“Mənə yaxın durmadı” - “Bəxt üzüyü”nün “Seda”sının analığı ilə MÜSAHİBƏ + FOTO

GÜNDƏM 19.08.2022 1172

“Pis günümdə yanımda olmadılar. Yadların mənə göstərdiyi qayğını doğmalarımdan görmədim. Rahatlığı özgələrdə tapdım”.

Bunu Oxu.Az-a hamının “Seda” kimi sevdiyi mərhum aktrisa və müğənni Firəngiz Rəhimbəylinin ögey anası Sona Rəhimbəyli deyib.

Müsahibəni təqdim edirik:

- Sona xanım, ögey qızınız Firəngizin ölüm xəbərini necə qarşıladınız?

- Ölüm xəbərini dünən səhər saatlarında öyrəndim. Səhv etmirəmsə, bacım oğlu zəng edib, bu barədə məlumat verib. Normal qarşıladım. Ölüm haqdır. Allahdan rəhmət dilədim. Mənim öz doğma qızım da 54 yaşında rəhmətə gedib. Məni indi Allah öldürmürsə, nə edə bilərəm ki… Firəngiz isə 65 yaşında dünyadan köçdü. Başsağlığı üçün təşəkkür edirəm. Artıq nəsə danışmaq istəmirəm.

- Firəngizlə bağlı xatirələrinizi bizimlə bölüşməyinizi istərdim. Onunla bağlı xoş anları xatırlayırsınız?

- Açığı, onunla bağlı heç nə xatırlamıram. İllərdir, nə zəng edib, nə də ziyarət edib. Ondan mənə nə qız olacaq? Onun haqqında heç nə deyə bilmərəm. Firəngiz mənim yanıma gəlmirdi, kömək belə etmirdi. Qızım rəhmətə gedəndə heç bir dəfə də olsun, mənə zəng edib, başsağlığı vermədi. Ondan nə qohum olacaq ki... Onu qohumum olaraq görmürdüm. Görmək də istəmirəm. Dünyasını dəyişib. Allah rəhmət etsin!

- Anasının ölümündən sonra atasının sizinlə ailə qurmasını necə qarşıladılar?

- Atası mənim xalam oğlu idi. Bununla yanaşı, həm də göbəkkəsdim idi. Amma mənimlə ailə həyatı qurmadı. Firəngizin anası ilə evləndi. Onun ölümündən iki il sonra gəldi, xahiş etdi. Mən də saflığımdan razılıq verdim. Uşaqlara ürəyim ağrıdı. Bir bacı, bir qardaş idilər. Mən onlarla yaşamağa başlayanda uşaq idilər. Özümün də ilk evliliyimdən bircə qızım var idi.

Bacı-qardaş ikisinin də üstündə əziyyət çəkmişəm. Halal edirəm. Onlar qızım rəhmətə gedəndə mənə zəng edib, başsağlığı vermədilər. Ona görə onları tanımıram. 10-15 ildir ki, münasibətimiz yoxdur.

Onları özüm geyindirib, yedirtmişəm. Sanki qulluq etmək üçün məni o evə gətirdilər, kişi sonra xəstə oldu. Uşaqlarının toyunu gördü. Firəngiz ABŞ-a gedəndə atası sağ deyildi. Mən yola salıb, halallıq verdim. Nə elədimsə, hamısını halal edirəm. Bütün xatirələrimi unutmuşam.

Sona xanım, necə oldu ki, qocalar evinə üz tutdunuz?

Altı il olacaq ki, buradayam. Mənim evim var idi. Nəvəmə İsraildən iş təklifi gəlmişdi. Qızım da övladını tək buraxmadı, o da getdi. Getməmişdən öncə evimi satdım ki, o pul ilə gedib, orada ev alsınlar. Qızım elə İsraildə rəhmətə getdi. Heç görə də bilmədim. Buradan qızım xəstə gedib, başında qan damarı partlamışdı. Dörd il müalicə ilə orada qaldı. Qızımı elə orada dəfn ediblər. Bura gətirməyə qoymadılar. Ahıllar evinə bacımın oğlunun köməyi, öz istəyimlə gəlmişəm. Bizim nəsildə hələ bu yaşa çatan olmayıb. Bəlkə də, 100 yaşına qədər burada saxlayacaqlar. Çox yaşamaq istəmirəm.

- Sonuncu dəfə Firəngizi nə vaxt görmüsünüz? Həmin günü xatırlayırsız?

- Üç-dörd il bundan öncə “Bəxt üzüyü” filminin ikinci hissəsində çəkilmək üçün Bakıya gəlmişdi. Gəldi, mənə də baş çəkdi. Yad biri kimi gəldi. Heç mənimlə görüşmədi. Otağıma belə baş çəkmədi. Rəfiqəsi ilə gəlmişdi. Qızını heç görməmişəm.

- Ən böyük uğuru “Bəxt üzüyü” filmində aldığı rol oldu. O filmə çəkilməsini xatırlayırsınızmı?

Hərənin öz zövqü var. Ona da nə deyiblərsə, onu edib. Lakin bəyənməmişdim. Firəngizin çox gözəl səsi var idi. Azərbaycan mahnılarını peşəkarlıqla ifa edirdi. Nəsildə oxuyan yox idi... Bir tək qızım pianoda gözəl ifalar edirdi.

- Firəngizin ürək xəstəliyindən əziyyət çəkdiyi ilə bağlı məlumatlar var. Xəstə olduğunu bilirdinizmi?

Firəngizin xəstə olduğunu eşitmişdim. Özlüyümdə şəfa diləmişdim. Əlaqəmiz yox idi deyə özünə deməmişdim. Zəng etmirdi, ona görə deyə bilmədim.

- Qardaşı haqqında, demək olar ki, heç bir məlumat yoxdur. Ögey oğlunuzu necə xatırlayırsınız?

Firəngizin qardaşı saatsaz idi. Xuliqan olmayıblar. Qabiliyyətli uşaqlar idilər. Çingiz çox mehriban idi. Onlar ABŞ-da yaşayırdılar. Çingizlə, səhv etmirəmsə, iki gün bundan öncə danışmışdım. Çingizin yoldaşı Rəna da məni çox sevir, biz bir-birimizə hər zaman yaxşı olmuşuq.

Amma nə olsun ki, yadların göstərdiyi qayğını doğmalarımdan görmədim. Başqaları mənə böyük hörmət edirlər. Yadlar görüşümə gəliblər, amma onlar gəlmədilər.

Nəzrin Vahid
Daha çox foto burada: Photostock.az

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top