Ermənistan və Azərbaycan arasında sülh prinsipləri üç beynəlxalq formatda razılaşdırılıb.
"Saat24.az" xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan "The Telegraph"a müsahibəsində deyib.
Onun sözlərinə görə, sülh prinsiplərinin birincisi 2022-ci ildə baş tutub: "Oktyabrın 6-da Praqada Fransa Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının sədri Şarl Mişel, Azərbaycan Prezidenti İlham Əliyev və mən. Biz uzun müzakirələrdən sonra dördtərəfli görüş zamanı, 1991-ci ildə imzalanmış Alma-Ata Bəyannaməsi əsasında Ermənistan və Azərbaycanın bir-birinin ərazi bütövlüyünü tanıması prinsipinin qeyd edildiyi birgə bəyanat qəbul etdik.
Alma-Ata Bəyannaməsi ilə Sovet İttifaqı respublikaları arasında mövcud inzibati sərhədlər dövlət sərhədlərinə çevrilir.
İkinci mühüm məqam ondan ibarətdir ki, Alma-Ata bəyannaməsi iki ölkə arasında sərhədlərin demarkasiyası və delimitasiyası üçün əsas olmalıdır. Bu həm də çox mühüm prinsipdir ki, bu kontekstdə Ermənistanla Azərbaycan arasında demarkasiya prosesində sərhəd yaradılmamalı, Alma-Ata Bəyannaməsi ilə təsdiq edilmiş və yenidən təsdiqlənmiş xəritələrlə sərhədlər yerlərdə ifadə edilməlidir. Bu, ilk fundamental tənzimləmədir".
Baş nazirin sözlərinə görə, bundan sonra oktyabrın 30-da Rusiya Prezidenti, Azərbaycan Prezidenti və onun işirakı ilə üçtərəfli bəyanat imzalanıb: "Bu bəyanatda Ermənistan və Azərbaycan yazılı bəyanatda bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıdıqlarını və güc tətbiq etmək və güc tətbiq etməklə hədələməkdən imtina etmələrini bəyan etdilər. Yəni bütün məsələlər danışıqlar yolu ilə həll olunacaq. Bu saziş həm də üçüncü fundamental prinsipin formalaşması üçün əsas oldu Bu da o deməkdir ki, regionda kommunikasiyaların açılması, blokların açılması və bir-biri üçün yolların açılması ölkələrin suverenliyinə və yurisdiksiyasına hörmət çərçivəsində baş verəcək. Bu prinsip əvvəlki iki prinsiplə birlikdə mayın 14-də və iyulun 15-də Brüsseldə keçirilən üçtərəfli görüşlər nəticəsində qeydə alınıb. Üstəlik, danışdığım hər şey ictimai sənədlərə aiddir".
Paşinyan qeyd edib ki, mahiyyət etibarı ilə Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin arxitekturası və prinsipləri razılaşdırılıb: "Biz yekun sənədin mətni üzərində nəhayət razılığa gəlməyə çox yaxın idik. Azərbaycan üç dəfə müxtəlif formatlarda danışıqlarda iştirakdan imtina etdi, ondan sonra Azərbaycanda prezident seçkiləri təyin olundu. Hazırda biz bu nöqtədəyik və güman edirəm ki, prezident seçkilərindən sonra siyasi iradə olarsa, biz bu məqamların icrasına nail ola biləcəyik.
Lakin bu qədər vaxt itirməyimiz o qədər də müsbət əlamət deyil".