ABŞ İsraili Qəzza zolağında soyqırımda ittiham etmək üçün heç bir hüquqi əsas görmür.
"Saat24.az" xarici mediaya istinadən xəbər verir ki, bu fikri Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə səsləndirib.
“Biz dəfələrlə bəyan etmişik ki, bu iş üzrə ittihamların əsassız olduğuna inanırıq, İsraili soyqırımda ittiham etmək üçün heç bir əsas yoxdur”, - deyə Kirbi bildirib.
İsrailin hərəkətləri soyqırım kimi tanınarsa, ABŞ Beynəlxalq Ədalət Məhkəməsinin qərarını qəbul edəcəkmi, yoxsa yəhudi dövlətinə qarşı tədbirlərin görülməsinə mane olmağa çalışacaqmı sualına cavab olaraq Ağ Ev nümayəndəsi qeyd edib ki, o, hadisələri qabaqlamaq fikrində deyil:
"Mən fərziyyə irəli sürmək fikrində deyiləm və ya prosesin qabağına getmək fikrində deyiləm. Biz konkret bir məsələyə münasibətimizi açıq şəkildə ifadə etmişik, həmçinin İsrail özünü müdafiə etdiyi zaman onu dəstəkləmək barədə fikirlərimizi açıqlamışıq", - Kirbi vurğulayıb.
Rəsmi əlavə edib ki, Qəzza zolağında öldürülən mülki əhalinin çoxluğuna baxmayaraq, Birləşmiş Ştatlar İsrail tərəfindən hərbi qanunların pozulmasına dair heç bir əlamət görmür: "Mülki itkilər həddən artıq çoxdur, biz bu barədə artıq danışmışıq. Biz İsraildən bu rəqəmin azaldılması üçün tədbirlər görmələrini istəyirik. Lakin onların silahlı münaqişə qanunlarını bilərəkdən və bilməyərəkdən pozduqlarına dair heç bir sübut yoxdur".