2023-CÜ İL “HEYDƏR ƏLİYEV İLİ”DİR! ULU ÖNDƏR HEYDƏR ƏLİYEV AZƏRBAYCAN DÖVLƏTÇİLİYİNİN XİLASKARI, MÜASİR MÜSTƏQİL AZƏRBAYCANIN BANİSİDİR

Manşet
SİYASƏT 21.11.2023 3691

 
Zaur ƏLİYEV,
Zərdab rayon prokuroru, ədliyyə müşaviri

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2023-cü il mayın 10-da xalqımızın ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyinin tamam olması ilə əlaqədar 2022-ci il sentyabrın 29-da 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev ili” elan edilməsi haqqında Sərəncam imzalayıb. Bu sərəncam Heydər Əliyev şəxsiyyətinə, onun tarixi xidmətlərinə yeni dəyərlər əsasında verilən qiymətdir. Sərəncamda qeyd edildiyi kimi, Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Ölkəmizdə 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi cəmiyyətin bütün təbəqələrində hədsiz sevinclə qarşılanır, dünya miqyaslı siyasət və dövlət xadiminin dövlətçilik ənənələrimizin dirçəldilməsi, yaşadılması və bərpa edilməsi sahəsində misilsiz xidmətlərinə, çağdaş tariximizdə tutduğu müstəsna mövqeyinə xalqımızın və dövlətimizin qədirbilən münasibətinin parlaq təcəssümü kimi qiymətləndirilir. 
Ulu öndərin fəaliyyəti xalqımızın milli sərvəti, xəzinəsidir, bundan sonra da neçə-neçə nəsillər bu məktəbdən bəhrələnərək Azərbaycanın davamlı inkişafına öz töhfəsini verəcək. Onun fəaliyyətinin hər bir mərhələsi, istər Azərbaycanda hakimiyyətinin birinci dövrü (1969-1982), istərsə də müstəqilliyimizin bərpasından sonrakı dövr ayrı-ayrılıqda tədqiqat mövzusudur. Məhz azadlığımızın, müstəqil dövlətçiliyimizin müqəddəratının həll edildiyi ağır günlərdə Heydər Əliyev xalqının iradəsi ilə Azərbaycan Respublikasını, xalqımızı, milli-azadlıq hərəkatında qazanılmış tarixi nailiyyətləri məhv olmaqdan xilas etmək kimi çox çətin və şərəfli bir missiyanı üzərinə götürdü. Bu, sözün əsl mənasında, “ömrümün qalan hissəsini də xalqıma bağışlayıram” deyib, meydana atılan böyük ürəkli Vətən oğlunun öz xalqı, öz Vətəni qarşısında misilsiz fədakarlığı idi. 
Ümummilli lider daxili və xarici qüvvələrin dövlət çevrilişi, sui-qəsd və təxribat cəhdlərinə baxmayaraq həyatı, sağlamlığı bahasına gecəli-gündüzlü fədakar əməyi hesabına müstəqil Azərbaycan dövlətini qurdu və möhkəmlətdi, demokratik hüquqi dövlət qurmaq, köklü islahatlar aparmaq üçün ilk növbədə ölkədə ictimai-siyasi sabitliyi, qanunçuluğu bərqərar etdi, cəmiyyətdə hökm sürən hərc-mərcliyə və özbaşınalığa birdəfəlik son qoydu. Ulu öndərin 1994-cü ildə imzaladığı cinayətkarlıqla mübarizəyə yönəlmiş tarixi fərmanı qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsində əsaslı dönüş yaratdı. Zəngin dövlətçilik təcrübəsinə malik olan Heydər Əliyev hüquqi dövlətin Azərbaycan modelini ilk milli Konstitusiyanı yaratmaqla gerçəkləşdirdi. Onun müəllifi olduğu 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyasında hüquqi dövlətin bütün prinsipləri - qanunun aliliyi, insan hüquqlarının müdafiəsi, hakimiyyət bölgüsü, konstitusiya nəzarəti prinsipləri təsbit olundu, insan haqlarının təmini dövlətin ali məqsədi kimi bəyan edildi.
Ulu öndər prokurorluq orqanlarının rəhbər işçiləri ilə 2000-ci ilin aprelində keçirdiyi görüşdə hüquqi islahatlarla bağlı deyirdi: “Bu islahatları ona görə aparmırıq ki, kimsə bizə deyir, kimsə tələb edir. Özümüz anlamalıyıq ki, “hüquqi, demokratik dövlət qururuq” elan edən prezident gərək onu təmin etsin. Bunu təmin etmək də qanunlarla ola bilər”.
