“Ölkəmizdə aparılan kadr siyasəti əlbəttə ki, Azərbaycan iqtisadiyyatının, sənayesinin və digər sahələrin birbaşa inkişafına yönəldilib. Bu kadr dəyişiklikləri nəticə etibarilə Azərbaycan vətəndaşının rifahının yüksəlməsinə, əmin-amanlığına xidmət edən amillərdəndir”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Jalə Əliyeva deyib.
Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin ölkədəki bütün sahələrdə, o cümlədən, kadrların təyinatı sahəsində həyata keçirdiyi islahatlar çox uğurludur: “Biz bu uğurlu kadr siyasətinin nəticəsini gündəlik həyatımızda görə bilirik. Azərbaycan dövləti möhkəm təməllər üzərində qurulub. Bu dövlət və dövlətçilik Ulu Öndər Heydər Əliyevin bizlərə ərmağanıdır. Azərbaycan dövlətinə sadiq olan bacarıqlı kadrlar hər zaman diqqət mərkəzindədir. Onların bacarığı ölkə başçısı tərəfindən qiymətləndirilir və xalqa xidmət üçün yüksək vəzifələrə təyin edilirlər.
Düşünürəm ki, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən kadr siyasəti nümunəvidir. Əminik ki, yeni vəzifələrə təyin olunan şəxslər bugünədək olduğu kimi bundan sonra da xalqın etimadını doğruldacaqlar. Bununla da onlar həm xalqa, həm də dövlətə xidmət etmiş olacaqlar. Prezidentin həyata keçirdiyi “dəmir yumruq” siyasətinə sadiq qalaraq ölkəmizin bundan sonrakı inkişafında müstəsna rol oynayacaqlar”.