ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN ANADAN OLMASININ 100 İLİ TAMAM OLDU ŞƏRQDƏ İLK OLARAQ AZƏRBAYCANDA ÖLÜM CƏZASINI TAMAMİLƏ LƏĞV EDƏN LİDER

SİYASƏT 20.05.2023 3211
İlqam HƏSƏNQULİYEV, Zərdab Rayon Məhkəməsinin sədri Xalqımız görkəmli siyasi və dövlət xadimi, müasir Azərbaycanın qurucusu, ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyini geniş qeyd etdi. Bu münasibətlə Prezident İlham Əliyevin imzaladığı Sərəncamla 2023-cü ilin Azərbaycan Respublikasında “Heydər Əliyev ili” elan edilməsi ulu öndərin əziz xatirəsinə dərin ehtiramın ifadəsi olmaqla hər bir soydaşımız, bütövlükdə dünya azərbaycanlıları tərəfindən böyük rəğbətlə qarşılanıb. Mənalı ömrünü doğma Vətəninə və millətinə fəda edərək adını müasir Azərbaycan tarixinə əbədi həkk etdirmiş ümummilli lider müstəqilliyimizin xilaskarı, milli dövlətçiliyimizin memarı və demokratik hüquqi dövlətin banisi olmaqla qədirbilən xalqımız tərəfindən daim yad edilir, misilsiz xidmətləri dərin minnətdarlıqla qeyd olunur. Tarixdə çox az dövlət xadimi tapılar ki, ölkənin hərtərəfli inkişafı onun adı ilə bağlı olsun. Ulu öndər Heydər Əliyev Tanrının Azərbaycan xalqına bəxş etdiyi nadir tarixi şəxsiyyətlərdəndir. Xalqımızın böyük oğlu Heydər Əliyevin 1969-cu ildə Azərbaycanın rəhbərliyinə gəlişindən sonra ölkəmizin bütün sahələrində yeni mərhələ başlandı, hərtərəfli canlanma yaşandı. Milli-mənəvi və əxlaqi dəyərlərə söykənən genişmiqyaslı tədbirlər həyata keçirildi və bunun nəticəsi kimi insanlarda milli ruh, özünüdərkin oyanışı formalaşmağa başladı. Heydər Əliyev ölkədə hüquqi dövlətə xas olan qanunçuluğun, ədalət və hüquq qaydasının təmin olunması sahəsində qətiyyətli və cəsarətli addımlar atdı, gələcəyə hesablanan ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirdi. Milli qürur hissinin və milli şüurun yüksəlməsi həm sosial-iqtisadi, həm elmi və mədəni, həm də ictimai həyatın digər sahələrinin dirçəlişinə bünövrə oldu. Ulu öndər Heydər Əliyevin o illərdə həyata keçirdiyi islahatlar sonradan milli dövlətçilik ideyalarının əsasında duran ana xəttə çevrildi, xalqın bir ideya ətrafında birləşməsinə şərait yaratdı. Azərbaycanın hazırkı siyasi və iqtisadi müstəqilliyi, dünyaya inteqrasiyası məhz ötən əsrin 70-80-ci illərində təməli Heydər Əliyev tərəfindən qoyulmuş möhkəm potensiala əsaslanır. Xalqımızın müstəqilliyi və azadlığı uğrunda gedən mübarizəsinin uğuru da ulu öndərin fədakar siyasi fəaliyyətinin nəticəsində əldə olundu. Bu yolda ağır vəziyyətdə olan ölkəsinin, xalqının xilası naminə 1993-cü ilin iyununda yenidən hakimiyyətə qayıdan Heydər Əliyev Azərbaycanın müstəqilliyinin əbədiliyini və dönməzliyini təmin etdi, xalq-dövlət birliyini, ictimai-siyasi sabitliyi və iqtisadi dirçəlişi təmin etməklə, demokratik hüquqi dövlət quruculuğunu özünün dövlətçilik strategiyasının prioritet istiqaməti kimi müəyyənləşdirdi. Ümummilli Lider Heydər Əliyev demokratik cəmiyyət və hüquqi dövlətin ən vacib atributlarından olan insan hüquq və azadlıqlarının müdafiəsi üçün tarixi xidmətlər göstərdi. Hakimiyyətə qayıtdıqdan dərhal sonra insan hüquq və azadlıqları sahəsində ən vacib sayılan insanın yaşamaq hüququnun təmin edilməsi ilə bağlı önəmli addım atdı, Azərbaycanda ölüm hökmünün icrasına moratorium qoydu. 1998-ci il fevralın 10-da isə ulu öndərin təşəbbüsü ilə Şərqdə ilk dəfə olaraq Azərbaycanda ölüm cəzası tamamilə ləğv edildi. Bununla bağlı ümummilli lider deyirdi: “Mən cinayət-hüquq siyasətini hərtərəfli təhlil edərək, ədalət, azadlıq, humanizm və insanpərvərlik kimi yüksək ideallara sadiq qalaraq ölkəmizdə ölüm cəzasının ləğv edilməsi qənaətinə gəlib bu tarixi bəyanatı vermişəm”. Bu qərar bütün dünyaya bir daha bəyan etdi ki, Azərbaycan hüquqi-demokratik dövlət quruculuğu yolu ilə inamla addımlayır. Demokratik hüquqi dövlət quruculuğunda ulu öndər Heydər Əliyevin ən böyük əməyi müstəqil Azərbaycanın ilk Konstitusiyasının hazırlanması və qəbul edilməsi oldu. Ümummilli liderin müəllifi olduğu və 1995-ci il noyabrın 12-də Azərbaycanın tarixində ilk dəfə olaraq ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil dövlətimizin Konstitusiyasında insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi dövlətimizin ali məqsədi kimi bəyan olundu. Ulu öndər hesab edirdi ki, demokratik dəyərləri üstün tutan, haqq və ədalətin bərqərar olunduğu dövlət qurmaq istəyən hər bir ölkə, hər bir xalq üçün konstitusiya birinci dərəcəli əhəmiyyət daşıyır. Dahi öndərin bilavasitə rəhbərlik etdiyi komissiya tərəfindən hazırlanmış Konstitusiya tarixi əhəmiyyətə malik sənəd kimi ölkəmizdə insan və vətəndaş hüquq və azadlıqlarına lazımi təminatlar yaratmaqla hüquqi dövlət quruculuğunun möhkəm təməlini qoydu.
