Millət vəkili Jalə xanım Əliyeva Ucarın Bərgüşad və Lək kəndlərində şəhid ailələrini ziyarət edib-Foto

SİYASƏT 08.11.2022 2895
Jalə xanım Əliyeva Bərgüşad kəndində şəhid Niftalı Mehdilinin, Şahı Məmmədlinin, Samir Qəfərlinin və Lək kəndində Xəyal Cəbrayılovun ailələrini ziyarət edib.
Şəhid Niftalı Mehdilinin stası Qnyaz kişinin, anası Şirmayə xanımla və ailə üzvləri ilə çay süfrəsi arxasında söhbət edib, problemlərilə maraqlanıb. Ailə üzvləri oğlunun vəfatından sonra ağır xəstəliyə düçar olan Şirmayə xanımın müalicəsində müsbət dəyişikliklərin olduğunu bildiriblər və şəhid anasının müalicəsinə göstərdiyi dəstəyə, nadir tapılan dərmanların təmin edilməsində köməkliyinə görə millət vəkilinə minnətdarlıqlarını ifadə ediblər. Jalə Əliyeva şəhid ailələrinə və qazilərə dövlət qayğısından söz edib, görülən bütün işlərin Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın bir başa diqqəti və tapşırığı ilə həyata keçirildiyini vurğulayıb.
Şəhid Şahı Məmmədlinin atası Elman müəllimlə, həyat yoldaşı Leyla xanımla görüşündə, onun qəhrəmanlığından danışaraq nümunəvi həyat yolunu xatırlayıblar. Şahının şəhidliyə ucaldığı günlərdə beşikdə olan balaca Ömər artıq 2 yaşındadır. Hələ nələr olub bitdiyini dərk edəcək qədər böyüməyib. Böyüdükcə, dərk etdikcə, başını dik tutacaq, sinəsini qabardacaq, mən Şəhid oğluyam, deyəcək! Ömər balamız və bütün şəhid övladları Vətənə, bizlərə əmanətdir!
Şəhid Samir Qəfərlinin 31 oktyabr 2020-ci il Samirin şəhadətə qovuşduğu gündür. Samir anasını erkən itirib. Atası Möhlət kişi uzun illər ölkədən kənarda işləyib. Samir, hər zaman onun yanında olan əmisi Buludu da ata gözüylə görüb. Bu gün Zəfər bayramı ərəfəsində igid Samir balamızın böyüyüb boya başa çatdığı evə gedərkən, Bulud qardaşa da bir daha başsağlığı verdik, bütün şəhidlərimizə Tanrıdan rəhmət dilədik.
Lək kəndində şəhid Xəyal Cəbrayılovun ailəsini də ziyarət edərkən, Rafiq qardaşla, Səbirə bacı ilə Xəyalın uşaqlığından, ilk gənclik dövrlərindən söhbət açdıq. Xəyalın ən böyük xəyalının torpaqlarımızın azadlığı olduğunu deyən Səbirə bacı, onun yoxluğuna hələ də inanmır. Gözü yoldadır... Gözü yaşlıdır... Amma qürurludur! Oğluyla fəxr edir! Ailənin ən balaca üzvləri də Xəyalın şəklinin önünə qaçıb, "bu bizim dayımızdır!" deyib, öyünürlər.
Çay süfrəsi arxasında şəhidlərin ruhuna dualar oxunub, qazilərimizə Allahdan şəfa dilənilib.




XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top