Azərbaycan Cənubi Koreya şirkətlərilə "ağıllı kənd təsərrüfatı" ilə bağlı memorandum imzaladı - FOTOLAR

Sadə xəbər
DÜNYA 23.09.2023 1729

Heyvandarlıq Elmi Tədqiqat İnstitutunda Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi, Cənubi Koreyanın Ticarət və İnvestisiyaların Təşviqi Agentliyi (KOTRA), İNPRO, WHYBIZ, ENEY şirkətlərinin nümayəndələri ilə “Koreya-Azərbaycan ağıllı kənd təsərrüfatı sahəsində əməkdaşlıq” mövzusunda sınaq layihəsinin təqdimatı baş tutub.

"Saat24.az"ın məlumatına görə, tədbiri giriş sözü ilə açan Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun direktoru Mahir Hacıyev bildirib ki, institut olaraq daim beynəlxalq təşkilatlar, elm müəssisələri ilə əməkdaşlıq edilir və beynəlxalq təcrübənin ölkəmizdə heyvandarlığın inkişafı üzrə tətbiq olunmasında əsaslı addımlar atılır.

Göygöl rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Qocayev çıxış edərək bildirib ki, Göygöl rayonu ölkəmizdə heyvandarlıq sahəsində önə çıxan rayonlardan biridir. Son illərdə artan göstəricilərlə birlikdə, yeni innovasiyaların tətbiqi heyvandarlığın inkişafında daha da mühüm rol tutacaq.

Daha sonra çıxış edən Cənubi Koreyanın Ticarət və İnvestisiyaların Təşviqi Agentliyi (KOTRA) Bakı nümayəndəliyinin rəhbəri Kyekvon Co qeyd edib ki, Azərbaycanda fəaliyyət göstərdikləri müddətdə Cənubi Koreya hökumətinin dəstəyi ilə şirkət və müəssisələrin qabaqcıl təcrübələrinin Azərbaycanda tətbiq olunmasında KOTRA olduqca maraqlıdır. Bu gün baş tutan sınaq layihəsi gələcəkdə baş tuta biləcək geniş miqyaslı layihələrin təməlini qoyur.

Tədbirdə həmçinin Kənd Təsərrüfatı Nazirliyinin “Heyvandarlığın təşkili və monitorinqi” şöbəsinin müdiri Bayandur Rzayev, Aqrar Xidmətlər Agentliyinin sədr müavini Eldar Həsənov və başqaları müasir dövrdə bütün sahələrdə olduğu kimi kənd təsərrüfatının da inkişafında da yeni texnologiyaların, innovasiyaların tətbiqinin əhəmiyyətini qeyd ediblər.

Tədbirdə İNPRO, WHYBIZ, ENEY şirkətləri tərəfindən “SmartFarm texnoloji tətbiqinin təqdimatı”, “Cloud sistemi” və digər mövzularda təqdimatlar keçirilib.

Sonda Cənubi Koreyanın Ticarət və İnvestisiyaların Təşviqi Agentliyi (KOTRA), İNPRO, WHYBIZ, ENEY şirkətlərinin nümayəndələri ilə memorandum imzalanıb.

Qeyd edək ki, cari ilin aprel ayından başlayaraq Cənubi Koreyanın Ticarət və İnvestisiyaların Təşviqi Agentliyi (KOTRA) ilə müxtəlif layihələrin həyata keçirilməsi məqsədilə mütəmadi görüşlər keçirilib.

 

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top