Molla rejiminin terror diplomatiyası

CƏMİYYƏT 10.11.2022 1578

Diplomatiya - diplomatik toxunulmazlıq vasitəsilə beynəlxalq münasibətləri inkişaf etdirmək üçün istənilən ölkənin ən mühüm xarici siyasət alətidir.

Ölkələr BMT-də və beynəlxalq təşkilatlarda, həmçinin səfirlikləri və konsulluqları olan ölkələrdə müxtəlif siyasi baxışlarını müzakirə edə bilirlər.

İstənilən ölkədə Xarici İşlər Nazirliyi və xarici siyasət idarəsi dünya dövlətlərinin gözündə o ölkənin simvoludur. Ölkələr öz iqtisadiyyatını və mədəniyyətini inkişaf etdirmək üçün diplomatiya yolu ilə maksimum fayda əldə etməyə çalışırlar. Və bildiyimiz kimi, hər bir ölkə öz uzunmüddətli maraqlarından çıxış edərək Xarici İşlər Nazirliyi qarşısında qısamüddətli və uzunmüddətli hədəflər qoyur.

Amma İran hökuməti yarandığı gündən açıq şəkildə bəyan edib ki, “biz heç bir sərhəd, dil və irq tanımırıq” və buna görə də “İslam İnqilabının ixracı”nı öz xarici siyasətinin əsasına çevirib. İran rəsmiləri ölkədə mühüm vəzifələrə yiyələnmək, habelə diplomatları seçmək üçün meyar kimi “vilayət-e fəqih”ə (İranın ali dini rəhbəri) sadiqlik variantını seçdilər. Aqressiv ideologiyalarını yaymağa başlamağın ilk addımı kimi isə SEPAH-ın Qüds qanadını təsis etdilər. İranın xaricdə hərbi və terror fəaliyyətini öz üzərinə götürmüş qüvvə üçün bu adın seçildiyini nəzərə alsaq, aydın olur ki, niyə şiə imamlarının məqbərələri Nəcəf, Bağdad, Samirə, Kərbəla və Məşhəd kimi şəhərlərdə olarkən, SEPAH-ın xarici ölkələrdə əməliyyatlar həyata keçirən qanadına Qüds adı verilib? Görünür, bu adın seçilməsində məqsəd İranın qonşu və “vilayət-e fəqih” siyasətinə loyal dövlətlərin ərazisində daha çox dominantlıq əldə etmək və hökmranlıq etməkdir. Bu adın arxasında duran siyasət, həm də SEPAH-ın fəaliyyəti sübut etdi ki, onun Qüds qanadı üçün zaman, irq və sərhədlər önəmli deyil, ona görə də molla rejiminin terror siyasətini qəbul edən istənilən şəxs və qrup ona qucaq açacaq.

İran rejimi bölgədə xaos və böhran yaratmaq və davam etdirmək üçün narazı şiə alimlərinə qarşı digər şiə ekstremist qruplara, sünnilərə qarşı şiə silahlı qruplaşmasına, digər sünni qrupları əleyhinə sünni fundamentalist radikal qruplaşmasına, xristianlara qarşı yəhudi ekstremist qrupuna və s. maddi və siyasi dəstək verib ki, həmin qruplaşmalar öz rəqiblərinə sui-qəsd təşkil etsinlər. Çünki qeyri-sabitlik və böhranın olması bütün siyasi və iqtisadi sahələrə daha çox və daha yaxşı nəzarət edə bilməsi üçün İrandakı hakim tiraniyanın xeyrinədir.

İranın daxili təhlükəsizliyini təmin etmək üçün SEPAH-ın Qüds qanadı xeyli maddi və siyasi imkan sərf edərək rejimə müxaliflərin aradan götürülməsini gündəmə gətirib. Tehran rejimi qorxu, vəhşət və terrora əl atmaqla öz müxaliflərini sıxışdırır və onları sıradan çıxarır. SEPAH-ın Qüds qanadı terror aktları həyata keçirmək üçün İranın müxtəlif ölkələrdəki səfirlik və konsulluqlarından pərdə kimi istifadə edir. Hər bir İran səfirliyi və konsulluğunda terror əməliyyatlarının planlaşdırılması, monitorinqi və həyata keçirilməsi üçün xüsusi bölmə var. Sui-qəsd əmri son mərhələdə “Xüsusi komitə”nin nəzərdən keçirməsindən sonra “vilayət-e-fəqih” tərəfindən verilir.

Molla rejiminin dövlət terrorunun tarixi xarici şəxslərə və mərkəzlərə qarşı törədilən partlayışların siyahısı ilə doludur. Məsələn, 18 aprel 1983-cü ildə ABŞ-nin Beyrutdakı səfirliyi qarşısında 900 kiloqram partlayıcı ilə bomba dolu yük maşınının partlaması nəticəsində 63 nəfər ölüb, 120-dən çox adam yaralanıb. Habelə 1994-cü ildə Argentinada yəhudi mərkəzində törədilən terror aktı 85 nəfərin həlak olması ilə nəticələnib. 1996-cı ildə Səudiyyə Ərəbistanındakı Əl-Xəbər mərkəzində baş verən terror partlayışı 19 ABŞ əsgərinin ölümü və 400 nəfərin yaralanmasına səbəb olub. 2012-ci ildə Tailandın Banqkok və Hindistanın Dehli şəhərlərində İsrail diplomatlarına sui-qəsd edilib.

Burada əsas məqam odur ki, niyə İranın terror aktları törətməsi üçün bu qədər şərait yaranıb ki, istədiyi vaxt və anda siyasi rəqiblərini öldürə, ya onları tallium zəhəri ilə zəhərləyə, ya da bombalı hücumla məhv edə bilər? Həqiqət budur ki, terror sərhəd tanımır və xüsusən də İran kimi bir rejim nəhəng neft və yeraltı sərvətləri sayəsində iqtisadi gücə malik olarsa, milli sərvətlərini öz ölkəsinin inkişafı və rifahına xərcləmək əvəzinə, onu ticarət müqavilələri adı altında rejimə ən çox müxaliflərin yaşadığı ölkələrə verir. Bu ölkələr də terror qruplaşmaları yaratmaqla öz totalitar və siyasi rəqiblərinə sui-qəsd etmək kimi qeyri-insani məqsədlərinə çatmağa çalışırlar. Bu dağıdıcı siyasətə dəstəyin davam etdirilməsi ölkədə xalqın gündən-günə yoxsullaşmasına, gəlirlərinin aşağı düşməsinə, inflyasiya, işsizlik, narkomaniya, hüquq pozuntuları və sosial cinayətlərin statistikasının getdikcə artmasına, molla rejiminin imicinin isə xaricdə getdikcə daha da mənfurlaşmasına səbəb olub.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top