Oğuzda uzun illərdir təmir olunmayan yol yararsız vəziyyətə düşüb - FOTO

GÜNDƏM 13.11.2022 1540

Oğuz rayonunun Calut kəndinə qədər olan dörd km-lik yol uzun illər təmir edilmədiyindən yararsız vəziyyətə düşüb.

Bu barədə “Report”un Şimal-qərb bürosuna Calut kənd sakinləri məlumat veriblər.

Sakinlərin sözlərinə görə, sonuncu dəfə yol keçən əsrin 90-cı illərində asfaltlanıb:

“Asfalt örtüyü keyfiyyətini itirib və çalalar əmələ gəlib. Kənddə hərəkətin ən çətin olduğu ərazi “Vəng” adlanan məhəllədir. Dağlardan gələn yağış suları, demək olar ki, yolu yuyub və yamacda təhlükəli vəziyyət yaranıb”.

2 300 nəfərdən artıq əhalinin yaşadığı Calut sakinləri deyirlər ki, Oğuz-Calut marşrutu üzrə işləyən avtobus da kəndin mərkəzinə qədər gəlir. Səbəb isə yuxarı məhəllənin yolunun keçilməz olmasıdır.

Vəziyyəti acınacaqlı olan dağ yolunun darlığı və qayalıq ərazidən keçməsi isə ayrıca problemdir. Sakinlərin sözlərinə görə, dağlardan qoparaq gələn qaya parçaları tez-tez avtomobil yoluna tökülür.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli “Report”un yerli bürosuna bildirib ki, altı yaşayış məntəqəsini əhatə edən və 31 km uzunluğa malik Mollalı-Dəymədərə-Yemişənli-Qarabaldır-Calut-Malıx avtomobil yolunun yenidən qurulması “Regionların sosial-iqtisadi inkişafı” Dövlət Proqramına daxil edilib. Maliyyə vəsaiti ayrılan kimi Calut yolunun yenidən qurulması agentlik tərəfindən tam olaraq təmin olunacaq.

 







XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top