MİQ-lə bağlı qalmaqal: Dövlət imtahanından keçənləri niyə yenidən sınağa çəkirlər? - FOTO

GÜNDƏM 20.07.2022 1337

“Bir halda ki bizim dövlət universitetlərimiz var, orada insanlar təhsil alırlar, təhsilin sonunda isə dövlət imtahanı keçirilir və tələbələrin bilik səviyyələri yoxlandıqdan sonra diplom verilir, bəs onda niyə verilən diploma qarşı bu qədər biganəlik, etibarsızlıq var? Özü də orada nəinki ali məktəbin, hətta dövlətin nümayəndələri də iştirak edirlər. Amma bunlara rəğmən, hamıdan işə qəbul zamanı təzədən imtahan götürülür”.

Bu sözləri son günlər MİQ imtahan sualları ətrafında yaranan qalmaqalla bağlı Oxu.Az-a danışan əməkdar elm xadimi, professor Şahlar Əsgərov deyib.

Məlumat üçün qeyd edək ki, iyulun 15-də Azərbaycan Respublikası Təhsil İnstitutu müəllimlərin işə qəbulu üzrə imtahan keçirib. İmtahandan dərhal sonra isə sosial şəbəkələrdə sualların satılması yönündə iddialar səsləndirilib. Bundan sonra ARTİ tərəfindən araşdırma başladılıb və məlum olub ki, sualların tərtibi ilə məşğul olan müəllimlərdən Siracəddin Quluzadə imzaladığı məxfilik müqaviləsini nəzərə almadan test tapşırıqlarını müəllim hazırlıq mərkəzlərindən birinə verib.

Narazılığı artıran digər məqam isə Azərbaycanda test tərtibinə kifayət qədər vəsait ayrılıb, mütəxəssis cəlb olunduğu halda, əvvəlki illərin suallarından istifadənin bəzi təhsil ekspertləri tərəfindən fotofaktlarla sübuta yetirilməsidir. Həmçinin Türkiyənin test vəsaitlərindən sual götürməklə bağlı məsələ də birmənalı qarşılanmayıb.

Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, fəlsəfə doktoru İlqar Orucov mövzu barədə danışarkən bu faktlarda heç bir qəbahət görmədiyini bildirib:

“MİQ imtahanında əvvəlki illərin suallarının yenidən eynilə imtahan kitabçasına daxil edilməsi faktıyla tanışam. Düzü, müəyyən oxşar sualların salınması mümkündür. Hətta eyni suallar da daxil edilə bilər, çünki bəzi suallar aktualdır, onların dəyişdirilməsinə ehtiyac qalmır.

Bundan daha çox mən MİQ imtahan suallarının çətinliyi ilə bağlı fikirlər eşitmişəm. Uzun illər müəllim olmuş şəxslər də bunu söyləyirlər. MİQ sualları ilə bağlı Təhsil Nazirliyi yanında İctimai Şura olaraq əvvəlki nazirin dövründə belə, qurumun aidiyyəti rəhbər şəxsləri ilə bir neçə dəfə müzakirələr keçirib təkliflərimizi vermişik. Düşünürəm ki, MİQ sualları primitiv olmalı deyil.  Biz müəllimlərin savadlı olmasında maraqlı olmalıyıq. Çünki gələcək nəsilləri onlar yetişdirəcəklər. Ona görə də test imtahanlarının ağırlığı başadüşüləndir”.

Ekspert hesab edir ki, bəzi ixtisaslarla bağlı təşkil edilən imtahanlarda nəinki türk, hətta alman müəllifdən də götürülmüş suallar salmaq olar:

“Çünki elə ixtisaslar var ki, orada sualı türk, ya alman müəllifdən götürməyin fərqi yoxdur. Biz bunu kimya, fizika, biologiya fənni üzrə ixtisaslaşan şəxslərin imtahanında edə bilərik. Amma Azərbaycan dili, Azərbaycan tarixi fənləri üçün edə bilmərik. Burada da hansısa qüsur axtarmağın yeri yoxdur. Mən çox istəyirəm ki, bizim orta və ali məktəblərdə çalışan müəllimlərimiz dünyanın ən savadlı müəllimləri olsunlar.

Əslində, narazılıqları başa düşürəm. Müəllimlərin işə qəbulunda vakant yerlər çox azdır, müraciət edənlərin sayı isə son illərdə kifayət qədər artıb. Ona görə də müəllim olaraq işə qəbul etdiklərimiz ən yaxşılar olmalıdır. Bizim, onsuz da, ali təhsil müəssisələrində, kolleclərdə baş verən neqativ hallar səbəbilə bu gün yerində olmayan müəllimlər var. Ona görə də Təhsil Nazirliyinin son illərdə həyata keçirdiyi işləri dəstəkləyirəm. Biz MİQ-ə sadə yanaşmalı deyilik. Bu imtahanın şəffaflığında hamı maraqlı olmalıdır. Özümüzdən Amerika kəşf etməli deyilik. Oturuşmuş təhsil tutumlu ölkələrin təcrübələrini mənimsəyib, onları tətbiq etməliyik. Müəllim ömrünün sonuna qədər diplomu hesabına işləyə biləcəyini düşünməməlidir. Dünya dəyişir, elmi-texniki tərəqqinin inkişafı sürətlənib, sürətli inkişafla ayaqlaşmaq üçün bütün peşə sahibləri öz üzərlərində çalışmalıdırlar”.

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov isə düşünür ki, məsuliyyətsizliyə yol verən müəllimlərlə bağlı çox ciddi hüquqi ölçü götürülməlidir:

“Bu, kifayət qədər ağır və mürəkkəb bir prosesdir və hesab edirəm ki, Təhsil Nazirliyinin müvafiq qurumları bu məsələni uğurla icra edə bilirlər. Amma təəssüflə qeyd etmək lazımdır ki, bir neçə gün bundan əvvəl riyaziyyat sualları ilə bağlı müəyyən çətinlik yarandı və bu günlərdə də nazirliyin müvafiq strukturları bu məsələyə aydınlıq gətirdilər ki, müəllimlərdən biri unutduğu üçün sualların açıqlamasını verib.

Bu prosesə ciddi nəzarət olmalıdır. Sualların hazırlanmasında bir sıra müəllim və ekspert iştirak edir. Onların hər biri anlamalıdır ki, bu ciddi bir işdir, xoşagəlməz halların baş verməməsi üçün müəyyən addımlar atılmalıdır. Proses təkmilləşməlidir və daha çox öz mütəxəssislərimizin hazırladığı suallara üstünlük verməliyik. Ümumiyyətlə, sual məsələsində diqqətli olmağı vacib hesab edirəm”.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top