Borrel: “Aİ Rusiyadan yan keçməklə yeni nəqliyyat dəhlizlərinin yaradılmasının tərəfdarıdır”

SİYASƏT 21.11.2022 1504

“Avropa İttifaqı Mərkəzi Asiya ölkələri ilə iqtisadi əməkdaşlığı, o cümlədən Rusiyadan yan keçən yeni nəqliyyat dəhlizlərinin tikintisi hesabına genişləndirmək niyyətindədir”.

Bunu Aİ-nin Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrell deyib.

Onun sözlərinə görə, Rusiya və Çin Mərkəzi Asiyada mühüm rol oynamaqda davam edirlər. Eyni zamanda, bu region ölkələri Aİ-ni ən uyğun tərəfdaş hesab edərək, ticarət və xarici siyasət əlaqələrini şaxələndirməyə çalışırlar. Aİ isə öz növbəsində bu dəyişikliklərdən yararlanmaqda maraqlıdır.

“Biz regionla əlaqələri dərinləşdirməli, onun enerji təchizatı, mühüm xammal tədarükü və Rusiyadan asılı olmayan yeni nəqliyyat dəhlizlərində təmsil olunan nəhəng potensialından istifadə etməliyik”, - deyə Avropa diplomatiyasının rəhbəri öz bloqunda yazıb.

Xüsusilə, söhbət Transxəzər beynəlxalq nəqliyyat marşrutundan gedir, onun inkişafı Borrelin Qazaxıstana son səfəri zamanı müzakirə olunub.

O qeyd edib ki, Aİ artıq Mərkəzi Asiyanın əsas ticarət və investisiya tərəfdaşlarından biridir.

“Son on il ərzində Aİ regiona 100 milyard avrodan çox sərmayə qoyub və bu, bizi Rusiya və Çini xeyli qabaqlayaraq ən böyük birbaşa xarici investisiya mənbəyinə çevirib”, - deyə o əlavə edib.

Mənbə: TASS

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top