Heydər Əliyevin fəaliyyəti nəticəsində müstəqil Azərbaycan Respublikasının yeni Konstitusiyası qəbul edildikdən sonra məhkəmə-hüquq islahatlarının aparılması daha da sürətləndirilməklə ulu öndərin 1996-cı ilin fevralında imzaladığı Fərmanla hüquqi islahatlar üzrə komissiya yaradılmışdır. Komissiya tərəfindən ictimai münasibətlərin müxtəlif sahələrini tənzim edən bir sıra qanunların, o cümlədən prokurorluğun fəaliyyətinə aid müddəaları nəzərdə tutan normativ hüquqi aktların Avropanın aparıcı ekspertlərinin müsbət rəyini almış layihələri hazırlanmışdır. Bu layihələr əsasında qəbul edilmiş “Konstitusiya Məhkəməsi haqqında”, “Məhkəmələr və hakimlər haqqında”, “Polis haqqında”, “Vəkillər və vəkillik fəaliyyəti haqqında”, “Əməliyyat-axtarış fəaliyyəti haqqında” və digər qanunlar ölkənin hüquq sisteminin formalaşması prosesinə böyük töhfə olmuşdur.
Ümummilli liderin 1998-ci il noyabrın 28-də prokurorluq orqanlarının yaradılmasının 80 illik yubileyinə həsr edilən təntənəli yığıncaqdakı tarixi nitqində dediyi “Prokurorluq peşəsi ağır, çətin, amma, eyni zamanda, çox şərəfli, hörmətli peşədir. Arzu edərdim ki, siz həmişə bu peşəni şərəflə daşıyasınız”, kəlamı hər bir prokurorluq işçisinin gündəlik işində bütün bilik, qüvvə və bacarığını səfərbərliyə alaraq əməl etməyə çalışdığı fəaliyyət istiqamətinə çevrilmişdir.
Ulu öndərin respublika prokurorluğunun rəhbər işçiləri ilə 2000-ci il aprelin 26-da keçirdiyi görüş prokurorluq orqanlarının tarixində həlledici əhəmiyyətə malik dönüş nöqtəsi olmuşdur. Məhz bu görüşdə Heydər Əliyevin verdiyi proqram əhəmiyyətli göstərişlərin nəticəsi olaraq, həmin vaxtdan Azərbaycan Prokurorluğu orqanlarında aparılan və bu gün də yeni müstəvidə davam etdirilən hərtərəfli islahatlar nəticəsində prokurorluğun fəaliyyətinin təkmilləşməsi, zəruri normativ-hüquqi bazanın yaradılması, ciddi tələbkarlıq şəraitinin formalaşdırılması, kadrların seçilməsinin yeni mütərəqqi formalarının tətbiqi təmin edilmiş, dövlətçiliyin və milli maraqların etibarlı qorunması, cinayətkarlığa qarşı mübarizə, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi işi ən yüksək tələblər səviyyəsinə çatdırılmışdır.
Böyük qürur hissilə deyilməlidir ki, ulu öndərin siyasi kursunu və strateji inkişaf konsepsiyasını uğurla davam etdirən Prezident İlham Əliyev tərəfindən prokurorluğun fəaliyyətinin dünya standartları səviyyəsində təkmilləşdirilərək, ən yüksək beynəlxalq tələblərə uyğun formalaşdırılması prosesi həyata keçirilir, ümumiyyətlə, prokurorluq orqanlarına hərtərəfli qayğı və diqqət göstərilir. Prokurorluq orqanlarının müasir tələblərə cavab verən dövlət orqanı səviyyəsinə uyğun təkmilləşdirilməsində Prezident İlham Əliyevin 27 sentyabr 2008-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərba ycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı” xüsusi əhəmiyyətə malikdir. Habelə, cənab Prezidentin “Korrupsiyaya qarşı mübarizə haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2004-cü il 3 mart tarixli Sərəncamı ilə korrupsiya cinayətləri üzrə ixtisaslaşmış dövlət antikorrupsiya orqanının Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin Azərbaycan Respublikasının Baş prokuroru yanında yaradılması prokurorluğa olan inam və etimadın təzahürüdür.
Prokurorluğun fəaliyyətinin, həmçinin dövlətçiliyə və xalqa olan sədaqətinin dövlət tərəfindən daim yüksək dəyərləndirilməsi hər bir prokurorluq işçisini qürurlandırmaqla bərabər, üzərimizə daha böyük məsuliyyət qoyur. 
Odur ki, fəaliyyətində hər zaman ümummilli lider Heydər Əliyevin ali ideyalarını və möhtərəm Prezidentimiz İlham Əliyevin idarəçilik prinsiplərini rəhbər tutan Prokurorluğun kollektivi dövlət başçısının prokurorluq orqanlarına göstərdiyi yüksək diqqət, xüsusi qayğı və etimadı layiqincə doğrultmaq, qanunun aliliyini, insan hüquq və azadlıqlarına dönmədən əməl olunmasını, qanun pozuntularının qarşısının alınmasını və aradan qaldırılmasını, habelə cinayətkarlığa qarşı mübarizəni təmin etmək üçün bütün zəruri tədbirlərin görülməsini bundan sonra da ləyaqətlə davam etdirəcək.

Saat24.Az Coşqun Abdullayev 
XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top