdılar, "get filan vaxtı gələrsən" deyə-deyə vaxtı uzadırdılar. Amma, TƏBİB (Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi) yaradılandan bəri hər şey rahat olub. Çox razıyam."
- "Mən Bakıda demək olar ki, bütün xəstəxanalarda, hətta özəllərdə belə dializ almışam. İndi bura (Abşeron Rayon Mərkəzi Xəstəxanası) gəlirəm, burda xidmət çox yaxşıdır. Həkimlə bərabər qoşulub, bərabər də çıxırıq. Çox razıyam. Artıq, səhiyyə sahəsində 99 % dəyişiklik var. Allah TƏBİB-in fəaliyyətini uzunömürlü eləsin."
- "Əvvəllər həkimlərdən çəkinirdim, amma indi ürəklə gəlirəm. Çox yaxşıdır artıq hər şey. Həkimlərin münasibəti də, xidmət də yüksək səviyyədədir. O, qədər gözəl rəftar edirlər ki, xəstələrlə, hətta, uşaqlar belə artıq həkimlərdən qorxmurlar. Çünki, gülərüzlə qarşılanırlar. Bu şəraiti yaradanlara çox təşəkkür edirəm."
- "450-500 şəkərlə xəstəxanaya gəlmişdim, həkimlərimiz sayəsində artıq bu gün qalxmışam. Şəkərim hazırda 180-dir. İndi savadlı həkimlərimiz artıq layiq olduqları yerlərdə yerləşiblər. Artıq, xəstəxanalarda da şərait və xidmətlər yüksək səviyyədədir. Dərmanlarımız, yeməyimiz vaxtında verilir. Hər şey öz yerində, həkimlər də 24 saat başımızın üstündə.
Allaha and olsun TƏBİB-dən çox razıyıq, çox təşəkkür edirik "...
"Saat24.az" "DogruXeber.az"-a istinadən xəbər verir ki, bu sözləri müxtəlif dövlət xəstəxanalarında keçirilən sorğu zamanı xəstələr özləri deyiblər.
Bildiyimiz kimi cəmi bir neçə il bundan əvvələ qədər Azərbaycan səhiyyəsində çox böyük problemlər yaşanırdı. Ölkə əhalisinin böyük bir hissəsi səhiyyədən narazı idi. Maddi imkanı olanların - hətta o zamanlar səhiyyə sahəsində rəhbər vəzifələrdə çalışan şəxslərin özlərinin belə müalicə almaq üçün ölkə xaricinə getdikləri deyilirdi.
Şikayətçi olan çoxsaylı vətəndaşlar günlərlə Səhiyyə Nazirliyinin qarşısında etiraz edirdilər. Bütün bunları nəzərə alan ölkə başçısı Səhiyyə sahəsində əsaslı dəyişikliklərin aparılması və inkişafı istiqamətində fərmanlar imzaladı. Həmin fərmanlardan biri də 2018-ci il dekabr ayının 20-də imzalanan fərmandır ki, ona əsasən ölkədə yeni qurum - TƏBİB (Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi) yaradıldı. Doğrudur, qurum yeni yaradılanda təyin edilən rəhbər barəsində bəzi narazılıqlar yarandı və yerli mətbuatda bir sıra tənqidi materiallar dərc olundu. Lakin, 2021-ci ilin sentyabr ayında sabiq rəhbər Ramin Bayramlı tutduğu vəzifədən azad edildikdən sonra, onun səlahiyyətlərini icra edən Vüqar Qurbanov sözügedən sahədə böyük dönüş yaratdı və TƏBİB-in tabeliyində olan xəstəxanalarda nəzarət gücləndirildi, vətəndaşları narahat edən müxtəlif səbəblər aradan qaldırıldı.
Qeyd edək ki, Vüqar Qurbanov 2022-ci ilin sentyabr ayında TƏBİB-in İcraçı direktoru vəzifəsinə təyin edilib. O, zamandan bəri respublika ərazisində fəaliyyət göstərən tibb müəssisələrinin demək olar ki, (Milli Onkologiya, Z.Əliyeva adına Oftalmologiya Mərkəzi və Tibb Universitetindən başqa) hamısı sözügedən qurumun tabeliyinə verilib.
Artıq, bölgələrdə də vətəndaşların rahatlığı üçün xəstəxanalarda çox gözəl şərait qurulub. Buna görə də bölgələrdən paytaxt xəstəxanalarına vətəndaş axını xeyli azalıb.
İndi bütün dövlət xəstəxanalarında (özəl tibb müəssisələrinin reklamlarında deyildiyi kimi) yüksək xidmət göstərilir və keyfiyyətli nəticə təqdim olunur. Amma, bütün bunlar yalnız tibb sığorta ilə həyata keçirilir.