YAP xalqın inamının ifadəsidir-Jalə Əliyeva

SİYASƏT 24.11.2022 2442

Azərbaycanın XX əsrin sonlarında düşdüyü ağır siyasi və iqtisadi böhran vəziyyəti Heydər Əliyev kimi xilaskar şəxsiyyətin ölkəyə rəhbərlik etməsini zərurətə çevirmişdi. Məhz bu dönəmdə əslində bütün Azərbaycan xalqının arzu və istəklərinin ifadəsi olan, tarixə "91-lər"in müraciəti kimi daxil olmuş sənəd 91 nəfər Azərbaycan ziyalısının imzası ilə Naxçıvana, Heydər Əliyevə göndərildi. Sənəddə Heydər Əliyevdən yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etməsi xahiş olunurdu. Həmin dövrdə mövcud olan çətinliklərə, maneələrə baxmayaraq 1992-ci il noyabrın 21-də Heydər Əliyevin Sədrliyi ilə Naxçıvanda keçirilmiş təsis konfransında Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar, partiyanın Proqram və Nizamnaməsi qəbul edildi. Heydər Əliyev bu addımı ilə öz siyasi bacarığını, çoxillik idarəçilik səriştəsini əsirgəmədən xalqının firavanlığı və dövlətinin müstəqilliyi yolunda yorulmadan xidmətdə olduğunu bir daha sübut etdi.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini, filologiya elmləri doktoru, professor Jalə Əliyeva söyləyib.
Deputat bildirib ki, YAP-ın təsis konfransından yeddi ay keçəndən sonra Heydər Əliyev xalqın tələbi ilə Bakıya dəvət edildi, parlamentin sədri seçildi, 11 ay keçəndən sonra - oktyabr ayında isə Azərbaycan Respublikasının Prezidenti seçildi.
Göründüyü kimi, YAP haqqında danışarkən, ilk növbədə, ümummilli liderimiz Heydər Əliyev yada düşür, Ulu Öndərin Azərbaycan xalqı və dövləti qarşısındakı misilsiz xidmətləri, şübhəsiz, hər bir Azərbaycan vətəndaşı tərəfindən qürurla, dərin ehtiram hissi ilə anılır.
Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi, mədəni həyatının elə bir sahəsi yoxdur ki, o sahənin inkişafı Ulu Öndərin adı ilə bağlı olmasın.
1994-cü il sentyabrın 20-də Bakı şəhərində neft hasilatı üzrə ixtisaslaşmış, yüksək nüfuza malik dünya dövlətlərini təmsil edən 12 iri neft şirkəti arasında Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının birgə istismarına dair “Əsrin müqaviləsi”nin imzalanması Heydər Əliyevin rəhbərliyi ilə aparılmış məqsədyönlü iqtisadi siyasətin ən mühüm uğurlarından biri olub. Bu müqavilə Azərbaycan iqtisadiyyatının gələcək inkişafı üçün geniş perspektivlər açıb. Heydər Əliyevin neft strategiyası dövlətimizin müstəqilliyinin qarantına çevrilməklə yanaşı, azad iqtisadi münasibətlər mexanizmlərini də hərəkətə gətirmiş, ölkəmizin dünya iqtisadi məkanına dinamik inteqrasiyasını, xalqımızın rifahının artması üçün çox önəmli xarici sərmayələrin cəlb olunmasını təmin edib.
“Heydər Əliyevin müəllifi olduğu, 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyasında hüquqi dövlətin bütün prinsipləri - qanunun aliliyi, insan hüquqlarının müdafiəsi, hakimiyyət bölgüsü, konstitusiya nəzarəti prinsipləri təsbit olundu, insan haqlarının təmininin dövlətin ali məqsədi kimi bəyan edilməsi hüquqi dövlət quruculuğunun özünütəsdiqinə, məhkəmə-hüquq islahatlarının bünövrəsinə çevrildi”, - deyə deputat vurğulayıb.
Vurğulanıb ki, Heydər Əliyevin siyasi müdrikliyi, iradəsi və qətiyyəti, mükəmməl idarəçilik qabiliyyəti sayəsində dövlət müstəqilliyini bərpa etmiş Azərbaycan keçid dövrünün çətinliklərini uğurla arxada qoyaraq, 1996-cı ildən etibarən yenidən dirçəliş mərhələsinə daxil oldu. 1996-2003-cü illərdə makroiq¬tisadi göstəricilər 2-3 dəfə artdı və ümumən Ulu Öndərin 1993-2003-cü illərdə rəhbəri olduğu bütün tədbirlər inkişaf, rifah, tərəqqinin Azərbaycan modelinin yaradılması ilə nəticələndi.
Göründüyü kimi, Yeni Azərbaycan Partiyasının Proqramında irəli sürülmüş dövlət müstəqilliyinin möhkəmləndirilməsi, demokratik, hüquqi, dünyəvi dövlətin qurulması, vətəndaşların dinc və firavan həyatının təmin edilməsi vəzifələri, Partiya məfkurəsinin əsasını təşkil edən müstəqil dövlətçilik, qanunçuluq, azərbaycançılıq, yaradıcı təkamül, vətəndaş həmrəyliyi və sosial ədalət prinsipləri məhz ulu öndərin siyasi fəaliyyətində təzahürünü tapdı.
J.Əliyeva diqqətə çatdırıb ki, bu gün Ulu Öndərimizin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən islahatlar, təşəkkül tapmış beynəlxalq münasibətlər Azərbaycanın parlaq və çiçəklənən gələcəyinin qarantı kimi qəbul edilməkdədir. Xüsusilə Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi nəticəsində 30 ildir düşmən tapdağı altında əsir olmuş əzəli və əbədi Azərbaycan torpaqlarının, Qarabağ diyarının azad edilməsi təkcə Azərbaycanın hərbi gücünün deyil, eyni zamanda dövlət-vətəndaş birliyinin öz təntənəsini yaşamasına səbəbiyyət verdi. Prezident İlham Əliyevin Qarabağın düşmən işğalından azad edilməsini ata vəsiyyəti kimi qəbul etməsi dahi şəxsiyyət Heydər Əliyevin bu məsələyə verdiyi önəmin bariz nümunəsidir.
“Böyük iftixar hissi ilə bildiririk ki, indiyə qədər iqtisadi, sosial, siyasi, mədəni sahələrdə əldə edilən nailiyyətlər, beynəlxalq əməkdaşlıqlar Qarabağ zonasının çoxşaxəli potensialının dəyərləndirilməsi ilə birlikdə respublikamızın daha da abadlaşması, dünya standartlarına uyğun və hətta standartların üstündə təkamül etməsi ilə stimullaşdırılacaq, ölkəmiz dünyanın ən mühüm güc mərkəzlərindən birinə çevriləcək”, - deyə deputat vurğulayıb.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top