Ümummilli liderin 1998-ci il fevralın 22-də imzaladığı "İnsan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında" Fərmanı və 1998-ci il 18 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş "İnsan hüquqlarının müdafiəsinə dair" Dövlət Proqramı ölkədə həyata keçirilən hüquqi islahatlar sırasında xüsusilə vacib əhəmiyyət daşıyırdı. Eyni zamanda, bu sahədə mühüm institusional islahatlar aparıldı, "İnsan hüquqları üzrə müvəkkil (ombudsman) haqqında" Qanun qəbul edilərək ölkədə Ombudsman institutu yaradıldı. Dahi öndər Heydər Əliyevin demokratik hüquqi dövlət quruculuğunda müstəsna xidmətlərindən biri hüquqi dövlətə xas olan müstəqil məhkəmə hakimiyyətinin yaradılmasıdır. Bununla bağlı ümummilli liderin rəhbərliyi ilə ölkədə köklü islahatlar aparılaraq ilk növbədə məhkəmə fəaliyyətini tənzimləyən yeni qanunlar və məcəllələr hazırlanıb qəbul edildi. İslahatlar nəticəsində keçmiş sovetlər birliyindən miras qalmış məhkəmə sistemi ləğv olunaraq insan hüquqlarının etibarlı təminatına xidmət edən üçpilləli yeni məhkəmə hakimiyyəti bərqərar edildi. Məhkəmə islahatlarının həyata keçirilməsinin çox böyük əhəmiyyət kəsb etdiyini vurğulayan ulu öndər deyirdi: “Biz hüquqi dövləti, demokratik dövləti yaradırıq və onu pillə-pillə yüksəkliklərə qaldırırıq. Bunun da ən prinsipial hissəsi məhkəmə sistemində islahatların keçirilməsi, bütün məhkəmə sisteminin beynəlxalq hüquq normalarına uyğunlaşdırılmasıdır”. Həmçinin ölkədə hakim korpusunun formalaşmasında tamamilə yeni üsul və metodlardan istifadə edilmiş və hakim vəzifəsinə ədalətli və şəffaf seçim məhkəmə-hüquq islahatlarının keyfiyyətlə aparılmasına təminat verdi. Həmin dövrdə şəffaf prosedurlar əsasında və beynəlxalq standartlara uyğun keçirilən təyinatlar yolu ilə hakimlər korpusu 60 faiz yeniləndi. Beləliklə, ümummilli liderin dühası ilə bərqərar edilmiş yeni məhkəmə sistemi 2000-ci ildən fəaliyyətə başladı. Təməli dahi öndər Heydər Əliyev tərəfindən qoyulmuş mütərəqqi məhkəmə-hüquq islahatları bu gün də uğurla davam etdirilərək özünün müasir inkişaf dövrünü yaşayır və ölkəmizin hərtərəfli tərəqqisinə uyğun olaraq təkmilləşir. Dövlətçilik salnaməsində silinməz izlər qoymuş, azərbaycanlı olması ilə ömür boyu fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan Heydər Əliyev bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilir. Xalqımız onun əziz xatirəsini həmişə uca tutur və minnətdarlıqla anır, yenidən hakimiyyətə gəldiyi günü Azərbaycan Respublikasının dövlət bayramı - Milli Qurtuluş günü kimi qeyd edir. Ulu öndərin şah əsəri olan müstəqil Azərbaycan dövləti Heydər Əliyevin siyasi varisi, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müstəqil və uzaqgörən siyasəti sayəsində inamla irəliləyir və yeni-yeni uğurlara imza atır. Dövlət başçısının rəhbərliyi ilə qazanılan möhtəşəm nailiyyətlər və tarixi qələbələr Heydər Əliyev ideyalarının təntənəsidir. Xalqımızın milli sərvəti olan Heydər Əliyev irsi Azərbaycanın bu günü və gələcəyi üçün yeni imkanlar açır və qəti əminik ki, əbədiyaşar liderin miras qoyduğu zəngin və çoxşaxəli dövlətçilik irsi heç zaman tükənməyəcək və daim öyrənilərək ondan bəhrələniləcək.
Mənbə Əkinçi qəzeti.
Coşqun Abdullayev
XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top